Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-729/2022 05.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Ərizəçi maraqlı orqan Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “17 dekabr 1989-cu il tarixdən 19 yanvar 1990-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyə dair faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi maraqlı orqan Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “17 dekabr 1989-cu il tarixdən 19 yanvar 1990-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyə dair faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun yəni Ərizəçi 17 dekabr 1989-cu il tarixdən 19 yanvar 1990-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Göygöl rayonu Sarısu kənd könüllü özünümüdafiə dəstəsinin tərkibində Çaykənd və Mənəş istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməyinə dair faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsində məhkəmə müəyyən edilməsi barədə baxdığı işlərin siyahısı göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Buna görə də Ərizəçi hüquqi əhəmiyyəti olan fakt kimi birinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirakı məhkəmə qaydasında müəyyən edilə bilməz. Bununla bağlı ərizəçi, inzibati orqan sayılan Göygöl Rayon İcra Hakimiyyətinin, AR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidmətinin, habelə onun idarə və şöbələrinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Ərizəçi maraqlı orqan Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “17 dekabr 1989-cu il tarixdən 19 yanvar 1990-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyə dair faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçi izah edilsin ki, o, inzibati orqan sayılan Göygöl Rayon İcra Hakimiyyətinin, AR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidmətinin, habelə onun idarə və şöbələrinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Ağdaş Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-729/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-729/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver