Məhkəmə qərarları › İş №2(014)-734/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-734/2022

02.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-734/2022 02.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız yazılmış borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli ******* saylı və 28.01.2022-ci il tarixli ******* saylı aktlara əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş cəmi 518.40 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın X5 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmişdir, yaşadığı ünvanda təbii olaraq təbii qazdan istifadə edir və yaşadığı həyətdə çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qaza görə bildirişdə göstərilən ödənişləri heç bir zaman gecikdirməmişdir. Cavabdeh İB-nın X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən 22 avqust 2019-cu il tarixdə yaşayış evinə quraşdırılmış qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmiş və bu barədə akt tərtib etmişlər. Çıxarılan sayğac həyətdə yox, həyət divarında çöl tərəfdə quraşdırılmışdır. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir və 216 manat borc hesablanmışdır. Bundan başqa 23.07.2021-ci il tarixdə evlərində quraşdırılmış sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, 28.01.2022-ci il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən sayğacın plastmas borusu deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100 % nisbi xətayla işləməsi, boruda deşik olması, hesablama mexanizminin sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Bildirir ki, o həmin aktlarla razı deyil, belə ki, həmin sayğac evinin həyətindən kənarda yerləşdiyi, yəni küçədə quraşdırılmış hər hansı bir qprucu qutuda olmadığı üçün onun zədələnməsinə görə nə o, nə də ki, onun ailəsi məsuliyyət daşımır. Cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş akta əsasən onun abonent koduna itirilmiş qazın bərpasına görə 432 manat borc yazılmışdır. Hal-hazırda onun abonent koduna əsassız olaraq 518.40 manat borc hesablanmışdır. Hesab edir "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən ******* saylı akt və ******* saylı akt həmçinin onun adına hesablanmış 518.40 manat borc qanunsuzdur. İddiaçı məhkəmə iclasına iddia tələbinin artırılması barədə ərizə verərək bildirdi ki, Cavabdeh İB tərəfindən 28.02.2020-ci il tarixli, ******* nömrəli akta əsasən əsassız hesablanmış 216 manat və 28.01.2022-ci il tarixli ******* nömrəli akta əsasən əsassız hesablanmış 518.40 manat olmaqla cəmi 734.40 manat borcun **********30090 nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək esab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 28.02.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın çıxış plastmas borşunun deşildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 28.01.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır. sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuşdur. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İş materiallarına əlavə edilmiş 24.07.2021-ci il tarixli **********30090 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 2022-ci ilin yanvar ayına 518.40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı 2160 m3 (və ya 216 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş 28.01.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, 28.01.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı 4320 m3 (və ya 518.40 manat) ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1000 (min) manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 777.60- 220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən İddiaçı **********30090 saylı abonent koduna vurulmuş 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən 216 manat borc və 28.01.2022-ci il tarixli ******* saylı akta əsasən 518.40 manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar