Məhkəmə qərarları › İş №2(014)-755/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-755/2025

14.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-755/2025 14.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predtmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh və Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2018-ci il tarixdə Ağdaş rayon Notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş onun adından Cavabdeh ilə bağlanmış daşınmaz əmlakın bağışlanması barədə 4Ə-519 nömrəli müqavilənin etibarsız əqd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1945-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuş və 26 dekabr 1964-cü il tarixdə anadan olmuş X3, 11 yanvar 1968-ci il tarixdə anadan olmuş X14, 02 iyun 1971-ci il tarixdə anadan olmuş X15, 19 iyun 1974-cü il tarixdə anadan olmuş Cavabdeh, 24 iyul 1977-ci il tarixdə anadan olmuş X12 və 23 ssentyabr 1982-ci il tarixdə anadan olmuş X6 anasıdır. 22 oktyabr 2017-ci il tarixdə oğlu X7 vəfat etmişdir. Onun vəfatından təxminən 1 (bir) ay sonra digər oğlu bu iddia tələbi üzrə cavabdehlərdən biri olan Cavabdeh onu Ağdaş şəhərinə apararaq dedi ki, Notariat kontoruna gedib Tanrıverdinin vərəsəsi olması barədə ərizə vermək lazımdır. O, da bunu etmişdir. Bundan təxminən 6 (altı) ay sonra Cavabdeh yenə də onu Ağdaş şəhərinə apararaq dedi ki, Notariat kontorunda Tanrıverdinin ölümündən sonra qalmış evin ona keçməsi barədə sənəd almaq lazımdır. Notariat kontoruna gəldikdə oğlu dedi ki, sənədi ona vermək üçün onun sübutu kimi onun şəklini çəkməlidirlər. Şəkil çəkdirəndən sonra sənədi Mahirə vermişlər və onlar oranı tərk etmişlər. Onun artıq səksən yaşı var. Son vaxtlar tez-tez xəstələnir və hər zaman düşünür ki, ölə bilər. Bu səbəbdən keçən ilin dekabr ayında o, oğlu Tanrıverdidən ona miras qalmış evi satıb evin satışından əldə edilən pulu övladları arasında bölmək istəmişdir. Bundan bir müddət sonra onun evi satmaq istədiyini eşidən oğlu Mahir onlara gələrək, ona əsəbləşərək onun heç bir evi olmadığını və həmin evin artıq onun adına olduğunu, evi yalnız özünün sata biləcəyini ona demişdir. Oğlundan bu xəbəri eşitdikdən sonra bu ayın əvvəllərində o məsələ ilə maraqlanmış və oğlu Tanrıverdinin ölümündən sonra ona miras qalmış evin sənədlərinin hazırda Mahirin adına olduğu, buna əsas onun adına imzalanmış 22 iyun 2018-ci il tarixli 4 ə 519 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin olduğu ona məlum olmuşdur. Onun heç vaxt oğlu Tanrıverdinn evini oğlu Mahirə bağışlamaq fikri olmadığından 07 fevral 2025-ci il tarixdə o məsələ ilə bağlı vəkilə müraciət edərək, onun adından imzalanmış 22 iyun 2018ci il tarixli 4ə 519 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi tapşırığını vermişdir. 24 fevral 2025-ci il tarixdə vəkil sorğu göndərərək Ağdaş rayon notariat ofisində oğlu X3 adına açılmış vərəsəliklə və həmçinin 22 iyun 2018-ci il tarixdə İddiaçı tərəfindən Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin oğlu Cavabdeh bağışlanması ilə bağlı notariat işinin surətlərini əldə etmiş və yaranmış halı müzakirə etmək üçün onu öz ofisində dəvət etmişdir. Vəkilin iştirakı və izahatı ilə notariat ofisindən daxil olmuş materiallarla tanış olduqda ona məlum oldu ki, oğlu Mahir onu Notariat konturunda Tanrıverdinin ölümündən sonra qalmış evin ona keçməsi barədə sənəd almaq lazımdır deyərək 22 iyun 2018-ci il tarixdə Ağdaş şəhərinə apararaq əslində onu çaşdıraraq miras evi özünə bağışlatmışdır. Vəkil onu işin halları ilə tanış edərkən ona həmçinin bəlli oldu ki, 22 iyun 2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması barədə 4 ə 519 nömrəli müqaviləni onun adından guya o savadsız olması səbəbindən X24 adlı şəxs imzalamışdır. O, həqiqətən də daşınmaz əmlakın bağışlanması barədə 4 ə 519 nömrəli müqavilədə göstərilən 22 iyun 2018-ci il tarixdə Ağdaş Rayon Notariat Kontorunda olmuş və orada şəklini də çəkmişlər. Mahir oğlu Tanrıverdinin ölümündən sonra qalmış evin ona keçməsi barədə sənəd almaq üçün notarizt kontorunda şəkil çəkdirməli olmuşdur. 4ə 519 nömrəli müqavilənin onun adından bağlanması üçün əsas X24 adlı şəxs tərəfindən Ağdaş rayon Notariat kontoruna ünvanlanmış ərizə olmuşdur. O, az savadlı olsa da, tam savadsız deyil. Özü imza edə və adını yaza bilir. 4ə 519 nömrəli müqavilədə qeyd oldunduğunun əksinə olaraq X24 adlı şəxsi o tanımır və onun əvəzinə hansısa sənədi imzalamağı ondan xahiş etməmişdir. Əlavə olaraq onu da qeyd etməyi lazım bilir ki, 22 iyun 2018-ci il tarixdə o, Ağdaş rayon Notariat Kontorunun notariusu M.Əliyevə 4 ə 519 nömrəli müqavilə bağlanması üşün heç bir hüquq müəyyən edici sənəd təqdim etməmişdir. Belə ki, onda heç vaxt həmin müqavilədə qeyd olunan oğlu Tanrıverdinin ölümündən sonra ona miras qalmış Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair sənədlər olmamışdır. Yuxarıda qeyd etdiyi kimi 22 iyun 2018-ci il tarixdə cavabdeh onu Ağdaş şəhərinə Notariat kontoruna Tanrıverdinin ölümündən sonra qalmış evin onun adına keçməsi barədə sənəd almaq adı ilə aparmışdır. Bütün bunları bildikdən sonra o daşınmaz əmlakın bağışlanması barədə 4 ə 519 nömrəli 22 iyun 2018-ci il tarixli müqavilənin etdiyi hərəkətlərin mənasını başa düşməyərək oğlunun sözlərinə inanaraq, vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış olduğunu başa düşmüş və onun etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Ağdaş rayonunda anadan olmuşdur. 80 yaşı var. 6 övladı olmuş, 4 oğlan, 2 qız, oğlullarından 2-si rəhmətə getmişdir. Onun təhsili natamam ortadır, hazırki əlifba ilə yazıb-oxumağı bacarmır, lakin imza ata bilir. O, cavanlığına kolxozda pambıqçı işləmiş, həmin kolxoza topladığı məhsulun hesabatını vermişdir. Mahir onu 2 dəfə notariata aparmışdır. 1-ci dəfə oğlu Tanrıverdinin qırx mərasimi çıxmamış apardı və dedi ki, Tanrıverdinin vərəsəsi kimi onun mirasını qəbul etməlidir. 2-ci dəfə notariata 1-ci dəfə gedəndən 6 ay sonra getmiş, Mahir ona Tanrıverdinin evinin sənədini almağa getdiklərini demiş, həmin gün notariusda onun şəklini çəkmişlər, lakin o, heç bir sənədə qol çəkməmişdir. Hər iki dəfə notariata gedəndə yanında Mahirdən başqa heç kim olmamışdır. Notaries iona heçnə başa salmamışdır. Onun evini Mahirə bağışlamaq fikri olmamış, çünki həmin evi satıb pulunu bütün övladları arasında bölmək istəmişdir. Onun adından müqaviləni X25 imzalamışdır. O, heç vaxt Vasifdən heç bir şey xahiş etməmiş, Vasif Mahirin oğlunun sinif yoldaşıdır. Tanrıverdinin evinə dair onda heç bir sənəd olmamışdır, həmin sənədləri Mahir düzəldirdi. Mahir onu aldadaraq yaşlı olmasından, ona güvənməsindən istifadə edərək evi öz adına keçirmişdir. Mahirin onu aldadaraq evi adına keçirməsini 2024-cü ilinn dekabr ayında bilib, 2025-ci ilin yanvar ayında vəkilə, sonra isə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Daha sonra məhkəmə iclasında İddiaçı boş vərəq təqdim olunaraq həmin vərəqə imza atması xahiş olunmuş, İddiaçı həmin vərəqə 22 avqust 2005-ci ildə aldığı şəxsiyyət vəsiqəsində olduğu kimi “Kyллəр” sözü yazaraq imza etmişdir. Əvvəlki məhkəmə baxışı də Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar 4 qardaş olmuşlar. Atasının 3 torpaq sahəsi olmuşdur. Torpağın biri anasının, biri Rusiyada yaşayan qardaşının, biri isə Tanrıverdinin torpağıdır. Atası rəhmətə gedəndə bütün torpaqları ona verdiyini demişdi. Onun özünün ayrı evi var, ama Tanrıverdinin evini anası ona bağışlamış, həmin evdə ona məxsusdur. Anası düz danışır onu iki dəfə notariusa aparmış, 1-ci dəfə qardaşının 40 mərasimi ərəfəsində notariata getmişlər, 2-ci dəfə bundan 6 ay sonra anası ilə notariata getmişlər. Notariata anası ilə ikisi getmişlər, başqa heç olmamışdır, yalnız notaries olmuşdur. Vasif Yahyayev onun oğlu ilə bir sinifdə oxumuş, ama Vasif heç vaxt notariata gedib orada imza atmamış, o, Vasifi notariatda görməmişdir. Anası yazıb-oxumağı bilmədiyindən imza etməmiş, sadəcə şəkli çəkilmişdir. Anası həmin vaxtlar oğlunun ölümü ilə əlaqədar sarsıntı keçirmişdi və çox yaşlı idi bəzi məqamları xatırlamaya bilər, ama anası özü könüllü həmin evi ona bağışlamışdır. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və mübahisə predtmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 03 iyun 2025-ci il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirdi ki, qardaşı Tanrıverdi 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Qardaşının 40-ı çıxmamış Mahir anasını yas mərasimi vaxtı notariata aparmışdır. Yahyayev Vasifi tanıyır, onların qonşudur. Vasif Mahirin oğlu ilə birlikdə oxumuşdur. Anasının ağlı başındadır. Anası natamam orta təhsillidir, hazırki əlifba ilə yazıb-oxumağı bacarmır, lakin imza çəkə bilər. Vaxtı ilə kolxozda pambıqçı işləyib, məhula dair hesabatlar vermişdir. Mahir anasını aldadıb onun evini ələ keçirmiş, anasının məqsədi evi satıb, pulunu övladları arasında bərabər bölməkdən ibarətdir. 2025-ci ilin yanvar ayında onlara evin Mahirin adına keçməsi məlum olmuş, bundan sonra vəkilə müraciət etmişlər, vəkil sorğular vermiş, 28 fevral 2025-ci il tarixdə iddia ərizəni məhkəməyə göndərmişlər. 21 iyun 2025-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadə verərək bildirdi ki, hər iki tərəfi tanıyır, hər iki tərəf onun qonşusudur, Mahirin oğlu ilə bir sinifdə oxumuşdur. Güllər xanım ona heç bir xahiş etməmiş, onu heç bir notariata çağırmamışdır. 4 iyul 2018-ci il tarixdə o, əsgər getmiş, 2020 yanvar ayının 5-də qayıtmışdır. 14 iyun 2018-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Həmin vaxtadək və əsgərliyə gedənədək o, heç vaxt notariata getməmişdir. Onun əvəzindən həmin sənədə kim və niyə imza etmiş araşdırılmasını xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Ağdaş rayonu Ləki qəsəbə soveti tərəfindən verilmiş 23 noyabr 1963-cü il tarixli 310937 saylı evlənmək haqqından şəhadətnamənin surətindən görünür ki, X20 ilə X27 arasındakı nikah 23 noyabr 1963-cü il tarixli 21 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Ağdaş rayonu Ləki qəsəbə kənd soveti tərəfindən verilmiş 30 dekabr 1964-cü il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 dekabr 1964-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş rayonu Ləki qəsəbə kənd soveti tərəfindən verilmiş 7 iyul 1975-ci il tarixli İİİ-ЖГ doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19 iyun 1974-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ləki qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2015-ci il tarixli AZ-İ 732126 saylı ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X16 26 yanvar 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 fevral 2015-ci il tarixli 06 saylı qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2017-ci il tarixli AZ-İ 894884 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 oktyabr 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 oktyabr 2017-ci il tarixdə 332 saylı qeyd edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 noyabr 2017-ci il tarixli 2107 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 26 dekabr 1964-cü il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1998-ci ildən xx.xx.2017-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ağdaş RİHB-nın Ləki qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2017-ci il tarixli 736 saylı arayışdan görünür ki, İddiaçı mərhum oğlu X8 ölən günədək yəni 22 oktyabr 2017-ci il tarixdək onunla birlikdə ünvan 2 ünvanda yaşamışdır. İş materiallarında olan Ağdaş RİHB-nın Ləki qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2017-ci il tarixli 738 saylı arayışdan görünür ki, İddiaçı mərhum oğlu X8 ölən gündən yəni 22 oktyabr 2017-ci il tarixdən anası İddiaçı, qardaşı- X26, qardaşı Cavabdeh, bacısı X21 və bacısı X19 adlı vərəsələri vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı ********** saylı qeydiyyat nömrəli, 07 dekabr 2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağdaş rayon notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş 22 may 2018-ci il tarixli 2V-287 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X7 vərəsəsi İddiaçı Ağdaş Ləki qəsəbəsi M.Mustafayev küç 3/2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X5 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 63.4 kv/m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş 22 may 2018-ci il tarixli 2V-288 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X7 vərəsəsi İddiaçı Ağdaş Ləki qəsəbəsi M.Mustafayev küç 3/2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X5 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı ********** saylı qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Çıxarış”ın surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağdaş rayon Nehrəxəlil kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2018-ci il tarixli 81 saylı arayışdan görünür ki, İddiaçı 1945-ci ildə anadan olub, Ləki qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Nehrəxəlil kəndində ona məxsus olan № ******* seriya RX yaşayış evində özündən başqa heç kim qeydiyyatda yoxdur. İş materiallarında olan Ağdaş rayon notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş 22 iyun 2018-ci il tarixli 4 ə 519 nömrəli notariat işinə əlavə edilmiş “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 63.4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə hədiyyə olaraq Cavabdeh bağışlamışdır. İş materiallarında olan Ağdaş rayon notariat kontorunun xüsusi notariusu X9 verilmiş 22 iyun 2018-ci il tarixli Ağdaş şəhəri Ləki qəsəbəsi M.Mustafayev küç 3/2 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, əri X16 xx.xx.2015-ci ildə vəfat etmişdir, o vatxdan ailə həyatı qurmuşdur. Hal-hazırda duldur. Ağdaş rayon notariat kontorunun xüsusi notariusu X1 olması səbəbindən İddiaçı tapşırığı ilə onun əvəzinə sənədi imzalayan X17 onun iştirakı ilə etdiyi imzasının həqiqiliyini təsdiq edir. X17, İddiaçı şəxsiyyəti müəyyən edilib. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş 09 aprel 2025ci il tarixli 245 saylı məktuba əlavə edilmiş 22 iyun 2018-ci il tarixli 4Ə-519 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 63.4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə verən İddiaçı (tam hissə, 63.4 kv/m)-hədiyyə alan Cavabdeh ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 800 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə verən İddiaçı (tam hissə, 800 kv/m) hədiyyə alan Cavabdeh bağışlanan daşınmaz əmlak hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı ********** saylı qeydiyyat nömrəli, 05 iyul 2018-ci il qeydiyyat tarixli “Çıxarış”ın cə texniki pasportun surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 dekabr 2025-ci il tarixli 3-16-16/2-4/1922/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4Ə-519 nömrəli nitariat işinin 2-ci vərəqində olan 22 iyun 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin üz tərəfində soldan 1-ci imza, arxa tərəfində “hədiyyə verən” qrafasındakı imza və “Yahyayev Vasif” əlyazmaları, “Qeyd” və “X25” (“İddiaçı əvəzinə savadsız olması səbəbindən X25- Ağdaş, Ləki qəsəbəsi M.Mustafayev küçəsi 5/5(AZE 16388313, 12/08//2-16- AĞDAŞ)” imza etdi) qrafalarındakı “Müqavilədən irəli gələn hüquq və vəzifələrin izah olundu” əlyazmaları; 2018-ci ilə dair 02323 nömrəli reyestr jurnalının 39-cu vərəqində “519” sıra nömrəsində “İddiaçıq q... Savadsız olduğuna görə X39 o. İmzaladı” əlyazmaları qarşısında “Notariat hərəkətinin aparaılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Yahyayev” əlyazması-X25 tərəfindən icra olunmuşdur. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 138 (bir yüz otuz səkkiz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 2025-ci ilin yanvar ayında iddiaçıya evinin oğlu Mahirin adına keçməsi məlum olmuş, bundan sonra 28 fevral 2025-ci il tarixdə iddia ərizəsi poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, 03 mart 2025-ci il tarixdə isə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, İddiaçı 4Ə-519 reyestr nömrəli 22 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamağa iradə ifadəsi olmamışdır, belə ki, İddiaçı sərbəst şəkildə imza etmək iqtidarındadır və onun məhkəmə iclasında nümunəsi alınmış imzası 22 avqust 2005-ci il tarixdə şəxsiyyət vəsiqəsində olan imzası ilə oxşarlıq təşkil edir. Buna baxmayaraq həmin müqavilədə İddiaçı imzası olmamışdır. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahid X25 baxmayaraq ki, xətşunaslıq ekspertizasının rəyinə əsasən müqavilədəki imza və xətt nümunələri ona məxsusdur, heç kimin əvəzinə heç bir müqaviləyə imza atmadığını bildirmişdir. Bu faktı Cavabdeh da öz izahatında təsdiq edərək, notariat ofisinə anası ilə ikisinin getdiklərini, yanlarında notariusdan başqa heç kimin olmadığını bildirmişdir. İş materiallarını tətqiq edərkən məlum olur ki, Vasif Yahyayevin müqavilə bağlandığı gün 6 gün idi ki Vasif Yahyayevin 18 yaşı tamam olmuşdu. Bundan başqa, məhkəmə iclasında Cavabdeh anasının həmin vaxtlar oğlunun ölümü ilə əlaqədar sarsıntı keçirməsi, yaşlı olması səbəbilə bəzi məqamları xatırlamamasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1, 337.3-337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Həmin Məcəllənin 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir (bənd 1.). “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınqa qeyd olunur ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmin qərarda eyni zamnda göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh qanunun tələblərini pozaraq dolayısı yolla öz xeyrinvacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlamışdır ki, bu halda əqdlər etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində inşa edilmiş 63.4 kv/m fərdi yaşayış evinə dair Ağdaş rayon Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-519 reyestr nömrəli 22 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsin etibarsız hesab edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində inşa edilmiş 63.4 kv/m fərdi yaşayış evinə dair Ağdaş rayon Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-519 reyestr nömrəli 22 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsin etibarsız hesab edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar