Məhkəmə qərarları › İş №2(014)-768/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-768/2021

16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-768/2021 16.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşadığı Ağdaş şəhəri Məşəd küçəsi 31/9-da yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı özünün adınadır. Həmin ünvanda qazdan faktiki olaraq istifadə edən və həmin ünvanda yaşayan istehlakçı kimi hazırkı iddia ərizəsi ilə müraciət edir. Sonuncu dəfə yaşadığı ünvanda xx.xx.2020-ci il tarixdə qaz sayğacının quraşdırılması və istismara qəbul edilməsinə dair akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh “Cavabdeh" İB-nin X1 İstismar İdarəsinin əməkdaşları təbii qazdan istifadə ilə əlaqədar quraşdırılmış sayğaca baxış keçirərkən “aşkar olunmuş nöqsanlar barədə akt" tərtib etmiş və orada qeyd etmişlər ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları sayğaca baxış zamanı aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq itirilmiş qazın dəyərinin və sayğacın dəyərinin hesablanmasına əsasən ona 275 manat borc yazılmışdır. Qeyd olunanlarla əlaqədar cavabdeh tərəfin nümayəndələri tərəfindən müvafiq sənədləşdirmə və aktlaşdırma aparılmış, guya tərəflərindən sayğaca müdaxilə olunduğu müəyyən edildiyi səbəbindən itirilmiş qazın dəyərinin hesablanması cədvəlinə və saldoya əsasən ona borc yazılmışdır. Həmin aktın xx.xx.2020-ci il tarixdə yazılmasına baxmayaraq həmin ilin noyabr və dekabr aylarında, həmçinin də 2021-ci ilin yanvar ayında o, adi qaydada işlətdiyi qaza görə təqdim olunmuş qəbzə əsasən borcunu ödəmişdir. xx.xx.2021-ci il tarixdə qaz pulu ödəyərkən onun üzərinə əsassız olaraq qaz borcunun yazıldığı ona məlum olmuşdur. Bununla əlaqədar rayon qaz paylama məntəqəsinə müraciət etdikdən sonra müvafiq akt və protokollar xx.xx.2021-ci il tarixdə ona təqdim olunmuşdur. Sayğaca müdaxilə ilə əlaqədar qeyd olunanlar tamamilə əsassızdır. Ona görə ki, qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış, hər hansı kənar müdaxilələrdən qorunmaq üçün üzəri xüsusi örtük və ya qapaqla təmin edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, aktla müəyyən edildiyi qeyd olunan hallar onun təqsiri üzündən baş verdiyi heç bir halla sübut olunmur. Həmçinin, sayğaca müdaxilə və itirilmiş qaz adı ilə adlarıa hesablanmış borc məbləği tam əsassızdır. Bu səbəblərdən də qaz istehlakçısı kimi cavabdehin təqsiri ilə əlaqədar baş vermiş səbəblər üzündən hüquqları təmin edilməmiş, əksinə istehlakçı tərəfindən kobud şəkildə pozulmuşdur. Qazdan istifadə ilə əlaqədar müvafiq qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarınadakı xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. İşin materiallarındakı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Elster tipli, G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Natek tipli, G-4 markalı, 40073718 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********01190 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 216 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış evinə qoyulmuş qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmışdır. Yaşayış evinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat, 500 manatdan yuxarı olduqda isə 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01190 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinməli, iş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01190 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinsin. İş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar