Məhkəmə qərarları › İş №2(014)-831/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-831/2024

06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-831/2024 06.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı, Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş şəhəri, M.İsayev küçəsi-49 ünvanında X3 Kollecin yataqxanasında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X6 sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtnda poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. "Azəriqaz'’ İB-nın Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları xx.xx.2024-cü il tarixində küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın düzgün işləməməsi qənaətinə gəlmiş, qaz sayğacını yenisi ilə əvəz edəcəklərini bildirərək qanunsuz akt tərtib etmişlər. Bundan sonra guya sayğaca tərəflərindən müdaxilə olunduğu üçün sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmişdir. Bundan əlavə 2011-2024-cü il üçün abonent kimi ona təqdim edilmiş, Ağdaş XS-dən aldığı Saldonun surətindən görünür ki, həmin akt əsasında ona 942 manat borc hesablanmışdır. Çox təkiddən sonra əldə edə bildiyi "Azəriqaz" İB-nın X4 İstismar İdarəsinin təqdim etdiyi "Qaz. sayğaclarının quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı aktla tanış olduqda Ağdaş Xidmət Sahəsinin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Onların qanunsuzluqları aşağıdakılardan ibarətdir. Aktın surətindən görünür ki, guya o sayğacın çıxarılaraq yeni sayğacın quraşdırılması üçün sifariş vermişdir. Bu Ağdaş Xidmət Sahəsinin əməkdaşlarının cəfəngiyatından başqa bir şey deyildir. Yəni o, heç bir sifariş verməmiş, sayğacın dəyişdirilməsini xahiş etməmişdir. Aktda imzası olan şəxslərin imzasının eyni stildə icra edilməsi onların tək bir şəxs tərəfindən icra edilməsini bildirməyə əsas verir. Aktda sayğacın sökülməsi zamanı sayğacın sərfiyyat göstəricisi qeyd edilməmişdir. Bu isə suiistifadə halına səbəb olmuşdur. Aktda onunla qaz paylayıcı arasında müqavilənin nömrəsinə, tarixinə istinad olunmamışdır. Aktda istismarda olan cihazların növü və sayı göstərilmişdir. Halbuki Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları bircə dəfədə olsa evinə baxış keçirməmişdir, uydurma cihazlar qeyd etmişdirlər. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 3.1.2-ci bəndində göstərilir ki, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Ancaq aktda qazın təzyiqi aşağı olaraq göstərilmiş, bununla Ağdaş Xidmət sahəsi vəzifəsini yerinə yetirmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmş) "Qaz. paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ının 3.3-cü bəndində göstərilir ki, nəzarət orqanlarının qaz qurğularına baxışına və əlaqədar təşkilatlar tərəfindən yoxlanmasına imkan yaratmalı, nəzarət orqanları və əlaqədar təşkilatların tələblərini yerinə yetirməlidirlər. Bundan belə nəticəyə gəlmək olur ki, qaz sayğacı mənzildə olmalı, zərurət olanda istehlakçı nəzarət orqanlarına baxış üçün şərait yaratmalıdırlar. Lakin onun evinə quraşdırılmış sayğac küçədə yerləşir, küçədə yerləşdiyi üçün də sayğacın heç bir halda kənar qüvvələr tərəfindən təsirə məruz qalmayacağına cavabdeh ola bilməz. Ağdaş Xidmət sahəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunması adı ilə götürülən sonradan yoxlanılması üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş, sonra da sayğaca müdaxilə etdiyi iddia edildiyi üçün təbii qazdan istifadə qaydalarını pozma haqqında ******* saylı saxta akt tərtib edilmişdir. Həmin aktdakı qanunsuzluqlar aşağıdakılardır. Aktda sayğaca heç bir zaman müdaxilə etmədiyi halda qanunsuz qazın həcmi onun sərfiyyatı olaraq hesablanmışdır, halbuki Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları ilkin olaraq inzibati araşdırma aparmalı, sayğaca müdaxilənin və qayda pozuntusunun kimin tərəfindən törədildiyini müəyyən etməli və İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə (Təbii qazın, elektrik və ya istilik enerjimin talanması və ya onlardan istifadə qaydalarının pozulması) protokol tərtib etməli idilər. Aktda evində istismarda olan cihazlar evinə baxış keçirilmədən qeyd edilmişdir. Buna görə də mövcud bir qaz pilətəsi əvəzinə əlavə olaraq da radiator soba əlavə edilmişdir ki, bu da qərəzli olaraq qazın həcmi artıq hesablanması üçün həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh orqan Cavabdeh İB-nın Zaqatala RQİİ-nin Ağdaş XS-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd eldiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudca pozmuşlar ki, bu da yolverilməzdir. Hesab edir ki, cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, şəhid anasıdır, eyni zamanda Şuşa şəhərindən məcburi köçkündür. Onun heç vaxt qaza borcu olmamışdır. Azəriqazın işçiləri qonşunun evinə sayğac quraşdırarkən onun sayğacını zədələmişlər, sonra isə onun xəbəri olmadan dəyişib aparmışlar. Bir müddət sonra isə borc hesablamışlar. O, evdə tək yaşayır, yaşlı qadındır sayğaca müdaxilədən və ya bu cür hərəkətlərdən anlayışı yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edim ki, İddiaçı iddia tələbində göstərilən **********00390 saylı qaz hesabı X1 adına rəsmiləşdirilmiş və **********00390 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 1042.56 (bir min qırx iki manat əlli altı qəpik) manat borc vardır. Həmin borcun 264.92 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı mənzilində istismarda olan G4 markalı **********199 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********220 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2024-cü il tarixli 0190 saylı aktında göstərilmişdir ki, sayğacın giriş plastmas borusu fiziki təsir nəticəsində deşilib, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac mənfiyə işləyir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3 sutkalıq iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacının normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının, həmçinin sayğaca müdaxilə üsulu ilə sayğacın real sərfiyyatının gizlədilməsi istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞin Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.60 manat borcun və təbii qazdan istifadə nəticəsində yaranan 164.54 manat borcun, ümumilikdə isə 942.14 manat borcun silinməsi (777.60 m + 164.54 m = 942.14 m) tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Eyni zamanda Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixə nəzərdə tutulmuş baxış iclasını onun iştrakı olmadan keçirlməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən X2 qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı X1 mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, 20557979 nömrəli plomb kəsilərək qutu açılmışdır. Sayğacın giriiş plastmas borusu fiziki təsir nəticəsində deşilib. Sayğac mənfiyə şləyib, sayğac istismara yararsızdır. İşin materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş şəhəri, M.İsayev yerləşən istehlakçı X1 yaşadığı mənzilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 6480 m3 borc hesablanmışdır. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 yanvar 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Zenner tipli, G-4 markalı, **********199 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli, G-4 markalı, **********220 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş 08 aprel 2024-cü il tarixli, **********00390 saylı abonent saldosundan məlum olur ki, X1 2024-cü ilin fevral ayına qədər 942.14 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X1 yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğac qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 942 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********00390 saylı abonent koduna yazılmış 942 (doqquz yüz qırx iki) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********00390 saylı abonent koduna yazılmış 942 (doqquz yüz qırx iki) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar