Məhkəmə qərarları › İş №2(014)-842/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-842/2023

03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-842/2023 03.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Bilalova (Nəbiyeva) Afaq Feruz qızının iştiraklarıı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Bilalova (Nəbiyeva) Afaq Feruz qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Bilalova (Nəbiyeva) Afaq Feruz qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrra İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Ağdaş rayonu, Xosrov kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,36 ha torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-183 KOD 90317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçi olaraq onun, yəni Ərizəçi soyadı səhvən “Xəlilova” kimi qeyd edilmişdir. Ümumən Ərizəçi olaraq qeyd edilməli olsa da, səhvən X1 qeyd edilmişdir. Hazırda Ağdaş rayonu, Xosrov kəndində yerləşən həmin torpaq sahələrinə dair Dövlət reyestrindən çıxarışın və texniki pasportun alınması tələbi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin topağa mülkiyyət hüququna dair Dövlət Aktında olan uyğunsuzluqlarla bağlı ərizənin icrasının mümkün olmadığı barədə onlara bildiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Bilalova (Nəbiyeva) Afaq Feruz qızı izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs4 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını, şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahat verərək göstərdi ki, ərizəçi və maraqlı şəxslər onun həmkəndlisidirlər, Maraqlı şəxs1 adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin soyadı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 da özündən əvvəl izahat vermiş şahid X12 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-183 KOD 90317018 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri X5, X7, Maraqlı şəxs2, X11 və Maraqlı şəxs4 Ağdaş rayonu, Xosrov kəndindən 2,36 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 adına qeydiyyatda olan AR DT və XK-si tərəfindən verilmiş JN-183 KOD 90317018 saylı DT və XK-sı Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi (9745, xx.xx.1999) “Toprağa mülkiyyət hüququna dair” Dövlət aktının adlı siyahısında ailə üzvlərinin adlarında texniki səhvə yol verilmişdir. Belə ki, X5 əvəzinə Ərizəçi olmalıdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1954-cü ildə doğulmuş Ağdaş rayonu, Xosrov kənd sakini Maraqlı şəxs1 ailə üzvləri bacısı xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi, oğulları xx.xx.1990-cəı il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1995-ci il təvəllüdlü Maraqlı şəxs4, gəlini xx.xx.1997-ci il təvəllüdlü X10 və nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİ № 166047 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 ilə X11 arasında xx.xx.2016-cı ildə rəsmi nikah bağlanmış, X8 “Bilalova” soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli, AZ-İİ № 297016 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmaqla, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi və Maraqlı şəxs2 izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 14 fevral 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-183 KOD 90317018 Dövlət Aktında texniki səhv olaraq ərizəçi “Ərizəçi” əvəzinə “X5” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin ərinin sənəddə göstərilən ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 14 fevral 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-183 KOD 90317018 saylı Dövlət Aktının Maraqlı şəxs1, Ərizəçi, Maraqlı şəxs2, Bilalova (Nəbiyeva) Afaq Feruz qızı, Maraqlı şəxs4 və X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Bilalova (Nəbiyeva) Afaq Feruz qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 14 fevral 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-183 KOD 90317018 saylı Dövlət Aktının Maraqlı şəxs1, Ərizəçi, Maraqlı şəxs2, Bilalova (Nəbiyeva) Afaq Feruz qızı, Maraqlı şəxs4 və X3 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar