Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-847/2022 14.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunun Ovculu kəndində məskunlaşaraq yaşayır. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında kəndin mərkəzində yerləşən enerji paylayan transformator partlamışdır. Bu hadisədən sonra 4 gün onların evi işıqsız qalmışdır. Həmin partlayışdan ona məxsus elektrik sayğacının alt hissəsi ərimişdir. Buna görə də sayğaca daxil olan elektrik enerjisi onun evinə elektrik verməmişdir. Bunun kimi kənddə 3-4 qonşunun da sayğacı ərimişdir. O, bu barədə nəzarət mühəndisi Vüqar Qasımova mobil telefon ilə zəng edərək məlumat vermişdir ki, işıqları yanmır. Vüqar Qasımov ona gəlib maraqlanacağını və köməklik edəcəyini bildirmişdir. Lakin gəlmədiyi üçün növbəti günlərdə yenə Vüqar Qasımova 2-3 dəfə zəng edib nə vaxt gələcəyini soruşmuşdur. O isə hər dəfə gələcəyini, lakin yol uzaq olduğu üçün gələ bilmədiyini bildirərək yayınmış, məsuliyyətsizlik etmişdir. Nəticədə onların evinin işıqsız qalması müddəti əsassız uzanmışdır. Sonuncu dəfə telefon vasitəsi ilə ona bildirmişdir ki, 2-3 günə gəlib sayğaca baxış keçirəcəkdir. Amma o, gələnə kimi elektrik enerjisini sayğacdan kənar qoşaraq istifadə etmişdir ki, evdə işıqsız qalmasınlar. O da onun sözünə əsasən və evinin işıqsız qalmaması üçün sayğacdan kənar xətt ilə evinə gələn işığı bərpa etmişdir. Yaşadığı ünvanda elektrik enerjisindən istifadə edir və hər ay istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına uyğun ödənişlərini ödəyir. Ortalama aylıq 10-15 manat dəyərində elektrik enerjisindən istifadə edir. Aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişlərini heç bir zaman gecikdirməmişdir. 16 yanvar 2022-ci il tarixdə X1 əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək yerindəcə sayğaca baxış keçirilmiş və sayğacın dövrədən çıxarılması, sayğacdan kənar xəttdən istifadə edilməsi, eyni zamanda sayğacın alt qapaq hissəsinin əriyərək istismara yararsız olması müəyyən edilmişdir. Bu barədə 245746 nömrəli akt tərtib edilmişdir. Bundan sonra 25 mart 2022-ci il tarixdə idarənin əməkdaşları yenidən onların ünvanına gələrək sayğacı yeni sayğacla əvəz etmişlər. Ona da yeni sayğacın kartını əldə etməyi üçün qəbz verilmişdir ki, həmin qəbzi təqdim edərək sayğaca pul vurmaq üçün kart əldə etsin. O, həmin qəbzi götürərək X3 getmiş və kartı əldə etmək üçün qəbzi təqdim etdikdə müdir ona bildirdi ki, 530 manat borcunu ödədiyi halda kart ona təqdim ediləcəkdir. O da həmin əsassız hesablanmış borcdan şikayət edərək oradan çıxıb getmişdir. 530 manat borcu qanunsuz hesab edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli, № 236622 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinin 2-ci bəndində əsasən hesablaşma elektrik sayğacı küçədə quraşdırılır. Həmin müqavilənin 4-cü bəndində əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1kVts aktiv elektrik enerjisi 0,08-0,13 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. Həmin müqavilənin 5-ci bəndində əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur İşin materiallarında olan "xxxx" ASC-nin 16 fevral 2022-ci il tarixli, № 245746 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 3ü "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 3 nəfər imzalamışdır. Yusifov Laçın "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 balans üzrə mühəndis vəzifəsində, Qasımov Vüqar və Qarayev Sahil isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 nəzarətçi mühəndis vəzifəsində işləyirlər. Həmin akda qeyd edilmişdir ki, abonent sayğacı cövdəsindən çəxarılmış və sayğacdan kənar xəttdən istifadə edilir. Eyni zamanda sayğacın alt qapaq hissəsi ərimiş və istismara yararsız vəziyyətdədir. Ampermaşa ilə ölçü aparılmış J=6.2A, U=0.22, P=6.2x0.22kv=1.3kwt göstəriciləri olmuş, tələb qrafasında kənar xətt ləğv olunaraq sərhəd nöqtəsində nöqtəsində yeni saygac quraşdırılsın qeyd edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № ******* saylı protokoldan görünür ki, İddiaçı yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacı yenisi ilə əvəz olunmuş, sayğac göstəricisi sıfırlanmışdır. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********00044 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, iddiaçının ünvan 2i ünvanında elektrik sayğacı xx.xx.2007-ci il tarixdə quraşdırılmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə isə yenisi ilə əvəz edilmiş, sayğac quraşdırılma tarixinə abonentə sayğac oxunması üzrə 944,74 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 551,79 manat təşkil edir. İşin materiallarında olan "xxxx" ASC-nin fevral 2022-ci il tarixli, № 245746 saylı icra vərəqəsindən görünür ki, sayğacdan kənar xəttə görə P = 1.3 kVt, W = 1.3 kVt x 210 gün x 24saat x 0.7 = 4586 kVts, 2621 kVts x 0,11 = 288,31 manat, 1965 kVts x 0,13 = 255,45 manat, cəmi: 288,31 manat + 255,45manat = 543,76 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qeyd olunan Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçının ünvan 2i ünvanında elektrik sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmış (yenisi ilə əvəz edilmişdir), həmin dövrə qədər istifadə olunmuş elektrik enerjisinə görə borclar sayğacsız – akta əsasən hesablanmışdır. Halbuki, «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Ona görə də iddiaçıdan sayğacsız – akt əsasında hesablanmış borc məbləğlərinin tələb edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" ASC iddiaçının mənzilində elektrik sayğacının 2022-ci ilin mart ayında quraşdırılmasının və həmin dövrə qədər elektrik enerjisinə görə akt əsasında orta sərfiyyatla hesablanmasının səbəbləri, sayğac quraşdırılan dövrə qədər sərf olunmuş elektrik enerjisinin məhz iddiaçı tərəfindən istehlak olunması və enerji haqlarının məhz iddiaçı tərəfindən ödənilməli olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də "xxxx" ASC tərəfindən abonentə 543,76 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 1 ayın borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Cavabdeh orqanın etirazında istinad etdiyi düstur əsasında hesablanmaqla, iddiaçıya 1 ay üçün hesablanmalı olan məbləğ 72,08 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia tələbinin həcmi, iddiaçının mənzilinə elektrik sayğacının quraşdırılması dövrü və sayğac quraşdırılana qədər sayğacsız – akt əsasında orta sərfiyyatla hesablanmış borc məbləği, «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı olması nəzərə alınaraq iddiaçının ünvan 2ində yerləşən evinə elektrik sayğacı quraşdırılana qədər elektrik enerjisindən istifadə ilə əlaqədar akt əsasında orta sərfiyyatla hesablanmış borc məbləği iddiaçının abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********00044 saylı abonent hesabına 16 fevral 2022-ci il tarixli, № 245746 saylı akt əsasında hesablanmış 471,68 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-847/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-847/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver