Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-90/2022 14.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ İNəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 10/16da yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmış və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. 30 iyul 2021-ci il tarixdə Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları təbii qazdan istifadə ilə əlaqədar quraşdırılmış sayğaca baxış keçirən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarının əzik-cızıq izlərini aşkar etmişlər. Ona görə də cavabdeh orqanın əməkdaşları həmin sayğacı yenisi ilə əvəz edərək çıxarılmış sayğacı özləri ilə aparmışlar. Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən sayğaca müdaxilə ilə əlaqədar itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair cədvələ əsasən 216 manat borc yazılmışdır. Əsassız borc barədə o, Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət etmiş və onun müraciəti Enerji Məsələlərinin X1 filialında araşdırılmış və filial 06.09.2021-ci il tarixli AERA-24-520/21 saylı məktubu ilə ona bildirmişlər ki, əsassız hesablanaraq onun abonent hesabına yönəldilmiş 216 manat məbləğində dəymiş ziyanın silinməsi və sayğac göstəricilərini qeyd etmək üçün onlara üzləşmə kitabçasının verilməsi ilə bağlı tərəflərindən X4 İstismar İdarəsinə göndərilmiş 30.08.2021-ci il tarixli 24/21Q-007 nömrəli göstərişə idarənin 06.09.2021-ci il tarixli SOCAR**********30560046X01903 nömrəli cavab məktubunda bildirilmişdir ki, X4 İstismar İdarəsi hüquqi şəxs olmadığından və qaz hesabı üzərində sərəncamverici səlahiyyətlərə malik olmadığı üçün abonent hesabı üzərində dəyişiklikləri onun tabe olduğu Cavabdeh həyata keçirir və qeydə alınmış dəymiş ziyanın silinməsi məhkəmənin müvafiq icra vərəqəsi əsasında həyata keçirilir. Qeyd edilən məsələyə məhkəmə müstəvisində baxıldıqdan sonra hesablanmış məbləğin abonent hesabınızdan silinməsinə baxılacaqdır. Həmin məsələ öz hüquqi təsdiqini tapanadək zədələnmiş qaz sayğacının dəyəri və hesablanmış məbləğ ondan tələb olunmayacaqdır. Odur ki, Cavabdeh X4 İstismar İdarəsinin 30.07.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən onun **********05870 saylı abonent koduna qanunsuz olaraq hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X1 filialı tərəfindən verilmiş 06.09.2021-ci il tarixli AERA-24-520/21 saylı məktubunda bildirilmişdir ki, əsassız hesablanaraq abonent hesabatına yönəldilmiş 216 manat məbləğində dəymiş ziyanın silinməsi və sayğac göstəricilərini qeyd etmək üçün onlara üzləşmə kitabçasının verilməsi ilə bağlı tərəflərindən X4 İstismar İdarəsinə göndərilmiş 30.08.2021-ci il tarixli 24/21Q-007 nömrəli göstərişə idarənin 06.09.2021-ci il tarixli SOCAR**********30560046X01903 nömrəli cavab məktubunda bildirilmişdir ki, X4 İstismar İdarəsinin hüquqi şəxs olmadığından və qaz hesabı üzərində sərəncamverici səlahiyyətlərə malik olmadığı üçün abonent hesabı üzərində dəyişiklikləri onun tabe olduğu Cavabdeh həyata keçirir və qeydə alınmış dəymiş ziyanın silinməsi məhkəmənin müvafiq icra vərəqəsi əsasında həyata keçirilir. Qeyd edilən məsələyə məhkəmə müstəvisində baxıldıqdan sonra hesablanmış məbləğin abonent hesabından silinməsinə baxılacaqdır. Həmin məsələ öz hüquqi təsdiqini tapanadək zədələnmiş qaz sayğacının dəyəri və hesablanmış məbləğ ondan tələb olunmayacaqdır. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30.07.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında 13.05.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan G-4 markalı ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzinə G-4 markalı **********5 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 09.04.2019-cu il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Zaqatala RQİİ-dən İddiaçı qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilə görə qalıq və aktlar üzrə 218.80 manat borcu vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********05870 kodu altında qeydiyyatda olan iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və iddiaçıya ünvanladığı məktublarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri iddiaçıdan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş qazın dəyərinə görə iddiaçının silinməsini tələb etdiyi 216 manat borc silinməlidir. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 195.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-in X4 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktlara əsasən əsassız hesablanaraq İddiaçı **********05870 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat (iki yüz on altı manat) borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-90/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-90/2022
14.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver