Məhkəmə qərarları › İş №2(014)-963/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-963/2021

28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-963/2021 28.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi N.İsmayılovun Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı qanunsuz olaraq hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı qanunsuz olaraq hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan “xxxx” ASCnin sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 203062 saylı protokolu əsasında əsassız hesablanaraq İddiaçı **********00772 saylı abonent koduna vurulmuş 1718,64 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçı cavabdeh orqan “xxxx” ASC ilə arasında bağlanmış elektrik enerjidindən təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, sərf etdikləri elektrik enerjisinə görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında cavabdeh orqanın hesabına ödəmişdir. Nəzərə çatdırmaq istəyir ki, iddiaçının yaşayış sahəsinə elektrik enerjisindən istifadəyə görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə qurraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Bildirir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 08 dekabr 2020-ci il tarixdə sayğaca baxış keçirilmiş həyətindən kənarda yerləşmiş sayğacın A dövlət möhürü müdaxilə edilməsi səbəbindən 203062 saylı protokol tərtib edilmişdir, bir daha qeyd edir ki, sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə, yəni həyətindən də kənarda quraşdırılmışdır. Bundan başqa cavabdeh tərəfindən sayğaca etmədiyi müdaxilə ilə əlaqədar iddiaçıya əsassız olaraq hesablanmış 1718,64 manat borc yazılmışdır. Nə iddiaçı, nə də ki, ailəsi sayğaca müdaxilə etməmişdir. Qeyd etmək istəyir ki, sayğac evinin həyətindən kənarda yerləşdiyi yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmadığı üçün onun zədələnməsinə görə nə iddiaçı, nə də ki, onun ailəsi məsuliyyət daşımır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədov məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, elektrik sayğacı iddiaçının həyətindən kənarda yerləşir, İddiaçı Nürəddin qızı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi 01.01.2007-ci il tarixdən **********2 saylı istehlakçı kodu ilə Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatdadır və yaşadığı evdə elektrik enerjisindən DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.01.2007-ci il tarixidən 07.11.2020ci il tarixinə kimi istifadə etmişdir. 09.05.2020-ci il tarixidə “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinin X3 üzrə texniki Abubəkirov.S tərəfindən İddiaçı Nürəddin qızına məxsus fərdi yaşayış evində istismarda olmuş elektrik hesablama sayğacı yeni PAUD MP106 tipli, zavod nömrəsi **********2 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir.Elektrik hesablama sayğacının yenisi ilə əvəz edilməsi barədə “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 203062 Ns-li Protokol tərtib edilərək Ağdaş EŞ-nin texniki S.Abubəkirov və İddiaçı tərəfindən imzalanmışdır. Çıxarılan elektrik hesablama sayğacının Laboratoriya şəraitində yoxlanışa göndərilməsi və abonentin həmin yoxlamada iştirak etməsinin tövsiyyə edilməsi barədə Protokolda müvafiq qeydiyyat aparılmışdır. Sayğacın “qeyd” hissəsində “Yarım tipli elektron sayğac çıxarıldı əvəzinə yeni tipli “Smart” kart sayğac quraşdırıldı. Yeni sayğac yoxlanılıb möhürləndi.Çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanışında iştirak etməsi tövsiyə olunur” qeydiyyatı aparılmışdır.Göstərilən elektrik hesablama sayğacı 08 dekabr 2020-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin Sayğac quraşdırma bölməsinin Laboratoriyasında yoxlanılmışdır. Yoxlama zamanı “Sayğac keçən yükü 90% xəta ilə qeyd edir.Sayğacın zavod “A” möhürləri müdaxiləlidir. Qüsuru aşkar edilmişdir. Protokolda həmçinin 07 dekabr 2020-ci il tarixdə saat 12:21-də ***-***-**-** nömrəyə zəng olunaraq abonent sayğaca rəy verilməsində iştirakı üçün dəvət olundu, lakin abonent iştirak etməkdən imtina etdi” qeydiyyatı aparılmışdır.Sayğacın yoxlanması barədə “Sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 203062 Ns-li Protokol tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanmışdır. İddiaçı çıxarılan elektrik hesablama sayğacının Laboratoriya şəraitində yoxlanışında iştirak etməmişdir. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən “qüsur aşkar edilməsi barədə” tərtib olunmuş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 203062 Ns-li Protokola əsasən “Sayğacın keçən yükü 90% xəta ilə qeyd etdiyi üçün” yenidən hesablama aparılaraq dəyəri 1970.64 manat təşkil edən 19224 kvt.saat miqdarında itilmiş elektrik enerjisi bərpa edilmişdir.Həmin borcun 252 manat hissəsi ödənilmişdir. Belə ki, “EEİQ”-nın 7.6-cı bəndinə əsasən “İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.”Bildirir ki, “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETS–nin əməkdaşları tərəfindən iddiaçı Z.N.Musayevin barəsində Akt tərtib edilərkən və aktlar əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər hansı hüquqazidd və ya qərəzli hərəkətlərə yol verilməmiş, Akt “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. “EEİQ”-nın“ 8.32-ci bəndində “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır”-göstərilmışdir. Bildirir ki, iddiaçı Z.N.Musayevin barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmiş Akt əsasında hesablanmış 365,86 manat məbləğində debitor borcu vardır. İddiaçı Z.Musayev Məhkəməyə müraciət etdiyi ərizəsində cavabdeh organ tərəfindən 29.06.2018-ci il tarixdə onun yaşadığı evdə elektrik enerjisindən “sayğacdan kənar xətt” vasitəsi ilə istifadə etdiyinə görə barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq 106326 saylı akt tərtib edilərək həmin akta əsasən 308,16 manat məbləğində cərimə yazıldığını və həmin məbləğin onun tərəfindən ödənildiyini bildirmişdir.Göstərilənlərlə əlaqədar bildirir ki, 29.06.2018-ci il tarixdə Ağdaş EŞ-nin nəzarətçi mühəndisləri H.Şirinov, E.Müzəffərov və usta Ş.Həşimov tərəfindən iddiaçı Z.Musayevin yaşadığı evdə elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə edilməsi faktı aşkar edilərək “EEİQ”-nın tələblərinə uyğun olaraq AKT R № 106326 saylı akt tərtib edilmişdir. Aktda elektrik hesablama sayğacının yaşayış evinin həyətində quraşdırılması barədə qeydiyyat aparılmışdır. Həmin akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq dəyəri 308,16 manat təşkil edən 3456 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Akta əsasən hesablanmış enerjji haqqı dəyəri iddiaçı tərəfindən ödənilmişdir.İddiaçının yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacına müdaxilə edərək istehlak edilmiş elektrik enerjisinin miqdarını öz istəyinə uyğun tənzimlədiyi onun Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan **********00144 saylı istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır.Belə ki, iddiaçı Z.Musayev tərəfindən yaşadığı evə quraşdırılmış qüsurlu elektrik hesablama sayğacının göstəricilərinə əsasən 16.08.2015-ci il tarixdən 11.06.2019-cu il tarixinə kimi olan dövr ərzində dəyəri 274,4 manat təşkil edən 3920 kvt.saat miqdarında elektrik enerjisi istehlak edilmişdir ki, həmin məbləğin də 120,26 manatı iddiaçı barəsində kənar xətdən istifadə etdiyinə görə 29.06.2018-ci il tarixdə tərtib edilmiş aktdan sonra 07.02.2019-cu il tarixinə kimi istehlak edilmiş elektrik enerjisinin dəyəridir. Bundan başqa iddiaçının yaşadığı evdə istismarda olmuş qüsurlu elektrik hesablama sayğacı yeni elektrik hesablama sayğacı ilə əvəz edilərək sərhəd nöqtəsinə çıxarıldıqdan sonra iddiaçı tərəfindən həmin sayğac göstəricilərinə əsasən 4 ay ərzində, yəni 09.02.2019-cu il tarixdən 11.06.2019-cu il tarixinə kimi olan dövrdə dəyəri 93,1 manat təşkil edən 1330 kvt.saat miqdarında elektrik enerjisinin istehlak edilməsi faktı da enerjitəchizatı müəssisəsi tərəfindən görülmüş tədbirlər nəticəsində iddiaçı tərəfindən elektrik enerjisindən qanunsuz istifadə edilməsinin qarşısının alındığına əyani sübutdur.Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xxxx ASC-nin sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə 203062 saylı protokolundan görünür ki, rayonunun elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacına baxış keçirilmişdir. Baxış zaman sayğacın “A” dövlət möhürünə müdaxilə olunması faktı” aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xxxx ASC-nin 203062 saylı icra vərəqəsindən görünür ki, **********00772 saylı abonent koduna itirilmiş elektrik enerjisinin dəyəri olan 1970,64 manat borc hesablanaraq vurulmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı 2020-ci ilə görə elektrikdən istifadə qaydalarının pozulmasına görə 1718,64 manat borc hesablanaraq vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Tərəflər iddia ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş elektrik sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğacın hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməməsi tərəflərin izahatları nəticəsində məhkəməyə məlum olmuşdur. Yaşayış sahəsinə qoyulmuş elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə abonent cavabdehlik daşımır. Həmin cavabdehliyi elektrik enerjisi paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və iddiaçıya ünvanladığı məktublarda elektrik sayğacına şəxsən abonent tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, elektrik sayğacı müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülmədən küçədə yerləşir. Lakin buna baxmayaraq itirilmiş elektrik enerjisi dəyəri iddiaçıdan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, itirilmiş elektrik enerjisinə görə iddiaçının abonent koduna vurulmuş 1970,64 manat borc hesablanaraq vurulsa da,iddiaçı tərəfindən 252 manat ödənildiyi üçün məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş elektrik enerjisinin dəyərinə görə 1718,64 manat borc silinməlidir. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC-nin sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 203062 saylı protokolu və 203062 saylı icra vərəqəsi əsasında əsassız hesablanaraq İddiaçı **********00772 saylı abonent koduna vurulmuş 1718,64 manat (bir min yeddi yüz on səkkiz manat altmış dörd qəpik) borc silinsin. Cavabdeh “xxxx” ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar