Məhkəmə qərarları › İş №2(015)-1000/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1000/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1000/2025 24.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 6963,84 (altı min doqquz yüz altmış üç manat səksən dörd qəpik) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Təbii qaz abunəçisi olmaqla, adına abonent saldosu vardır. Azəriqaz işçilərinin deməsinə görə o, guya qaz sayğacına müdaxilə etmiş, sayğacı dəyişmişdir. Lakin o, sayğaca heç bir müdaxilə etməmişdir. Ona bir neçə dəfə akta imza etdirmişlər ki, sayğac yoxlanılmağa göndərilir. Bir il ərzində 3 dəfə ona cərimə yazılmışdır. Cərimənin necə yazılmağından məlumatı yoxdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları iddiaçının Ağstafa rayonu Köçəsgər kəndində yerləşən evində quraşdırılmış qaz sayğacına 2023-cü ilin yanvar ayında baxış keçirərək müəyyən olunmuşdur ki, qeyd edilən evdə quraşdırılmış sayğac mənşəyi məlum olmayan sayğacdır. Həmin sayğac bazada qeydiyyatda olmamış, abonent tərəfindən özbaşına quraşdırılmışdır. Həmin sayğacın üzərində 17330 kub göstərici olmuşdur. Daha sonra İdarənin əməkdaşları tərəfindən həmin sayğac sökülmüş, iddiaçı evinin zirzəmisindən İdarə tərəfindən əvvəlcə quraşdırılmış sayğacı əməkdaşlara təqdim etmiş və həmin sayğac yenidən quraşdırılmışdır. Bu barədə akt da tərtib edilmiş, iddiaçı aktı imzalamışdır. Daha sonra 2023-cü ilin aprel ayında iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğaca müdaxilə halları aşkar edilmişdir. Həmin sayğac sökülərək laboratoriyaya göndərilmiş və yeni sayğac quraşdırılmışdır. Bu barədə akt da tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacı hərəkətə gətirən qolların arası yad maddə, yağla doldurulmuşdur. Sayğac keçən qazı qeyd edə bilmir. 12960 kub sərfiyyat hesablanmış və ona uyğun olaraq 1555 manat dəymiş ziyan hesablanmışdır. Daha sonra 2023-cü ilin iyul ayında sayğaca yenidən baxış keçirilmiş və yenə də sayğaca müdaxilə halları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın plastmas borusu deşilmişdir. Daha sonra həmin sayğac da sökülərək yenisi ilə əvəz edilmiş və bu barədə akt da tərtib edilmişdir. Qeyd edilən aktı iddiaçının oğlu X3 imzalamışdır. 2023-cü ilin yanvar ayında dəymiş ziyan hesablandıqdan sonra iddiaçı tərəfindən borcdan 1000 manat ödəniş də edilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, hazırda X6 İstismar İdarəsi Kommersiya Şöbəsində böyük mühəndis vəzifəsində işləyir. Onların vəzifəsi xidməti ərazilərində neqativ halları yəni, kənar xətti, sayğaca müdaxilə hallarını aşkar etməkdən ibarətdir. 2023-cü ilin yanvar ayında iddiaçının evində quraşdırılmış qaz sayğacının nömrəsini yazıb xüsusi qurğu ilə yoxladıqda sayğacın kimə aid olması barədə sistemdə heç bir məlumat çıxmamışdır. Daha sonra iddiaçı gəlmiş, həmin qeyd olunan mənşəyi məlum olmayan sayğac sökülmüşdür. İdarə tərəfindən quraşdırılmış sayğac isə iddiaçının evində aşkar edilmişdir. Bundan sonra iddiaçının özünün iştirakı ilə evində aşkar edilən idarə tərəfindən əvvəlcə quraşdırılmış olan sayğac yenidən quraşdırılmış, mənşəyi məlum olmayan sayğac isə tərəflərindən götürülərək idarəyə təhvil verilmişdir. Bu barədə akt da tərtib etmişlər və iddiaçı da həmin aktı imzalamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəfləri, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən sayğaca 23 yanvar 2023-cü il tarixdə baxış keçirilmiş və bu zaman mənzildə sayğacın sökülərək yerinə mənşəyi məlum olmayan sayğac bağlanması, sayğacın nömrəsinin 5782085, göstəricisinin 17330, sayğac üzərindəki xüsusi nömrəli plomba 13658539 №-li müdaxilə olması qeyd edilmiş və bu barədə 23 yanvar 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 4631,04 manat borc hesablanmışdır. Qeyd edilən mənşəyi məlum olmayan sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən sökülmüş və iddiaçının evinin zirzəmisində olan, əvvəllər cavabdeh təşkilat tərəfindən quraşdırılmış qaz sayğacı yenidən quraşdırılmışdır. Bu barədə tərtib olunmuş aktı iddiaçı imza etmişdir. Daha sonra cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca 17 aprel 2023-cü il tarixdə baxış keçirilmiş və bu zaman sayğacı hərəkətə gətirən qolların arasının yad maddə ilə (yağla) doldurulması, qazın keçməsi, sayğacın keçən qazı qeyd etməməsi qeyd edilmiş və bu barədə 17 aprel 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 1555,20 manat borc hesablanmışdır. Sayğac yenisi ilə əvəz edilmişdir. Daha sonra isə cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca yenidən 31 iyul 2023-cü il tarixdə baxış keçirilmiş və bu zaman da sayğacın xüsusi nömrəli plombuna müdaxilə olduğu üçün sayğac sökülərək daxilinə baxış olunarkən çıxış plastmas borusunun deşik olduğu aşkar olunmuş və bu barədə də 31 iyul 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 777,60 manat borc hesablanmışdır. Sayğac yenisi ilə əvəz edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qaz sayğacına müdaxilə halları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış təbii qazdan istifadəyə dair müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvanın qaz xətti ilə təmin edilməsi, cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilatın iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçının isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürməsi, cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən sayğaca 23 yanvar 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman mənzildə sayğacın sökülərək yerinə mənşəyi məlum olmayan sayğac bağlanması, sayğacın nömrəsinin 5782085, göstəricisinin 17330, sayğac üzərindəki xüsusi nömrəli plomba 13658539 №-li müdaxilə olması qeyd edilməsi və bu barədə 23 yanvar 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 4631,04 manat borc hesablanması, qeyd edilən mənşəyi məlum olmayan sayğacın cavabdeh təşkilatın əməkdaşları tərəfindən sökülməsi və iddiaçının evinin zirzəmisində olan, əvvəllər cavabdeh təşkilat tərəfindən quraşdırılmış qaz sayğacının yenidən quraşdırılması, bu barədə tərtib olunmuş aktı iddiaçının da imza etməsi, daha sonra cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca 17 aprel 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman sayğacı hərəkətə gətirən qolların arasının yad maddə ilə (yağla) doldurulması, qazın keçməsi, sayğacın keçən qazı qeyd etməməsi qeyd edilməsi və bu barədə 17 aprel 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 1555,20 manat borc hesablanması, Daha sonra isə cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca yenidən 31 iyul 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman da sayğacın xüsusi nömrəli plombuna müdaxilə olduğu üçün sayğac sökülərək daxilinə baxış olunarkən çıxış plastmas borusunun deşik olduğu aşkar olunması və bu barədə də 31 iyul 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 777,60 manat borc hesablanması, bundan başqa məhkəməyə təqdim olunan saldodan, şahid ifadələrindən iddiaçının qaz sayğacına müdaxilə etməsi hallarının mövcud olması məhkəmə iclasında sübut edildiyindən, iddiaçı ona yazılmış həmin cərimələrin əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar