Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1067/2024 20.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Ərizəçi Qəşəm oğlunun “sənədin şəxsə aid olması faktının müəyyən edilməsi barədə” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi Qəşəm oğlu Məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivində “Həsən” kimi səhv qeyd edilmiş xx.xx.2023-cü il tarixli 505-saylı və xx.xx.2024-cü il tarixli 2/2-5640 saylı arxiv arayışlarının Ərizəçi Qəşəm oğluna məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2/2-5640 nömrəli məktubuna, Azərbaycan Respublikası Müdafiə nazırinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 505 nömrəli arayışına və təqdim olunan digər sənədlərə əsasən 825(707) nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək şəxsi heyətinin siyahısına daxil edildiyi, 825(707) nömrəli hərbi hissə komadirinin xx.xx.1992-ci il tarixli 06 nömrəli və xx.xx.1992-ci il tarixli 188 nömrəli əmrlərində “Ərizəçi Həsən oğlunun (əmrlərdə ata adı “Həsən” yazılmışdır) şəxsiyyət vəsiqəsində olan ata adında uyğunsuzluqların mövcudluğuna görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, ərizəçi xahişində onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivində qeyd edilmiş ata adının “Həsən” kimi qeyd olunmuş arxiv arayışının Ərizəçi Qəşəm oğluna məxsus olması faktının təsdiq edilməsini xahiş etsə də, hazırkı tələb əslində inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərizəçiyə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina ilə bağlı olmuş və ərizəçinin marağı əslində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur ki, o, bunun üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Komissiyanın məktubu ilə onun müraciətinin həll edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə inzibati xarakter daşıyır. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, Ərizəçi Qəşəm oğlunun “sənədin şəxsə aid olması faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsinən imtina edilməli, ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153.2.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Qəşəm oğlunun “sənədin şəxsə aid olması faktının müəyyən edilməsi barədə” ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi Qəşəm oğluna izah olunsun ki, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-1067/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1067/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver