Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1400/2025 21.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 4643 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ona məxsus evin elektrik sayğacı yanmışdır. Bununla bağlı Ağstafa Elektrik şəbəkəsinə ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən Ağstafa EŞ-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib, xx.xx.2025-ci il tarixli 378684 saylı akt tərtib edilmişdir. Buna baxmayara "xxxx" ASC Bakı nümayəndələri tərəfindən obyektə yenidən xx.xx.2025-ci il tarixli 012725 saylı akt tərtib edilmişdir. Akta əsasən 4643 manat əsassız cərimə yazılmışdır. Odur ki, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 4643 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 bildirdi ki, həmin borc yaşayış evinə yazılmışdır. Belə ki, yaşayış evi üçün hesab edilmiş sayğaca evinin yaxınlığında yerləşən obyektin şəbəkə xəttini qoşmuşlar və istifadə etmişlər. Belə ki, heç bir şəxsə əsassız olaraq borc yazılmır, sayğaca həqiqətən müdaxilə edilmişdir.
5. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
6. xx.xx.2025-ci il tarixli, 378684 saylı aktın və xx.xx.2025-ci il tarixli 012725 saylı aktların surətindən görünür ki, abonent X4 məxsus obyektə məxsus elektrik sayğacı tamamilə yanmış və işlədicilər birbaşa şəbəkəyə qoşulmuşdur.
7. Abonentin saldosundan görünür ki, Ağstafa şəhər sakini X5 ilə "xxxx" QSC arasında elektrik enerjisindən istifadəyə dair müqavilə mövcuddur. Belə ki, abonent kodu **********01799-dur.
8. X2 adına olan **********01799 saylı abonentin saldosundan görünür ki, X2 abonent hesabına “Qalıq və aktlar” əsasında 4643 manat borc yazılmışdır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən X4 aid elektrik sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın tamamilə yandığı və işlədilən şəbəkənin birbaşa şəbəkəyə qoşulması aşkar edilmiş, nəticədə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən X4 4643 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız yazıldığını bildirərək, silinməsini xahiş edir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.
12. Həmin Qaydaların 7.11-ci bəndinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
13. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
14. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir.
15. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən X2 adına olan yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, sayğacın tamamilə yandığı və işlədilən şəbəkənin bir başa şəbəkəyə qoşulması faktı aşkar olunduğundan cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli, 378684 saylı və xx.xx.2025-ci il tarixli 012725 saylı müvafiq aktlar tərtib edilmiş və həmin aktların surəti iddiaçıya təqdim olunmuşdur. Həmin aktlar qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuşdur.
16. Məhkəmə iclasında iddiaçının izahatından da müəyyən olundu ki, o, həqiqətən qaz sayğacına müdaxilə etmişdir.
17. Göründüyü kimi, iddiaçı tərəfindən ona məxsus evin elektrik sayğacı işlədicilərin şəbəkəyə birbaşa qoşulması səbəbindən tamamilə yanmışdır. Belə ki, elektrik sayğacını şəbəkəyə qoşmaq və ayırmaq iddiaçının vəzifələrinə daxil deyil.
18. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh tərəfindən əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır.
Nəticə hissə:
19. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova