Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1486/2025 25.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təbii qaz abonentidir. Cavabdeh əməkdaşları qaz sayğacına baxış keçirən zaman saxta akt tərtib edərək sayğaca hər hansı müdaxilənin olmasını təyin etmişlər. Həmin aktdan onun xəbəri olmamışdır. Nəticə etibarı ilə qaz itkisini bəhanə edərək onun üzərinə nə az, nə çox 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat əlavə ödəniş müəyyən etmişlər. Göründüyü kimi, 1 il qaz açıq havaya buraxılsa belə bu qədər sərfiyyat ola bilməz. Ona görə də, həmin cərimənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edərək bildirmişdir ki, nə o, nə də ailə üzvlərindən heç kəs hesablama sayğacına müdaxilə etməmişdir. İddiaçı məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizəsində işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alıb, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilmiş, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi işləyir və qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.
8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, ünvan 1 ünvanı sakini İddiaçı ilə Cavabdeh İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmış və abonent kodu **********010675-dır.
9. İddiaçı adına olan **********010675 saylı abonentin saldosundan görünür ki, İddiaçının abonent hesabına “Qalıq və aktlar” əsasında 2024-ci il üzrə 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc yazılmışdır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi işləməməsi və qazın həcmini qeyd etməməsi, sayğac istismara yararsız olması səbəbindən yoxlamanın nəticəsində iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc yazılmışdır. Bu səbəbdən hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək borcun silinməsini tələb edir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 12.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 13.Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 14.Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 16.Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 17.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda yoxlama aparılarkən sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilmiş, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi işləyir və qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. 18.Sayğacın istismara yararsız olduğunu qeyd etsələr də, bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz 19.Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa şəhəri, V.Novruzov küçəsi ünvanda yoxlama aparılarkən sayğacın yarasız hala salınmasında iddiaçı və ya onun ailə üzvlərinin təqsirinin müəyyən edilmədiyi, bununla da iddiaçıya cərimənin əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. 20.Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh İB tərəfindən Ağstafa şəhəri, V.Novruzov küçəsi ünvanında yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktı ilə İddiaçı hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinməlidir. 21.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 26.Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 27.Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat olduğundan Cavabdeh İB-dən 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir.
Nəticə hissəsi: 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********010675 saylı abunə hesabına Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova