Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1566/2025 29.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB-yi tərəfindən ona qarşı qanunsuz hesablanmış ******* nömrəli xx.xx.2020-ci il tarixli aktla 216 (iki yüz on altı) manat və ******* nömrəli xx.xx.2021-ci il tarixli aktla 432 (dörd yüz otuz iki) manat qanunsuz cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təbii qaz abonentidir və adına **********00520 saylı abonent saldosu vardır. Cavabdeh tərəfindən mənə ******* nömrəli xx.xx.2020-ci il tarixli aktla 216 (iki yüz on altı) manat və ******* nömrəli xx.xx.2021-ci tarixli aktla 432 (dörd yüz otuz iki) manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. Ona nə səbəbdən cərimə yazıldığı bilmir. Tərəfindən qaz sayğacına heç bir zaman müdaxilə olmamışdır. Hazırda əsassız yazılmış cərimənin ləğv olunması zərurəti yaranmışdır. Əgər qazdan qanunsuz istifadə etmiş olsaydı hər ay ödənişlərini nə üçün ödəyirdi. Onun, elə bir şey etmədiyini onlarda bilirlər, sadəcə istifadə müddəti bitmiş sayğacların vaxtında dəyişdirilməməsi ucbatından yağış və günün eroziyası nəticəsində sayğacda bəzi hallar baş verir. Bunun isə başlıca günahkarı (paylayıcı olan) Cavabdeh İBdir. Ona görə də, həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən ona qanunsuz borc hesablanmışdır. Tərəfindən və ya ailə üzvlərindən heç bir şəxsin qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.
4. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın və ******* nömrəli xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağı və qoruyucu şüşəsi sınıqdır. Mexanizmin hesablama iş prinsipinə müdaxilə edilməsinin mümkün olduğu qeyd edilmişdir.
8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, ünvan 2 sakini İddiaçı ilə Cavabdeh İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Belə ki, abonent kodu **********00520-dır.
9. İddiaçı adına olan **********00520 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2020-ci il tarixli aktla 216 (iki yüz on altı) manat və 2021-ci il üzrə 432 (dörd yüz otuz iki) manat borc yazılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar 10.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağı və qoruyucu şüşəsi sınıq olduğu, mexanizmin hesablama iş prinsipinə müdaxilə edilməsinin mümkün olduğu qeyd edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 216 (iki yüz on altı) manat və 432 (dörd yüz otuz iki) manat məbləğində borc yazılmışdır. Bu səbəbdən hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək borcun silinməsini tələb edir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağı sınıq olduğu, mexanizmin iş prinsipinə müdaxilə edilməsinin mümkünlüyü qeyd edilmişdir. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
18. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa şəhəri Dağ Kəsəmən kəndində yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağı və qoruyucu şüşəsinin sınıq olduğu, mexanizmin hesablama iş prinsipinə müdaxilə edilməsi mümkün olduğu qeyd edilmişdir. Sayğac istismara yararsız edilməsinin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.
19. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktla 216 (iki yüz on altı) manat və ******* nömrəli xx.xx.2021-ci il tarixli aktla 432 (dörd yüz otuz iki) manat məbləğində İddiaçı hesablanmış borc silinməlidir.
20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
25. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
26. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 1000 manatdan az olduğundan Cavabdeh İB-dən 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00520 saylı abunə hesabına Cavabdeh İB tərəfindən ******* nömrəli xx.xx.2020-ci il tarixli aktla 216 (iki yüz on altı) manat və nömrəli ******* nömrəli xx.xx.2021-ci il tarixli aktla 432 manat (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova