Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1587/2025 24.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin ləğv tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli aktla əsassız hesablanmış 1300 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ******* saylı çıxarışla onun mülkiyyətində olan Ağstafa rayonu, Saloğlu qəsəbəsi, H.Əliyev küçəsi 34-də yerləşən qeyri-yaşayış sahəsinə abonent saldosu **********12001 olan işıq sayğacına, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli aktla 1300 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. Həmin cərimənin yazılmasını o, bu ay bildiriş təqdim olunanda bilmişdir. Cərimənin əsası kimi sayğacın sıxacları sıxılmış hala düşməsi göstərilmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iştirak edərək bildirdi ki, cərimə yazılan ona məxsus sahədə təmir işləri aparılmışdır. Həmin sahədən istifadə olunmur, sayğaca müdaxilə olunmamışdır. Cərimə əsası kimi sayğacın sıxaclarının əzildiyi göstərilmişdir. "xxxx" ASC tərəfindən yazılmış 1300 manat məbləğində cərimə əsassızdır. Elektrik enejisinə dair müqavilə başqa şəxsin adına olsa da, sayğacın yerləşdiyi qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Lakin sayğacla bağlı cərimə silinmədiyinə görə öz adına sənədləşdirmə edə bilmir. Qeyd olunanların nəzərə alınmasının xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 bildirdi ki, əsasız olaraq heç bir şəxsə əsassız olaraq borc yazılmır. Belə ki, sayğaca həqiqətən müdaxilə edilmişdir.
5. Məhkəmə tərəflərin izahatını dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. 05 dekabr 2024-cü il tarixli, 067292 saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın sıxacları yığım əyilib yararsız hala salınmışdır.
7. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu, Qırılı kənd sakini İddiaçı ilə "xxxx" QSC arasında elektrik enerjisindən istifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********12001-dir.
8. X1 adına olan **********12001 saylı abonentin saldosundan görünür ki, X1 abonent hesabına “Qalıq və aktlar” əsasında 1300 manat borc yazılmışdır.
9. İş materiallarında olan, Ağstafa rayonu Qeydiyyat şöbəsi tərəfindən 23 oktyabr 2025-ci il tarixli 3-16-5/8-1205/2025 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 yanvar 2018-ci il tarixdə vəfat etmişdir.
10. AR ƏMDK DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən X2 aid elektrik sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın sıxacları əyilib yararsız hala salınmış, yoxlamanın nəticəsində 05 dekabr 2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən 1300 manat cərimə məbləği hesablanmışdır. Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, həmin borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
14. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 15.Bundan əlavə, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.
16. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
17. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, yoxlamanın nəticəsində onun barəsində 01 dekabr 2024-cü il tarixdə akt tərtib edilmişdir.
18. Məhkəmə həmin akta əsasən hesablanmış 1300 manat cərimənin məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarının 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Göründüyü kimi, cavabdeh təşkilat iddiaçıya elektrik enerjisindən qanunsuz qoşulub istifadə olunaraq 1300 manat cərimə məbləğinin hesablanmasının əsası kimi enerjisindən qanunsuz qoşulma kimi həmin məbləğ iddiaçıya hesablanmışdır.
21. Göründüyü kimi, sayğaca müdaxilə olunması ilə bağlı cavabdeh təşkilat tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qanunsuz qoşulma kimi hesablamalar aparılarkən enerji sərfiyyatı 90 gün müəyyən edilərək qeyd olunan cərimə hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan da görünür ki, iddiaçı tərəfindən əvvəlki dövrlər ərzində 1300 manat dəyərində elektrik enerjisindən istifadə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin cərimə tənasübsüz surətdə yüksək hesablandığından cərimə məbləği ağlabatan məbləğdə azaldılmalıdır.
22. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı barəsində "xxxx" ASC tərəfindən 05 dekabr 2024-cü il tarixli, 067292 nömrəli aktla elektrik enerjisindən qanunsuz qoşulmaya görə yazılmış cərimə məbləği 1300 manat cərimə məbləğindən 1100 manat silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı abonent hesabına Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli, 067292 saylı akt üzrə hesablanmış 1300 manat cərimə məbləğindən 1100 manat cərimə silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova