Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1591/2025 06.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1080,37 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında xüsusi mülkiyyətində yaşayış evi vardır. O, həmin mənzildə artıq 23 ildir ki, ailəsi ilə birlikdə yaşayır. Hər ay istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər etmişdir. Lakin buna baxmayaraq 21 fevral 2025-ci il tarixdə əsassız olaraq ona “AZƏRİŞİQ ASC"-nin “Qərb" RETSİ tərəfindən 1080,37 manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, nəzarətçi sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğaca gələn xəttin izolyasiya örtüyü pozularaq xüsusi sıxaclar vasitəsilə evə kənar xətt çəkilərək işlədicilər şəbəkəyə qoşulmuşdur. Bundan sora kənar xətt ləğv olunmuş və ona 1080,37 manat məbləğində cərimə yazılmışdır. İşıq naqillərinə mütəmadi olaraq "xxxx" ASC-nin Qərb RETSİ Ağstafa EŞ-nin əməkdaşları tərəfindən nəzarət olunur. O, xəttə müdaxilə etdiyini etiraf edir. Lakin xəttə müdaxilə bir gün əvvəl olmuş, o, həmin əməkdaşlara da bildirmişdir. Ona isə iki ilə ödəniləcək sərfiyyat qədər cərimə yazılmışdır. Onun hesabı ilə uzağı 1 manat enerji sərfiyyatı ola bilərdi.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı həqiqətən elektrik sayğacına müdaxilə etdiyini, lakin müdaxilənin barəsində akt tərtib edilməzdən cəmi bir gün əvvəl olduğunu bildirmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etirazını müdafiə edərək bildirdi ki, iddiaçının iddia ərizəsində özünün etirafından da onun sayğaca həqiqətən müdaxilə etdiyi görünür. Lakin iddiaçı cəmi bir gün müddətində elektrik sayğacına müdaxilə etdiyini bildirdiyinə baxmayaraq, barəsində akt tərtib olunandan bir gün sonra, yəni xx.xx.2025-ci il tarixdə həmin borcdan 500 manat məbləğində ödəniş etmiş, bu da abonentin abunə koduna işlənmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-1-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq iddiaçıya mübahisələndirilən borc düzgün hesablanmış, həmin Qaydalara uyğun olaraq, itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılan zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, aşkar olunmuş enerji pozuntularına dair xx.xx.2025-ci il tarixli, 369196 saylı akt tərtib olunmuş və həmin aktla iddiaçı abonent barəsində cəmi dəyəri 1080,37 manat məbləğində 180 gün üçün 8407kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. Göstərilənlərə əsasən, cavabdehin nümayəndəsi iddianı əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi.
5. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. 21 fevral 2025-ci il tarixli, 369196 saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca gələn xəttin izolyasiya örtüyü pozularaq xüsusi sıxaclar vasitəsilə evə kənar xətt çəkilərək işlədicilər şəbəkəyə qoşulmuşdur.
7. Abonentin saldosundan görünür ki, Ağstafa şəhər sakini İddiaçı ilə "xxxx" QSC arasında elektrik enerjisindən istifadəyə dair müqavilə mövcuddur. Belə ki, abonent kodu **********10463-dir.
8. İddiaçı adına olan **********10463 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 1080,37 manat borc yazılmışdır.
9. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin xx.xx.2025-ci il tarixli, 369196 saylı aktdan görünür ki, iddiaçı abonent barəsində cəmi dəyəri 1080,37 manat məbləğində 180 gün üçün 8407kvts (W=2,78kvt x 24 saat x 0,7 x 180 gün = 8407 kvt.s) miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən İddiaçı aid elektrik sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğaca gələn xəttin izolyasiya örtüyü pozularaq xüsusi sıxaclar vasitəsilə evə kənar xətt çəkilərək işlədicilər şəbəkəyə qoşulması barəsində 21 fevral 2025-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı 1080,37 manat borc hesablanmışdır.Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, həmin borcun silinməsini tələb edir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazını təqdim edərək, iddianın əsassız olduğunu, “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-1-ci və 8.17-2-ci bəndlərinə uyğun olaraq iddiaçıya mübahisələndirilən borcun düzgün yazıldığı, həmçinin xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən qeyd olunan borcdan 500 manat məbləğində ödəniş edildiyini bildirdi.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.
13. Həmin Qaydaların 7.11-ci bəndinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
14. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
15. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
16. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
17. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir.
18. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı adına olan yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, sayğaca gələn xəttin izolyasiya örtüyü pozularaq xüsusi sıxaclar vasitəsilə evə kənar xətt çəkələrək işlədicilər şəbəkəyə qoşulması faktı aşkar olunduğundan cavabdeh təşkilatın əməkdaşları tərəfindən 21 fevral 2025-ci il tarixli, 369196 nömrəli akt tərtib edilmiş və həmin aktın surəti iddiaçıya təqdim olunmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də, xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən mübahisələndirilən borcdan 500 manat məbləğində ödəniş edildiyi müəyyən olunur.
19. Məhkəmə hazırlıq iclasında iddiaçının izahatından da müəyyən olundu ki, o, həqiqətən qaz sayğacına müdaxilə etmiş, lakin həmin müdaxilənin daha sonra ləğv edilmişdir.
20. Göründüyü kimi, iddiaçı yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğaca gələn xəttin izolyasiya örtüyü pozularaq xüsusi sıxaclar vasitəsilə evə kənar xətt çəkilərək işlədicilər şəbəkəyə qoşulmuş və onun işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıdığı halda həmin sayğaca müdaxilə etmişdir. İddiaçı həmin müdaxilənin bir gün müddətində baş verdiyini həm iddia ərizəsində, həm də hazırlıq iclasında göstərsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
21. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh tərəfindən əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır.
Nəticə Hissə:
22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova