Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1595/2025 25.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 4613,76 (dörd min altı yüz on üç manat yetmiş altı qəpik) manat miqdarında əsassız olaraq yazılmış borcun sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları onun qaz sayğacına baxış keçirmiş və nəticədə saxta akt tərtib edilərək guya sayğacdan öncə dəmir boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etmişdir. Aktın surətindən də göründüyü kimi o, akta imza etməkdən imtina etmişdir. Lakin əslində isə onun aktdan ümumiyyətlə məlumatı olmamışdır. Sayğacdan əvvəl borunun qoşulmasından ümumiyyətlə onun məlumatı olmamışdır. Həmin vaxt evdə ümumiyyətlə ailə üzvləri olmamışdır. Evdə ustadan başqa heç kim olmamışdır. Usta yanlışlığa yol verərək boru xəttini səhv çəkmiş ola bilər. Ona görə də, həmin əsassız olaraq yazlmış borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı bildirdi ki, həmin borunun çəkilməsindən onun və ailə üzvlərinin hadisədən xəbəri olmamışdır. Belə ki, evdə usta işləyərkən bilmədən həmin xətti çəkmişlər. Onun həmin xətdən heç bir xəbəri olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 bildirdi ki, iddia tələbi əsasızdır. Belə ki, İddiaçı həmin borudan istifadə etmişdir. Cavabdeh əməkdaşları tərəfindən cərimə yazılarkən video çəkiliş aparılmışdır. İddiaçı tərəfindən yaranmış problemlə bağlı Cavabdehnə nə rəsmi, nə də yazılı məlumat daxil olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən müəyyən edildi ki, daşıyıcı xətdən sayğacdan öncə dəmir boru vasitəsi ilə qaynaqla birləşmə edib qazdan qeyri-qanuni istifadə edir.
7. Abonentin saldosu adlı çıxarışdan görünür ki, ünvan 1 ünvanına dair İddiaçı ilə Cavabdeh İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Belə ki, abonent kodu **********80000-dır. 2023-cü il ərzində onun cəmi qaz sərfi 652 m3 olmaqla 156,80 manat olmuşdur.
8. İddiaçının adına olan **********80000 saylı abonentin saldosundan görünür ki, İddiaçının abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-ci il üzrə 4613,76 (dörd min altı yüz on üç manat yetmiş altı qəpik) manat borc yazılmışdır.
9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında - qaz işlədicilərindən QSSQ (300 L) maksimal saatlıq qaz sərfi 2,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Qaz plitəsi PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, İran sobası-nın maksimal saatlıq qaz sərfi 1,2 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. 2,5x24x360=21600 m3, 1,2x24x360=10368 m3, 1,5x24x180=6480 m3, Cəmi: 38448 m3
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən müəyyən edildi ki, daşıyıcı xətdən sayğacdan incə dəmir boru vasitəsi ilə qaynaqla birləşmə edib qazdan qeyri-qanuni istifadə etməsi kimi yoxlamanın nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 4613,76 (dörd min altı yüz on üç manat yetmiş altı qəpik) manat borc yazılmışdır. Bu səbəbdən hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək borcun silinməsini tələb edir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
13. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
15. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
16. Məhkəmə qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir.
17. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
18. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.
21. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.
24. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə abonentin əlavə xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməməsi sübuta yetirilməsə də, yuxarıda qeyd olunan sənədlərindən müəyyən olunur ki, iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində abonent kodu **********80000-dır. 2023-cü il ərzində onun 12 ay üçün cəmi qaz sərfi 652 m3 olmaqla 156,80 manat olmuşdur. İddiaçıya hesablanan 6 aylıq qaz sərfi isə 4613,76 manat təşkil edir. Həmin müddət ərzində iddiaçının qeyd edilən məbləğdə qaz sərf etməsi mümkün deyildir. Buna görə də abonentin 6 ay ərzində istifadə etdiyi 4613,76 manat dəyərində olan (2,5x24x360=21600 m3, 1,2x24x360=10368 m3, 1,5x24x180=6480 m3, Cəmi: 38448 m3 = 4613,76 manat) təbii qaz sərfiyyatı həddindən artıq hesablandığından həmin məbləğ 2613,76 manat azaldılaraq 2000 (iki min) manat həddində müəyyən olunmalıdır.
25. Bu səbəbdən iddia qismən təmin edilməli, İddiaçı abonent hesabına Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 4613,76 manat cərimə məbləğindən 2613,76 manat cərimə silinməlidir.
26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Qeyd olunan Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
32. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
33. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 4613,76 (dörd min altı yüz on üç manat yetmiş altı qəpik) manat olsa da həmin məbləğ 2613,76 manat azaldılaraq 2000 (iki min) manat həddində müəyyən edildiyindən Cavabdeh İB-dən 40 (qırx) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.
Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı abonent hesabına Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 4613,76 manat cərimə məbləğindən 2613,76 manat cərimə silinsin. Cavabdehndən 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova