Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1715/2025 18.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) miqdarında borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər bir təsərrüfatda olduğu kimi o da bütün növdə olan komunal təsərrüfatlardan istifadə edir, istifadə etdiyi kommunal xidmətlərin xərclərini vaxtlı-vaxtında ödəyir. Lakin təbii qazdan istifadə ümumiyyətlə etmir. Belə ki, sayğacın olmasına baxmayaraq onun yaşadığı evə təbii qazın girişi ümumiyyətlə yoxdur. Buna baxmayaraq iş üzrə cavabdeh olan Cavabdeh Şəmkir X2 İdarəsinin əməkdaşları onun qaz sayğacının istismar müddətinin başa çatması və dəyişmək adı ilə yoxlama keçirmiş və nəticədə saxta akt tərtib edərək sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plomb aşkar edilməməsinə görə akt tərtib etmişlər. Həmin aktdan onun xəbəri yoxdur. Onun 95 yaşı var və bu yaşda sayğaca müdaxilə etmək inanılmazdır. Nəticə etibarı ilə qaz itgisini bəhanə edərək 1.555 manat 20 qəpik əlavə ödəniş kimi müəyyən etmişlər. Onun bundan bu yaxınlarda məlumatı olmuşdur. Göründüyü kimi, 2 il qaz açıq havaya buraxılsa belə bu qədər sərfiyyat ola bilməz. Ona görə də, həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh İB-nə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli, aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın plastmas qapağının üzərində zavod qurğusunun plombu aşkar edilmişdir. Sayğac qazın həcmini qeyd etmir. Dəymiş ziyan hesablanaraq ödənilməlidir.
8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu, Sadıxlı kənd sakini İddiaçı ilə Cavabdeh İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Belə ki, abonent kodu **********03530-dir.
9. İddiaçı adına olan **********03530 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc yazılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyənləşdirilmişdir ki, sayğacın plastmas qapağının üzərində zavod qurğusunun plombu aşkar edilmişdir. Sayğac qazın həcmini qeyd etmir. Dəymiş ziyan hesablanaraq ödənilməlidir. Yoxlamanın nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc yazılmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacın plastmas qapağının üzərində zavod qurğusunun plombunun aşkar edilməsi, sayğac keçən qazın həcmini qeyd etməməsi müəyyən olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
18. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.
19. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh İB tərəfindən Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli, aktı ilə İddiaçı hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc silinməlidir.
20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
25. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
26. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat olduğundan Cavabdeh İB-dən 35,55 manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********03530 saylı abunə hesabına Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli, üzrə hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc silinsin. Cavabdehndən 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova