Məhkəmə qərarları › İş №2(015)-193/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-193/2024

14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-193/2024 14.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə qeyri-qanuni şəkildə yazılmış 1080 (bir min səksən) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, onun «Azəriqaz» İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair iddiası və mübahisəsi sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan həmin mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aşağıdakılara əsasən baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı adına qeydiyyat tarixi xx.xx.2007-ci il, qeydiyyat nömrəsi ********* olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində ümumi sahəsi 0,76 ha, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar