Məhkəmə qərarları › İş №2(015)-297/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-297/2024

02.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-297/2024 02.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X13 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı prosessual hüquqi varisi X1 və onun nümayəndəsi, vəkil X7, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı tərəf Ağstafa Rayon Notariat Ofisinə qarşı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi və mülkiyyət verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi və mülkiyyət verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş, X3 onun prosessual hüquqi varisi qismində mülki işə cəlb olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum qızının adına ünvan 1 ünvanda həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ondan ünvan 1 ünvanında yerləşən yaşayış evindən ¼ (dörddə bir) hissədə miras əmlak qalmış, həmin miras əmlakı qəbul etmişdir. Amma onun qızları olan cavabdehlər qızından miras qalmış əmlaka dair ona düşən hissəni vermək istəmirlər. Bu səbəbdən o, birinci növbəli vərəsə kimi qızından qalan miras əmlakdan ona çatası payı tələb edir. Ona görə də ünvan 1 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi və mülkiyyət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı prosessual hüquqi varisi X3 və onun nümayəndəsi, vəkil X10 iddia ərizəsində qeyd edilənlər ilə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı tərəf Ağstafa rayon Notariat Ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə X5 mülkiyyətinə verilmiş, sonuncu isə 25 fevral 2022ci il tarixdə vəfat etmişdir. Hazırki mübahisə üzrə miras əmlak toplusuna X5 adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 1/4 hissəsi daxildir. İş materiallarında olan Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 25 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X6 vəfatından sonra sağ qalmış vərəsələri anası İddiaçı, övladları Cavabdeh1 və Cavabdeh2 ibarətdir. Həmin vərəsələrin birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Ona görə də miras əmlak üzrə onların payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-nin 1172-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. MM-nin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə payların hansı hissədə bölünməsi hissəsində isə aşağıdakıları qeyd edir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə X5 mülkiyyətinədir. Bu işin mübahisəsiz halıdr və iş materialları ilə təsdiq olunur. Məlumdur ki, iddiaçının və cavabdehlərin birinci növbəli vərəsə kimi X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 1/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Nəzərə alsaq ki, qanun üzrə vərəsələrin sayı 3 nəfər olduğundan onların qanun üzrə vərəsəlik hüquqları bərabər şəkildə tanınmalıdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin ¼ (dörddə bir) hissəsi, yəni 25%-i miras əmlakdır. Nəzərə alsaq ki, miras qoyanın 3 vərəsəsi var, bu da ümumi əmlaka paylar üzrə 3/12 təşkil edir. X4 miras qalmış ¼ (dörddə bir) hissəyə İddiaçı ümumi əmlak üzərində ¾ (dörddə üç) hissədə payı olması nəzərə alınaraq 11/12 hissəsinə, Cavabdeh1 1/12 hissəsinə, Cavabdeh2 1/12 hissəsinə qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Məhkəmə iddia tələblərinin mülkiyyət hüququnun verilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, vərəsələr miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri aldıqdan sonra həmin şəhadətnamə əsasında onların mülkiyyət hüququ tanınaraq bu barədə daşınmaz əmlak tərəfindən çıxarış veriləcəkdir. Həmin hal isə qətnamənin icrası mərhələsinə aid olduğundan iddia tələbi qeyd olunan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin ¼ (dörddə bir) hissəsini X4 miras qalmış əmlakı faktiki qəbul etmə faktı müəyyən edilsin. Daşınmaz Əmlakın Dövlət Reyesterində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 11/12 hissəsinə İddiaçı, 1/12 hissəsinə Cavabdeh1, 1/12 hissəsinə isə Cavabdeh2 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar