Məhkəmə qərarları › İş №2(015)-307/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-307/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-307/2023 07.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh 04 dekabr 2020-ci il tarixli MAS-3051 sylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2022-ci il tarixdə 563.25 manat gecikdirilmiş əsas, 118.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 288.62 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1.317,50 manat, ümumilikdə 2287.99 manat borcun və ödənilmiş 42.88 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 04 dekabr 2020-ci il tarixli MAS-3051 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAAC1HFFMK650023 ban nömrəli, boz rəngli avtomobil 13.900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X1 illik 19% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit pul məbləği olmaqla 395.89 manat, ümumilikdə isə 17.352 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17.352 manatın 13.900 manatını əsas məbləğ təşkil edir. 05 aprel 2021-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-3051 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzrərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 26 iyun 2022-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş, bundan sonra qüsur aktı tərtib olunmuş və həmin akta əsasən avtomobilə 1317,50 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 04 dekabr 2020-ci il tarixli MAS-3051 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 970,49 manat gecikmə borcu yaranmışdır. Ona görə də Cavabdeh 04 dekabr 2020-ci il tarixli MAS-3051 sylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2022-ci il tarixdə 563.25 manat gecikdirilmiş əsas, 118.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 288.62 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1.317,50 manat olmaqla, ümumilikdə 2.287,99 manat borcun və ödənilmiş 42.88 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Lakin İddiaçı MMC-nin direktoru İsmayılov R.A iddia əizəsinə əlavə etdiyi ərizədən görünür ki, məhkəmə iclasında iştrak edə bilmir, ona görə də iddia tələbini müdafiə edərək təmin olunmasın xahiş edir, eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, ödənişləri vaxtı vaxtında ödəmiş və avtomibili o, yararsız vəziyyətə salmamışdır. Avtomobili təhvil verən zaman İddiaçı MMC tərəfindən tam yoxlanılmayıb təhvil alınmışdır. Əgər təhvil verən zamanı hər hansı problem olsa idi ona bildirməli idilər. O, avtomobili 12 avqudt 2022-ci il tarixdə təhvil vermiş və həmin vaxtdan bu günə kimi avtomobilin yararsız olması ilə bağı ona məlumat verməmişlər. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 04 dekabr 2020-ci il tarixli MAS-3051 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAAC1HFFMK650023 ban nömrəli, boz rəngli avtomobil 13.900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X1 illik 19% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17.352 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənməli olan ümumilikdə 17.352 manatın 13.900 manatını əsas məbləğ təşkil edir. 05 aprel 2021-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-3051 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzrərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 26 iyun 2022-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş, bundan sonra qüsur aktı tərtib olunmuş və həmin akta əsasən avtomobilə 1.317,50 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 04 dekabr 2020-ci il tarixli MAS-3051 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 970,49 manat gecikmə borcu yaranmışdır. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə edilməsinə görə 563.25 manat tələb edilməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə edilməsinə görə 563.20 manat gecikdirilmiş borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin Cavabdeh tələb olunan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 1.317,50 manat olmaqla, cəmi 2.000,37 (iki min manat otuz yeddi qəpik) manat borca münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda sadalanan maddələrin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq obyekti olan əmlaka sahiblik və ondan istifadə üçün ödəniş edilməsi, əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq obyekti olan əmlaka sahiblik və ondan istifadə üçün ödəniş etməməsi, həmçinin lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə lizinq obyekti olan əmlaka dəyən zərərə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Lakin, iş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktda lizinq obyekti olan avtomobildə qüsurlar olması göstərilsə də, həmin avtomobil saxlanca qəbul edilən zaman Cavabdeh iştirak etməmiş, bu barədə akta imza etməmişdir. Bundan başqa avtomobildə qüsurlar olması xx.xx.2022-ci il tarix göstərilsə də ziyanlığın məbləği barədə iddiaçının özünə məxsus servis tərəfindən üç ay sonra xx.xx.2022-ci il tarixdə qüsur aktı tərtib olunmuşdur. Həmin akt tərtib edilən zaman Cavabdeh iştirak etməmiş, bu barədə akta imza etməmişdir. Cavabdehin nəinki saxlanca qəbul aktında, heç yoxlama başlanana qədər tərtib olunmuş sənəddə də imzası yoxdur. Bu isə onun yoxlamada ümumiyyətlə iştirak etməsini istisna edir. İddiaçı tərəf bu halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı təşkilat tərəfindən isə cavabdehin həmin avtomobilə qəsdən və ya ehtiyatsızlıqla maddi ziyan vurması, həmin ziyanın həqiqətən vurulduğunun aşkar olması, cavabdehin əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və qanunazidd əməli ilə dəymiş ziyan arasında səbəbli əlaqənin olması, cavabdehin iddiaçı təşkilata birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, həmin əməlinə görə iddiaçı təşkilatın əmlakına ziyan vurması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tələb olunan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 1.317,50 manat olmaqla, cəmi 2.000,37 (iki min manat otuz yeddi qəpik) manat borca aid hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 1 manat müəyyən edilməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 42,88 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə edilməsinə görə 563.25 manat gecikdirilmiş əsas, 118.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1 manat dəbbə pulu olmaqla, cəmi 682,87 manat və ödənilmiş 42,88 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamılıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə edilməsinə görə 563.25 manat gecikdirilmiş borc, 118.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1 manat dəbbə pulu olmaqla, cəmi 682,87 (altı yüz səksən iki manat səksən yeddi qəpik) manat və ödənilmiş 42,88 (qırx iki manat səksən səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar