Məhkəmə qərarları › İş №2(015)-309/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-309/2025

11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-309/2025 11.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış debitor borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq hesablanmış 198 (yüz doxsan səkkiz) manat debitor borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia ərizəsinə əlavə barədə ərizə təqdim edib cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq hesablanmış 229,62 (iki yüz iyirmi doqquz manat altmış iki qəpik) manat debitor borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə baxış iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib izahatında göstərdi ki, 16 iyun 2024-cü il tarixində X2 İdarəsindən ona məktub gəlmişdir. Məktubda qeyd olunmuşdur ki, onun 198 manat debitor borcu var və həmin borcun ödənilməsi üçün 8 gün vaxtı olduğu qeyd olunmuşdur. Borcu ödəmədiyi halda təbii qazın verilməsinin dayandırılacağı bildirilmişdir. O, hər ay ödənişlərini etmişdir. Bundan sonra həmin borcla maraqlanmışdır. Onun borcu olmasını heç kim sübut edə bilmir, lakin həmin borcun ödənilməsini tələb edirlər. Ona həmin borcdan 87 manat ödətmişlər ki, əks halda qazı kəsirlər. 2012-ci ildə sayğac dəyişdirilən zaman sayğacın göstəricisi sıfır olduğu halda 1431 kub sərfiyyat yazmışlar. 2017-ci ildə sayğac dəyişdirilən zaman sərfiyat abanent saldosunda 4282 göstərilir, lakin tərtib olunan aktda 3561 qeyd olunmuşdur. Hal-hazırda 229,62 manat ondan əsası olmayan debitor borc tələb edirlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilatın nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçı və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı təbii qazdan istifadə etmiş, lakin borcunu ödəməmişdir. İddiaçının təbii qazdan istifadəyə görə 229,62 manat debitor borcu yaranmışdır. Göndərilmiş xəbərdarlıqların icrası olaraq iddiaçı tərəfindən itirilmiş təbii qaz sərfinə görə müəyyənləşdirilmiş dəymiş ziyan ödənilməmiş qalmaqdadır. Bu barədə idarənin rəhbərliyi tərəfindən həmin vətəndaşa qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada “xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdeh hal-hazıra qədər həmin məbləği ödəməmişdir. İş üzrə iddiaçı onun debitor borcunun olmamasını, ona yazılmış həmin borcun əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış təbii qazdan istifadəyə dair müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilməsi, cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilatın iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçının isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürməsi, bundan başqa iddiaçının təbii qazdan istifadə etməsi, lakin borcunu ödəməməsi, iddiaçının təbii qazdan istifadəyə görə 229,62 manat debitor borcu yaranması, göndərilmiş xəbərdarlıqların icrası olaraq iddiaçı tərəfindən itirilmiş təbii qaz sərfinə görə müəyyənləşdirilmiş dəymiş ziyanın ödənilməmiş qalması, bu barədə idarənin rəhbərliyi tərəfindən həmin vətəndaşa qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada “xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdehin hal-hazıra qədər həmin məbləği ödəməməsi, iş üzrə iddiaçının onun debitor borcunun olmamasını, ona yazılmış həmin borcun əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış debitor borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar