Məhkəmə qərarları › İş №2(015)-414/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-414/2025

03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-414/2025 03.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz qaydada əsassız olaraq yüklədiyi və yazılmış 1053.95 (min əlli üç manat doxsan beş qəpik) manat miqdarında borcun sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər bir təsərüfat kimi bütün növdən olan kommunal təsərrüfatlardan istifadə edir. İstifadə etdiyi kommunal xidmətlərin xərclərini vaxtı-vaxtında ödəyir. Bunlardan biri də təbii qazdan istifadədir ki, onları da qaydasında həyata keçirir. Yaşadığı evdə quraşdırılmış sayğac Smart sayğacdır, yəni elektrik enerjisini karta pul vuraraq istifadə edir. Buna baxmayaraq, iş üzrə “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları xx.xx.2023-cü il tarixdə guya onun qaz sayğacından istifadə qaydalarını pozmağı səbəbi ilə yoxlama keçirmişlər. Həmin zaman o və ailə üzvləri evdə olmamışdır. Ona görə də, sayğac yoxlanılarkən hansı pozuntular aşkar edildiyini bilməmişdir. Əgər pozuntular var idisə nəyə görə hal-hazıradək aşkar olunmayıb. Odur ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz qaydada əsassız olaraq yüklədiyi və yazılmış 1053.95 (min əlli üç manat doxsan beş qəpik) manat miqdarında borcun sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

4. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan qaz keçdiyini hesablama mexanizminin qazı hesablamadığı qeyd edilmişdir.

8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Həsənsu kənd bina 049 mənzil 2450-nin sakini İddiaçı ilə “Azəriqaz” İB arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********02450-dir.

9. İddiaçı adına olan **********02450 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 1053.95 (min əlli üç manat doxsan beş qəpik) manat borc yazılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğacdan qaz keçdiyini hesablama mexanizminin qazı hesablamadığını qeyd olunaraq, yoxlamanın nəticəsində onun barəsində akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 1053.95 (min əlli üç manat doxsan beş qəpik) manat borc yazılmışdır.Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazı qeyd etməmişdir. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.

18. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu Həsənsu kəndində yerləşən evinə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.

19. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən Ağstafa rayonu Həsənsu kənd bina 049 mənzil 2450-də yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli, ******* nömrəli aktı ilə İddiaçı hesablanmış 1053.95 (min əlli üç manat doxsan beş qəpik) manat borc silinməlidir.

20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Dövlət rüsumu haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçı şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********02450 saylı abonent hesabından “Azəriqaz” İB tərəfindən 20 aprel 2023-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1053,95 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar