Məhkəmə qərarları › İş №2(015)-459/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-459/2025

02.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-459/2025 02.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı X1, Cavabdeh-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı X1 Cavabdeh-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1126,82 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Ağstafa şəhər məhəllə 27 ünvanında fərdi yaşayış evi var. Cavabdeh "xxxx" ASC əsassız olaraq evinə əsassız olaraq 1126, 82 manat borc yazmışdır. Bu borcun yazılması barəd ona heç bir xəbərdarlıq belə təqdim edilməmişdir. Səbəb isə onun güya işıq sayğacıına müdaxilə etməsi olmuşdur. Bu barədə 2024-cü ilin dekabr ayında əsassız olaraq iştirakı olmadan akt tərtib edilmişdir. Lakin o sayğaca heç bir müdaxilə etməmişdir. Akt tamamilə səhvdir. Ona görə də hesab edir ki, həmin akt əsassız olduğu üçün ləğv olunmalıdır. Heç bir əsas göstərilmədən ona əsassız olaraq 1126,82 manat borc yazılmışdır.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında iddiaçı X3 iştirak edərək bildirdi ki, o, işıq sayğacına müdaxilə etməmişdir. Həmin sayğacda heç bir qüsur olmamışdır. O, müdaxilə etdiyini qəbul edərək bu qədər cərimə yazılmasını düzgün hesab etmir. Cavabdeh tərəfində yazılmış 1126,82 manat məbləğində cərimə əsassızdır. Odur ki, nəzərə alınmasının xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh-nin nümayəndəsi X4 iştirak edərək, bildirdi ki, əsasız olaraq heç bir şəxsə əsassız olaraq borc yazılmır. Belə ki, iddiaçının yaşadığı evdən sökülmüş istifadəyə yararsız sayğacın müayinəsi zamanı sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. İddiaçı etiraf etməsədə, sayğaca həqiqətən müdaxilə edilmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin əməkdaşı X6 bildirdi ki, o, iddiaçının evinə baxış keçirilən zaman kənar xətt aşkar olunmuş və akt tərtib edilmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, iddiaçının qonşusudur. O, işdən gələn zaman iddiaçının sayğacını dəyişdirildiyini kartla olan sayğacdan qoyulduğunun şahidi olunmuşdur. Sayğaca heç bir müdaxilə edilmədiyinin şahididir. Kənar müdaxilələrdən xəbəri yoxdur, bununla bağlı heç bir məlumatı yoxdur.

7. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. 01 dekabr 2024-cü il tarixli, 368924 saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca gələn xəttin izalyasiya örtüyünü pozaraq, evinə kənar xətt çəkərək işləyicilirə şəbəkəyə qoşmamışdır.

9. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa şəhər sakini İddiaçı ilə "xxxx" QSC arasında elektrik enerjisindən istifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********001797-dir.

10. İddiaçı adına olan **********001797 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 1126,82 manat borc yazılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən İddiaçı aid elektrik sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, yoxlama aparılarkən sayğaca gələn xəttin izalyasiya örtüyünü pozaraq, evinə kənar xətt çəkərək işləyicilirə şəbəkəyə qoşmadığı aşkar olunaraq, yoxlamanın nəticəsində onun barəsində 01 dekabr 2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçı da iştirak edərək akta imza etmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 1126,82 manat borc yazılmışdır.Eyni zamanda, həmin fakt cavabdeh təşkilatın əməkdaşları tərəfindən telefonla çəkilərək DVD diskə yazılmış, həmin diskə isə məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı ilə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş 01 dekabr 2024-cü il tarixli, 368924 nömrəli akt tam qanuni və əsaslıdır. Bu hallar mübahisəsizdir, tərəflər bu halları təsdiq edir. Həmin akta əsasən cavabdeh tərəfindən ziyanın məbləği 1126,82 manat müəyyən olunmuşdur. Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, həmin borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

14. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

15. Bundan əlavə, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

16. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

17. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir. Göründüyü kimi, "xxxx"ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus evdə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış keçirilmiş, yoxlama aparılarkən sayğaca gələn xəttin izalyasiya örtüyünü pozaraq, evinə kənar xətt çəkərək işləyicilirə şəbəkəyə qoşmadığı aşkar olunaraq, yoxlamanın nəticəsində onun barəsində 01 dekabr 2024-cü il tarixdə akt tərtib edilmişdir.

18. Məhkəmə həmin akta əsasən hesablanmış 1126,82 manat cərimənin məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

20. Göründüyü kimi, cavabdeh təşkilat iddiaçıya elektrik enerjisindən qanunsuz qoşulub istifadə olunaraq 1126,82 manat cərimə məbləğinin hesablanmasının əsası kimi 180 gün (6 ay) elektrik enerjisindən qanunsuz qoşulma kimi həmin məbləğ iddiaçıya hesablanmışdır.

21. Göründüyü kimi, enerji təchizatı müəssisəsi sayğaca hər ay baxış keçirərək istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Lakin, bu barədə hər ay iddiaçıya məlumat verilməmiş və bu barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qanunsuz qoşulma kimi hesablamalar aparılarkən enerji sərfiyyatı 180 gün müəyyən edilərək qeyd olunan cərimə hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan da görünür ki, iddiaçı tərəfindən əvvəlki dövrlərdə də 180 gün (6 ay) ərzində 1126,82 manat dəyərində elektrik enerjisindən istifadə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin cərimə tənasübsüz surətdə yüksək hesablandığından onun məbləğindən 926,82 manat silinməlidir.

22. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı barəsində "xxxx" ASC tərəfindən 01 dekabr 2024-cü il tarixli, 368924 nömrəli aktla elektrik enerjisindən qanunsuz qoşulmaya görə yazılmış cərimə məbləği 1126,82 manat cərimə məbləğindən 926,82 manat silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.

23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı barəsində "xxxx" ASC tərəfindən 01 dekabr 2024-cü il tarixli, 368924 nömrəli aktla elektrik enerjisindən qanunsuz qoşulmaya görə yazılmış cərimə məbləği 1126,82 manat cərimə məbləğindən 926,82 manat silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar