Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-470/2023 11.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Vəliyev Füzüli Rəşid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1964-cü il təvəllüdlü Vəliyev Füzüli Rəşid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin Vəliyev Füzüli Rəşid oğlu adlı qardaşı vardır. Adını qeyd etdiyi qardaşı anadangəlmə ruhi xəstədirvə 2-ci dərəcəli əlil olmaqla onun himayəsindədir. Hətta qardaşı ömürlük ikinci dərəcə əlilliyə görə müavinət alır. Qardaşı ruhi xəstə olduğundan onun özünün qulluğa ehtiyacı vardır. Bu səbəbdən də onu bir dəqiqə də olsun gözündən uzaq qoymur. Belə ki, o tək olanda heç cürə özünü sərbəst apara bilmir. Bundan başqa əvvəllər anası və bacısı qardaşına baxsa da sonradan anası vəfat etmiş bacısı isə ailə həyatı qurmuşdur. Atası da yaşlanıb və onun özünün də qulluğa ehtiyacı vardır. Bu səbəbdən də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qardaşı psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir və o, qardaşının üzərinə qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X5 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin və nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Vəliyev Füzüli Rəşid oğlu Ərizəçi qardaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Vəliyev Füzüli Rəşid oğlu sağlamlıq imkanları məhduddur və ona “”Oliqofreniya, İmbesil dərəcəsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1816 saylı rəyində göstərilmişdir ki, “ ... xx.xx.1964-cü il təvəllüdlü Vəliyev Füzüli Rəşid oğlunda İmbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. O öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də Vəliyev Füzüli Rəşid oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.”. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Vəliyev Füzüli Rəşid oğlu onun qardaşıdır. Qardaşı uzun illərdir ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı uzun illərdir ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, xx.xx.1964-cü il təvəllüdlü Vəliyev Füzüli Rəşid oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu baxımdan o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olan Vəliyev Füzüli Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə Vəliyev Füzüli Rəşid oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(015)-470/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-470/2023
11.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver