Məhkəmə qərarları › İş №2(015)-506/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-506/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-506/2023 18.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 1631,18 manat cəriməninin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildiridi ki, onun adına **********01370-saylı təbii qaz abonent saldosu vardır. Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona 1631,18 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. Hazırda o, həmin evdə yaşayır və təbii qaz sayğacına onun və heç kimin müdaxiləsi olmadığı halda aktla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Qaz sayğaclarına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün barəsində bu vaxta kimi heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın özü tərəfindən onun istidafəsində təbii qaz sayğacına güyaki baxış keçirilmiş çıxış borusunun deşilməsi qeyd edilmişdir. B elə ki, sayğacın ağzı mühürlü olduğu halda onun plastmas borusu deşilə bilməz. Qaz sayğacının istismar müddəti çoxdan keçmişdir. Göründüyü kimi cavabdehin yadığı əsassız cərimə heç bir məntiqə söykənmir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 1631,18 manat cəriməninin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, iddiaçı təşkilat cavabdehi təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, cavabdeh isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. İş materiallarında olan Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yaşayan İddiaçı ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********01370dir, onun ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri və qızdırıcı radiator peçi vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********01370 İddiaçı məxsus Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən evdə sayğacın quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki,sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizmi açıq vəziyyətdədir. Həmin akt TTQ və SX-nin mühəndisi Rzayev Bayram, TTQ və SX-nin texniki Əsgərov Vüsal və TTQ və SX-nin çilingəri Anar Budaqov tərəfindən imzalanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacıistehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu Aşağı Kəsəmən kəndində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 1631,18 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İB-yi tərəfindən abonent kodu **********01370 olan İddiaçı yazılmış 1631,18 (min altı yüz otuz bir manat on səkkiz qəpik) manat borc silinsin. “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 36,31 (otuz altı manat otuz bir qəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar