Məhkəmə qərarları › İş №2(015)-566/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-566/2024

01.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-566/2024 01.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, Ərizəçi Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasına” qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Ağstafa rayonu Xılxına kəndində anadan olmuş X8 və xx.xx.1988-ci ildə Ağstafa rayonu Qırılı kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsini və onların rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 üzərində onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək tələbinin X6 dair hissəsindən imtina etdiyindən, məhkəmənin 06 dekabr 2023-cü il tarixli 2(015)-1210/2023 saylı qərardadı ilə onun tələbinin həmin hissədə baxılmadan geri qaytarılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında Ərizəçi tələbini müdafiə edib göstərdi ki, onun qardaşı X8 xx.xx.1992-ci ildə Ağstafa rayonu Xılxına kəndində, onun həyat yoldaşı X9 isə xx.xx.1988-ci ildə Ağstafa rayonu Qırılı kəndində anadan olmuşdur. Onların birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Pərnisə adlı bir uşaqları anadan olmuşdur. Hazırda uşaq onun himayəsində yaşayır. Belə ki, hazırda qardaşı ruhi xəstəlikdən əziyyət çəkir və ruhi xəstə kimi qeydiyyatdadır. Onun həyat yoldaşı X9 da ruhi xəstə olmaqla Qazax şəhərində ruhi xəstəxanada yatır. Hazırda qardaşı Mahir ruhi xəstə olduğu üçün uşağa baxmaq iqtidarında deyil. Qardaşı Mahir atası ilə bir evdə yaşayır. Həmçinin qardaşı uşağına baxmır və baxmaqdan da imtina edir. Onun anlaqsız vəziyyəti daha da artdığından hesab edir ki, onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Pərnisə üzərində onun qəyyum təyin olunmağı zərurəti yaranmışdır. Məhkəmə hazırlıq iclasında Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsi X10 bildirdi ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl komissiyaya uşağı qəyyumluğa götürməklə bağlı şifahi müraciət etmiş, ona uşağın hər iki valideyni sağ olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hal-hazırda ekspert rəyində şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin mümkünsüzlüyü və təfəkkürünün yerində olması qeyd olunmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Ərizəçi və Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin ifadəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin ksero surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu Xılxına kəndində anadan olmuş və həmin ünvanda da pasport qeydiyyatındadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin ksero surətindən görünür ki, X8 ilə X9 05 mart 2021-ci il tarixdə Ağstafa rayon Xılxına kənd İƏD üzrə nümayəndəliyində 01 saylı qeydlə rəsmi nikah bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin ksero surətindən görünür ki, X8 ilə X3 rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə Pərnisə adlı bir qız uşaqları anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Baş Səhiyyə İdarəsi 2 saylı X1 verilmiş, sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 276/10 saylı, xx.xx.2010-cu il tarixli aktdan görünür ki, 1992-ci il təvəllüdlü X7 yüngül dərəcəli kəmağıllıq (yüngül debillik dərəcəsi) F 70.0 diaqnozu qoyulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1210/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərardadı ilə X4 psixi vəziyyətini müəyyən etmək üçün mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 381 saylı rəyindən görünür ki, X5 Yüngül ifadəli kəmağıllıq (yüngül debillik dərəcəsi) müəyyən edilir. X5 ruhi xəstəlik deyil, əqli gerilik müəyyən edilir. Onda müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmamışdır ki, o öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmasın. Buna görə də X8 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Göründüyü kimi, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X4 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 381 saylı rəyi ilə X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olması müəyyən olunmuşdur. Buna görə də ekspert tərəfindən X8 fəaliyyət qabiliyyətli şəxs hesab edilmişdir. Hazırki vəziyyətdə Mahir Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X4 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edildiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 381 saylı rəyi ilə X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olması müəyyən olunduğundan və o, fəaliyyət qabiliyyətli şəxs hesab edildiyindən, Mahir Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud olmadığından ərizə təmin oluna bilməz. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasına” qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar