Məhkəmə qərarları › İş №2(015)-6/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-6/2025

24.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-6/2025 24.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “qanunsuz (özbaşına) tikilinin, qoyulmuş dəmir darvazanın cavabdehlərin hesabına sökülərək gediş-gəliş yolunun açılması, gediş-gəliş yolundan istifadə olunmasına qanunsz müdaxiləyə son qoyulması, vurulmuş və əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası (AR) İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, **********11-10301 reyestr nömrəsi ilə qeydə alınmış “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Ağstafa rayonu, Qarahəsənli kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin bağ hissəsindəki ümumi istifadədə olan yolda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılmış qanunsuz (özbaşına) tikili (daş hasar) və həmin ərazidə qoyulmuş cavabdehlərə məxsus dəmir darvazanın cavabdehlərin hesabına sökülərək gediş-gəliş yolunun açılmasını, həmin gediş-gəliş yolundan iddiaçı və onun ailə üzvlərinin sərbəst şəkildə istifadələrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən qanunsuz müdaxiləyə son qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pul və əldən çıxmış faydaya görə 3.000 (üç min) manat mənləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,0 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8.100 (səkkiz min yüz) manat pulun müşətərək qaydada tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, **********1-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayon Qarahəsənli kəndindəki 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 138.3 kvm olan fərdi yaşayış evi mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinin bağ tərəfindəki qonşuluqda yaşayırlar. Bu yaxınlarda cavabdehlər onun evdə olmamasından istifadə edərək, ona məxsus 0,25 ha torpaq sahəsinin bağ hissəsindəki dəmir toru açıb orada yetişdirilmiş, ona məxsus olan 2 ədəd 50 illik tut ağacını, 2 ədəd 50 illik iydə ağacını, 2 ədəd 3 illik gilənar ağacını, 2 ədəd 5 illik gavalı ağacını və 2 ədəd 5 illik göyəm ağacını kəsmiş, sonra isə həmin ağacı kökündən çıxarmışdır. Bundan sonra cavabdehlər tərəfindən uzun müddət gediş-gəliş yolu kimi istifadə etdiyi, ümumi istifadədə olan və cavabdehlərə məxsus olmayan torpaq sahəsində mişar daşından hasar hörməyə başlamış, hətta onlar evlərinin dəmir darvazasını köhnə yerindən çıxararaq, həmin yolun başına qoymaqla yolu qanunsuz kəsmişlər. Qarahəsənli bələdiyəsinə dəfələrlə məlumat verməsinə baxmayaraq, bələdiyyə sədri tərəfindən heç bir tədbir görülməmiş, əksinə cavabdehin qanunsuz işlərini aparmasına şərait yaradılmışdır. Cavabdehlər bu hərəkətləri ilə ona həm maddi zərər, həm də uzun müddət gediş-gəliş yolu kimi istifadə etdiyi yolu kəsərək, bu yoldan istifadə etmə hüququnu məhdudlaşdırmışlar. Ona görə də, məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, Ağstafa rayon Qarahəsənli kəndində iddiaçıya məxsus 0,25 ha torpaq sahəsinin bağ hissəsi iddiaçının iddia etdiyinə görə cavabdeh tərəfindən zəbt edilmiş və daş hasar çəkilmişdir. İş üzrə verilmiş ekspert rəyləri ilə razı deyillər. Belə ki, həmin torpaq sahəsi zəbt olunduğuna görə açılmalı, tikilmiş hasar sökülməli, cavabdeh tərəfindən çıxarılmış ağaclara görə və həmin ağaclardan iddiaçının məhrum olduğu əldən çıxmış faydaya görə dəymiş ziyanı ödəməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X3 bildirdi ki, cavabdeh tərəfindən tikilmiş daş hasar bələdiyyə balansında olan torpaq sahəsində yerləşir. Həmin bələdiyyə torpağı hazırda cavabdehin istifadəsindədir. Onlarda olan sənədlərə əsasən həmin torpaq sahəsində geniş yol olmamış, bir nəfərlik piyada yolu olmuşdur, həmin yol da iddiaçının evinin arxasında qalmış və hazırda mövcud deyildir. İddiaçı iddia edir ki, guya orada yol olmuşdur. Lakin, onlar həmin əraziyə baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının öz işlək yolu var, onun evinin giriş-çıxış darvazası başqa tərəfdəndir. Cavabdeh iddiaçının evinin arxasında olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin 0,364 ha hissəsini zəbt etmiş, həmin torpaq sahəsinin də almasını bələdiyyə cavabdehə təklif edəcəkdir. Cavabdehin zəbt etdiyi torpaq ayrı səmtdədir, iddiaçıya aidiyyatı yoxdur. Belə olan halda, mübahisəli torpaq sahəsinə dair tələbi yalnız bələdiyyə irəli sürə bilər.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirdi ki, həmin torpaq sahəsinin təyinatı ekspert rəyində və kənd bələdiyyəsi tərəfindən qeyd edilmişdir. Həmin torpaq sahəsi yol kimi istifadə olunmamışdır. İddiaçının həmin torpaq sahəsinə çıxışı yoxdur, onun çıxışı tamam başqa tərəfdəndir. Cavabdehin zəbt etdiyi torpaq sahəsinin iddiaçıya heç bir maneəçiliyi yoxdur. Cavabdeh iddiaçıya qarşı hər hansı qəsdə yol verməyib. İddiaçının yolu da, evinin qapısı da başqa tərəfdəndir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkilinin dediklərini təsdiq edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixdə ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı adına Ağstafa rayonunun Qarahəsənli kəndində 0,25 ha torpaq sahəsi və ümumi sahəsi 138.3 kv.m olan fərdi yaşayış ev qeydiyyata alınmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 502-108/72 invertar nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, İddiaçı adına Ağstafa rayonunun Qarahəsənli kəndində fərdi yaşayış evi qeydiyyata alınmışdır. 10.İş materiallarında olan JN-139A, KOD 50206018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 09 saylı qərarı ilə X6, X1, Cavabdeh1, X4 X5 adına Ağstafa rayonunun Qarahəsənli kəndində 0,30 ha torpaq sahəsi qeydiyyata alınmışdır.

11. İş materiallarında olan, 05 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Ağstafa RPŞ-nin TB-nin Təhqiqatçısı polis mayoru İbadət Nəbiyev tərəfindən Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. 12.İş materiallarında olan, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 X10 İnkişaf Mərkəzinə verdiyi sorğuya cavabdan görünür ki, 50 illik bir ədəd tut ağacından adi halda təxmini 100 kq, 50 illik bir ədəd iydə ağacından təxmini 50 kq, gilanar ağacı 4 ildən sonra bar verir, bir ədəd 5 illik gavalı ağacından təxmini 15-20 kq 5 illik bir ədəd göyəm ağacından təxmini 15-20 kq məhsul əldə etmək olar. 13.İş materiallarında olan, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 Qarahəsənli kənd İcra nümayəndəliyinə verdiyi sorğuya cavabdan görünür ki, Ağstafa RİHB-nin Qarahəsənli kənd icra nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında İddiaçı torpaq sahəsi ilə Cavabdeh1 torpaq sahəsinə giriş-çıxış yolu olub-olmaması barədə məlumat olmadığından, bu barədə məlumat vermək Qarahəsənli kənd icra nümayəndəliyinin imkanı xaricindədir. 14.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/671-9/499 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Ağstafa rayonu, Qarahəsənli kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin bağ hissəsinə bitişik olan ümumi istifadədə olan yol kimi iddia edilən ərazi elektron baza məlumatlarında yol kimi yox, ümumi istifadədə olan kiçik su arxı kimi nəzərdə tutulmuşdur və Elektron baza məlumatlarına əsasən Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 332 kv.m hissəsi su arxı kimi nəzərdə tutulan torpaq sahəsi ilə üstüstə düşməsi halı müəyyən edilmişdir. 2 ədəd 3 illik gilanar ağacının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 40 manat müəyyən edilmiş, digər 2 ədəd 50 illik iydə ağacı, 2 ədəd 5 illik gavalı ağacı və 2 ədəd 5 illik göyəm ağaclarının satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamış, həmin ağaclar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. 15.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5449 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Ağstafa rayonu, Qarahəsənli kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin bağ hissəsinə bitişik hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən daş hasar tikildiyi müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən tikilmiş daş hasar bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı və cavabdehin istifadəsində olan torpaq sahələri arasında daş hasar tikildiyinə görə meyvə və ya başqa ağacların kəsildiyini müəyyən etmək mümkün olamamışdır.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, **********1-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayon Qarahəsənli kəndindəki 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 138.3 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin bağ tərəfindəki qonşuluqda yaşayırlar. İddiaçı tərəf cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin bağ hissəsində dəmir toru açıb ona məxsus ağacları kəsdiklərini, uzun müddət gediş-gəliş yolu kimi istifadə etdiyi yolu kəsərək, bu yoldan istifadə etmə hüququnu məhdudlaşdırdıqlarını iddia etmişdir. Cavabdeh tərəf isə iddiaçıya ziyan vurmadıqlarını, hasarı isə iddiaçıya aid olmayan bələdiyyə torpağında inşa etdiklərini, iddiaçı ilə aralarında gediş-gəliş yolu olmadığını bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 18.Məhkəmə iddiaçının zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iddia predmetinə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçının cavabdehlərə qarşı hər hansı bir tələbin irəli sürülməsi üçün üç şərt müəyyən olunmalıdır. Birinci şərt ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmalıdır. İkinci şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmalıdır. Üçüncü şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz zəbt olunaraq iddiaçının mülkiyyət hüquqları pozulmalıdır. Lakin birinci şərtin mövcud olmaması, yəni mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə aid olmaması digər iki şərtin araşdırılmasına zərurət yaratmır. 19.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 20.Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 22.Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 23.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 24.Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır. 25.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. 26.Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. 27.Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmişdir. Belə ki, mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən İddiaçı məxsus Ağstafa rayonu, Qarahəsənli kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin bağ hissəsinə bitişik olan ümumi istifadədə olan yol kimi iddia edilən ərazi elektron baza məlumatlarında yol kimi yox, ümumi istifadədə olan kiçik su arxı kimi nəzərdə tutulmuşdur və Elektron baza məlumatlarına əsasən Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 332 kv.m hissəsi su arxı kimi nəzərdə tutulan torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən tikilmiş daş hasar bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən tikilmiş daş hasar bələdiyyə balansında olan torpaq sahəsində yerləşir. Həmin bələdiyyə torpağı hazırda cavabdehlərin istifadəsindədir. Cavabdeh iddiaçının evinin arxasında olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin 0,364 ha hissəsini zəbt etmiş, həmin torpaq sahəsinin də almasını bələdiyyə cavabdehə təklif edəcəkdir. Cavabdehin zəbt etdiyi torpaq ayrı səmtdədir, iddiaçıya aidiyyatı yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz (özbaşına) tikilinin, qoyulmuş dəmir darvazanın cavabdehlərin hesabına sökülərək gediş-gəliş yolunun açılması, gedişgəliş yolundan istifadə olunmasına qanunsuz müdaxiləyə son qoyulması hissəsində əsassızdır və təmin oluna bilməz. 28.Məhkəmə iddia tələbinin vurulmuş və əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın. 30.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. 31.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 32.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 33.Nəzərə alınmalıdır ki, hazırki iddia tələbləri bilavasitə sübutetmə ilə bağlıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Qanunverciliyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərək onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. 35.İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən yenidən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5449 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Ağstafa rayonu, Qarahəsənli kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin bağ hissəsinə bitişik hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən daş hasar tikildiyi müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən tikilmiş daş hasar bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı və cavabdehin istifadəsində olan torpaq sahələri arasında daş hasar tikildiyinə görə meyvə və ya başqa ağacların kəsildiyini müəyyən etmək mümkün olamamışdır. 36.Yuxarıda sadalanan qanunvericilik normalarını tətbiq edərək, iddiaçının iddia tələbi üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vermiş olduğu iddia tələbinin vurulmuş və əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi hissəsinin də əsası kimi istinad edilən halları, yəni, cavabdehlərin hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehlərin hərəkətləri ilə ziyаn vurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, həmçinin iddiaçıya məxsus bağ sahəsində cavabdeh tərəfindən meyvə və ya başqa ağacların kəsilməsi, eləcə də, iddiaçıya vurulmuş ziyan və əldən çıxmış faydaya görə zərər iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddiaçının iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilə bilməz. 37.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 41.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci olan 200 manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. 43.İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi: 44.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “qanunsuz (özbaşına) tikilinin, qoyulmuş dəmir darvazanın cavabdehlərin hesabına sökülərək gediş-gəliş yolunun açılması, gediş-gəliş yolundan istifadə olunmasına qanunsz müdaxiləyə son qoyulması, vurulmuş və əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar