Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-652/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc məbləğinin silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri qaz sayğacına baxış keçirmişlər, baxış keçirilən zaman qaz sayğacının istismar müddətinin başa çatması və dəyişmək adı ilə yoxlama keçirilmiş və nəticədə saxta akt tərtib edərək guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlıqlarında əzik-cızıq izləri var və sayğac guya istismara yararsız kimi qeyd edilmişdir. Aktın surətindən də göründüyü kimi akta imza etməmiş və imtina etmişdir. Əslində isə evdə olmayan zaman həmin əməkdaşlar saxta akt tərtib etmişlər. Nəticə etibarilə qaz itkisini bəhanə edərək iddiaçıya əsassız olaraq 777, 60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat qanunsuz cərimə yazılmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185.6-cı maddəsini rəhbər tutaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını izahatını, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonent kodu **********00470 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında Elester G-4T DİAFRAQMA Mexaniki qaz sayğacı quraşdırılmış və onun “qalıq və aktlar” üzrə 1777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 6.5-4-cü bəndinin tələbinə əsasən istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçına (abonent kodu: **********00470) əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00470) əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-652/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-652/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver