Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-658/2025 28.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qeyri-qanuni yazılmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat miqdarında borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qaz abonentidir. Qaz sayğacı ümumi ailəsinin istifadəsindədir və yoldaşı X1 adına qeydə alınmışdır. Hazırda təsərrüfatını o və ailə üzvləri idarə edir. İstifadə olunan qazın dəyəri onun tərəfindən ödənilir. 2024-cü ilin avqust ayında cavabdeh təşkilatın əməkdaşları qaz sayğacını söküb aparmışlar. Yerinə yeni sayğac quraşdırılmışdır. Sökülüb aparılmış sayğaca gua mexanizm hissəsinə müdaxilə edilmiş, belə hal mümkün deyil, həmin sayğaca heç bir müdaxilə olmamışdır. Göründüyü kimi, “Azəriqaz” İstehsalat Birliyi əsassız olaraq 518 manat cərimə tətbiq edilmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, o və ailə üzvlərindən heç kim qaz sayğacına müdaxilə etməmişdir. Ona borc qeyri-qanuni yazılmışdır. Ona görə də iddiasının təmin olunmasını xahiş etdi.
4. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 avqust 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından fiziki təsir nəticəsində cızıq izləri aşkar olunmuşdur. Sayğac işləməyə yararsızdır.
8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Yenigün kəndi sakini X4 (İddiaçı mərhum həyat yoldaşı) ilə “Azəriqaz” İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Belə ki, abonent kodu **********02230-dur.
9. İddiaçı adına olan **********02230 saylı abonentin saldosundan görünür ki, X2 (İddiaçı mərhum həyat yoldaşı) abonent hesabına “Qalıq və aktlar” əsasında 2024-cü il üzrə 518,40 manat borc yazılmışdır.
10. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
11. İş materiallarında olan Ağstafa RİHB-nın Xətai kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X2 vəfatından sonra onun təsərrüfatında arvadı İddiaçı, oğlu, gəlini və nəvələri qalmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən X3 (İddiaçı mərhum həyat yoldaşı) aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından fiziki təsir nəticəsində cızıq izləri aşkar olunmuş, yoxlamanın nəticəsində onun barəsində 14 avqust 2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 518 manat borc yazılmışdır. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onunvəfatından sonra onun təsərrüfatında arvadı İddiaçı,oğlu, gəlini və nəvələri qalmışdır. Bu səbəbdən hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
15. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
16. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
18. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
20. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu Yenigün kəndində yerləşən evinə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.
21. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən Ağstafa rayonu Yenigün kəndində yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 avqust 2024-cü il tarixli, ******* nömrəli aktı ilə X3 (İddiaçı mərhum həyat yoldaşı) hesablanmış 518 manat borc silinməlidir.
22. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Dövlət rüsumu haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən məhkəmədə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
27. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiyməti 518,40 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X2 (İddiaçı mərhum həyat yoldaşı) **********02230 saylı abunə hesabına “Azəriqaz” İB tərəfindən 14 avqust 2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 518,40 manat borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova