Məhkəmə qərarları › İş №2(015)-662/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-662/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-662/2023 27.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Bayramova Samı̇ rə Fəxrəddı̇ n qızının cavabdeh Bayramov Elvı̇ n Fəxrəddı̇ n oğluna, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası (AR) İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fəxrəddı̇ n qızının Cavabdeh Fəxrəddı̇ n oğluna, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6 2021-ci ilin yanvarın ayının 3-də vəfat etmişdir, onun vəfatından sonra ondan miras əmlak olaraq ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan yaşayış evi, Hyundai Elantra markalı ** NT *** qeydiyyat nömrə nişanlı avtomaşın miras qalmışdır. Həmin miras əmlakların atasına aid olan hissəsindən iddiaçı, bacısı X1 və anası X8 vərəsəlikdən imtina etmişlər. Həmin vaxt qardaşı Cavabdeh imtina etməyinin ən gərəkli səbəbi olaraq evin satılmamasını onun üzərinə aralarında öhdəlik qoymuşlar, o da həmin razılaşma ilə razılaşmışdır. Daha sonra yəni xx.xx.2021-ci il tarixdə anası X8 vəfat etmişdir. Həmin miras qalmış olan əmlaklar mərhum atası ilə mərhumə anasının birgə nikahları dövründə əldə olunmuş olan əmlaklar olduğundan, həmin əmlaklarda mərhum anası X4 1/2 payı var ki, iddiaçı vərəsə olaraq həmin əmlakları faktiki olaraq qəbul etmişdir, yəni həmin ata və anadan qalmış olan yaşayış evində yaşayan şəxs olmadığından, yəni qardaşının ailəsi ilə birlikdə Bakı şəhərinə yaşamaq üçün getdiyindən evə nəzarəti o, etmişdir, həmin evin aylıq ödənişlərini o, etmişdir. İddiaçı mirası qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin mirasın qəbul edilməsinin rəsmiləşdirilməsinə cavabdeh maneçilik törədir, evi öz bildiyi kimi bölərək istifadə edir. Burada isə qardaşı Cavabdeh ümumi miras əmlakı əlinə keçirməklə, vermiş olduğu vədinə əməl etmir, yəni ata mülkləri olan yaşayış evini satmaq niyyətindədir. Məhz bu səbəbdən də, tərəfindən verilmiş olan vərəsəlikdən imtina ərizəsinin etibarsız sayılmasını, həmin hissə üzrə mərhum atasından qalmış olan vərəsəlik işi üzrə miras əmlaka, iddiaçının adına ¼ pay olmaqla vərəsəlik şəhadətnaməsinin verilməsini, atası ilə anasıın birgə nikahından əldə olunmuş əmlaklar olduğundan mərhum anasından qalmış olan miras əmlakdan isə 1/3 qədəri ilə pay almaq hüququnun olduğu nəzərə alınsa, o zaman ümumi əmlakda onun payı atasına aid olan hissədə 1/4 pay, anasına aid olan hissədə isə 1 /3 pay müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Müşafiq oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağstafa şəhəri, X10 küçəsi, döngə 1, sahə 3B ünvanında yerləşən 0.015 ha. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Ağstafa rayon DNK-nin xx.xx.2017-ci il tarixli, 4Ə-19 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və DƏDRX-in 15 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarış əsasən X3 adına qeydiyyatdan keçmişdir. Hazırda Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən onun mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi də X3 mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 xx.xx.1978-ci il tarixində nikah bağlamış və bu nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında həmin tarixli, 37 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlanmasından sonra ərə “Bayramov”, arvada “Bayramova” soyadının verilmişdir. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində ölməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmışdır. Ağstafa rayon İcra hakimiyyəti başçısının Ağstafa şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 530/g saylı arayışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra qızı – X1, qızı – İddiaçı və oğlu – Cavabdeh ailə üzvləri qalmışdır. Ağstafa rayon notariat ofisində xx.xx.2021-ci il tarixində imzalanmış ərizələrdən görünür ki, X1, İddiaçı və X8 mərhum X2 qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Mülki Məcəllənini 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Vərəsəlik - hüququn başqasına (vərəsəyə) keçməsidir. Vərəsəlik qaydasında hüququn başqasına (vərəsəyə) keçməsi üçün isə vərəsə mirası qəbul etməlidir. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul etmiş vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Bu müddəadan göründüyü kimi miras onu qəbul etmiş vərəsələrin arasında bölüşdürülür, başqa sözlə əgər vərəsə mirası qəbul etməyibsə, o, mirasın bölüşdürülməsində iştirak edə bilməz. MM-in 1291-ci maddəsinə görə isə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Qanundan göründüyü kimi “miras şərikləri” arasında mirasın bölüşdürülməsi barədə mübahisəyə məhkəmə baxır. Digər tərəfdən, MPM-in 307.2.9-cu maddəsinə görə mirasın qəbul edilməsi faktı şəxsin ərizəsinə əsasən hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən edilir. Əgər iddiaçı mirasın açılmasından sonrakı 6 ayın ərzində miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya miras əmlaka yiyələnməklə mirası qəbul etmişdirsə, belə olan halda o, mirasın qəbul edilməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli idi. Həmçinin vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin etibarsız hesab edilməsi barədə də məhkəməyə müraciət edə bilərdi. Beləliklə, iddiaçının mərhum valideynlərinin birgə nikah dövründə əldə olunmuş miras əmlakları olduğundan mərhum anası X4 ½ payını faktiki olaraq qəbul etdiyini bildirərək həmin hissədən payın ayırlması tələbi təmin edilə bilməz. İddiaçının həmin evdə anadan olması faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan “faktiki surətdə idarəetmə” və “yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız anadan olubsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır. “Mirasın qəbul edilməsi”nin mahiyyətinin dərk edilməsi üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə nəzər yetirilməlidir: “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, hazırkı qanuna görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə, mirasın açılmasından sonra 6 ay müddətində zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı) Eyni zamanda qeyd olunmalıdır ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh Fəxrəddı̇ n oğluna, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Fəxrəddı̇ n qızının Cavabdeh Fəxrəddı̇ n oğluna, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar