Məhkəmə qərarları › İş №2(015)-662/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-662/2025

11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-662/2025 11.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin qanunsuz qaydada adına əsassız olaraq yüklədiyi və yazmış olduğu 518,40 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib izahatında göstərdi ki, o, Ağstafa rayonu Sadıxlı kəndində yaşayır. Təbii qaz abunəçisi olmaqla, mərhum həyat yoldaşının adına abonent saldosu vardır. Həyat yoldaşı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Təbii qazdan istifadəyə görə kommunal ödənişlərini vaxtlıvaxtında ödəmişdir. Lakin buna baxmayaraq “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları qaz sayğacına baxış keçirmiş və akt tərtib etmişlər ki, guya o, qaz sayğacına müdaxilə etmişdir və ona 518.40 manat borc hesablanmışdır. Lakin o, sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac evinin bayırında olduğu üçün ehtimal edir ki, sayğaca uşaqlar müdaxilə etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilatın nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçının mərhum həyat yoldaşı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının həyat yoldaşı X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən sayğaca baxış keçirilmiş və bu zaman sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin ön hissədən fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, gövdənin üst hissədən əzilməsi qeyd edilmiş və bu barədə 19 dekabr 2024-cü il tarixdə ******* №-li akt tərtib edilərək 518.40 manat borc hesablanmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi saldodan görünür ki, iddiaçı 2024-cü ilin yanvar ayına 296 m3, fevral ayına 181 m3, mart ayına 168 m3 təbii qaz sərf etmiş, daha sonra aprel ayında bu rəqəm sürətli şəkildə azalaraq aprel ayına 10 m3, may ayına 27 m3, iyun ayına 5 m3, iyul ayına 2 m3, avqust ayına 2 m3, sentyabr ayına 1 m3, oktyabr ayına 22 m3, noyabr ayına 221 m3, dekabr ayına 288 m3 kub qaz sərf etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qaz sayğacına müdaxilə halları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış təbii qazdan istifadəyə dair müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvanın qaz xətti ilə təmin edilməsi, cavabdehlə iddiaçının mərhum həyat yoldaşı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilatın iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçının isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlıvaxtında ödəməyi öhdəsinə götürməsi, cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən sayğaca baxış keçirilməsi və bu zaman sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin ön hissədən fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, gövdənin üst hissədən əzilməsi qeyd edilməsi və bu barədə 19 dekabr 2024-cü il tarixdə ******* №-li akt tərtib edilərək 518.40 manat borc hesablanması, bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi saldodan onun qaz sayğacına müdaxilə etməsi hallarının mövcud olması məhkəmə iclasında sübut edildiyindən, iddiaçı ona yazılmış həmin borcun əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar