Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-668/2023 04.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsassız olaraq iddiaçıya 226.18 manat borc yazmışdır. Bu borcun yaranması barədə mənə heç bir xəbərdarlıq belə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə, özlərim "xxxx" ASC-nin nümayəndələri kimi təqdim edən və Bakıdan gəldiklərini deyən, adları iddiaçıya məlum olmayan 2 nəfər əməkdaş baxış keçirdilər. Onlar keçirdikləri baxışın nəticəsini təsdiq edəcək heç bir rəsmi sənədləşmə aparmadılar və iddiaçıya şifahi formada sayğacın tam işlək vəziyyətdə olduğunu, hər- hansı bir kənar müdaxilənin olmadığını və hər şeyin normal olduğunu, lakin buna baxmayaraq sayğacının istismar müddətinin çoxdan başa vurduğu üçün yaxın vaxtlarda sayğacının yeni smart tipli sayğacla əvəz olunmasını bildirdilər. 06 fevral 2023-cü il tarixində "xxxx" ASC-nin nümayəndələri işlək vəziyyətdə olan mənə məxsus köhnə sayğacı yeni smart tipli sayğacla əvəz etdilər. Mənə məxsus köhnə sayğacın yeni sayğacla əvəz olunması prosesi zamanı onun iştirakı təmin edilməmiş, yerində heç bir akt tərtib olunmamış, heç bir foto və ya video çəkiliş aparılmamışdır. İddiaçı buna etirazını bildirdikdə, onlar iddiaçıya narahat olmamağını, işlərinin çox olmasını əsas gətirərək aktı sabah iddiaçıya göndərəcəklərini bildirdilərsələr də, onlar iddiaçıya heç bir akt göndərmədilər. İddiaçı fevral ayının 21-i axşam E-Manat ödəmə terminalında enerji kartının balansına pul yükləmək istəyərkən görmüş ki, iddiaçıya 226,18 (iki yüz iyirmi altı manat 18 qəpik) manat borc yazıblar. İddiaçı dərhal 22 fevral 2023-cü il tarixində iddiaçıya məxsus köhnə sayğacın yeni smart tipli sayğacla dəyişdirilməsini təsdiq edən aktın, və yaxud hər-hansı bir rəsmi sənədin bir nüxsəsinin ona təqdim edilməsinin təmin edilməsi haqqında bir məktub X3, iddiaçıya qanunsuz olaraq əlavə borc yazılması haqqında digər bir məktub da Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ünvanlamış, sayğac sökülərək yenisi ilə əvəz edilmişdir. X1 iddiaçıya 22 fevral 2023-cü il tarixli məktubuna 07 mart 2023-cü il tarixdə cavab məktubu almış. İddiaçıya göndərilən cavab məktubdan belə aydın olur ki, 27 yanvar 2023- cü il tarixdə özlərini "xxxx" ASC-nin nümayəndələri kimi təqdim edən məsul şəxsləri ona sayğacla bağlı hər şeyin qaydasında olduğunu bildirsələr də, sonradan onun iştirakı olmadan tərtib olunmuş aktda, onun sayğacının işləmədiyini qeyd etmişlər. Həmin aktda qeyd olunub ki, baxış zamanı elektrik sayğacı işləmir.Sayğac dövrəsindən keçən yükü qeyd etmir, ölçü zamanı xətdən axan yük 1,9 kv/t olsada sayğac 0 (sıfır) göstərib və yenə həmin aktda mənim sayğacının son göstəricisi 38299 qeyd olunub. Nəzarətçi tərəfindən 06 yanvar 2023-cü il tarixində iddiaçıya verilmiş bildirişdə iddiaçının sayğacının son göstəricisi 38284,05 fevral 2023-cü il tarixində iddiaçıya verilmiş bildirişdə onun sayğacının son göstəricisi 38306 olaraq qeyd olunub. Burdan görünür ki, onun sayğacı işlək vəziyyətdə olub, lakin buna baxmayaraq həmin əməkdaşlar sonradan onun iştirakı olmadan tərtib etdikləri aktda sayğacının işləmədiyini qeyd ediblər. İndi mənə aydın olur ki, həmin əməkdaşlar nəyə görə mənim israrlı tələblərimə baxmayaraq sayğaca baxış aktını yerindəcə və mənim iştirakımla tərtib etmədilər İddiaçı ona görə də hazırda haqlı olduğunu sübut etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında məhkəməyə bildirdi ki, sayğaca ilkin baxış keçirilən zaman sayğacın nasaz vəziyyətdə olması, dövriyyəsindən keçən yükü qeyd etməməsi müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Sayğac labarotoriyaya aparılıb yoxlanılmış və və aktda qeyd olunanlar öz təsdiqini tapmışdır. Sayğacın işləməməyi və ötürülən enerjini qeyd etməməsində özünü biruzə verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iş materiallarına əlavə edilmiş **********00959 abunə kodu olan abunə haqqında məlumatdan görünür ki, abunəçinin 226 manat borcu mövcuddur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə müvafiq olaraq, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.16-cı bəndinə görə, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Beləliklə, məhkəmə hal-hazırda **********00959 abunə kodu üzrə hesablanmış 226 manat borcun yaranma əsaslarına dair müvafiq sənədlərin olmamasını və cavabdeh tərəfindən ağlabatan izahın verilməməsini, abunəçinin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********00959 abunə kodu üzrə hesablanmış 226 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. **********00959 abunə kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 226 (iki yüz iyirmi altı) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərarları › İş №2(015)-668/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-668/2023
04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver