Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-686/2023 13.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən fasiləsiz olaraq iddiaçının yaşadığı ev işıq təchizatı ilə təmin edilmişdir. İddiaçı ailəsi ilə birlikdə Ağstafa rayon Muğanlı kəndində yaşayır. Lakin ünvan 1 ünvanında xüsusi mülkiyyətində yaşayış evi vardır. İddiaçı həmin mənzili alqı-satqı yolu ilə xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Həmin vaxtdan da, saldodan da göründüyü kimi elə həmin zamandan hər ay istifadə etdiyi elektrik enerjisinə görə ödənişlərini etmişdir. Lakin, buna baxmayaraq 18 may 2023-ci il tarixdə əsassız olaraq ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə REŞ Qazax EŞ tərəfindən 919 manat 95 qəpik məbləğində artıq pul hesablanmış və ona borc kimi göstərilmişdir. Belə ki, nəzarətçi sayğaca bildiriş yazarkən ona zəng vuraraq bildirmişdir ki, guya sayğacda şübhəli məqamlar var. Belə ki guya sayğaca müdaxilə olunub. Bundan sora onun işıq naqilini qanunsuz olaraq kəsmişlər və ona bildirmişlər ki, 200 manat ödəniş et. Qeyd edir ki, onun saygacına heç bir ekspertiza keçirilmədən akt tərtib edərək guya sayğaca müdaxilənin olduğunu qeyd etmişlər və heç bir nöqsan, müdaxilə aşkar edilməməsinə baxmayaraq əsassız olaraq qeyd edilən borcla yüklənmişdir. Akt tərtib olunan zaman haqlı olduğu üçün imza atmaqdan imtina etmişdir. İddiaçı ona görə də hazırda haqlı olduğunu sübut etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, sayğacın göstəricilərində yalnışlıq olan zaman iddiaçı bu barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verməli idi. İddiaçı isə bunu etməyib, iddiaçının öz məsuliyyətsizliyidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iş materiallarına əlavə edilmiş **********00482 abunə kodu olan abunə haqqında məlumatdan görünür ki, abunəçinin 727.36 manat borcu mövcuddur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə müvafiq olaraq, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.16-cı bəndinə görə, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iddiaçının iddia ərizəsinin əsassız hesablanmış 919.95 manat borcun silinməsi hissəsində iddianı əsasslı hesab etmir, belə ki, **********00482 abunə kodu üzrə hesablanmış borc 727.36 manat təşkil edir. Beləliklə, məhkəmə hal-hazırda **********00482 abunə kodu üzrə hesablanmış 727.36 manat borcun yaranma əsaslarına dair müvafiq sənədlərin olmamasını və cavabdeh tərəfindən ağlabatan izahın verilməməsini, abunəçinin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********00482 abunə kodu üzrə hesablanmış 727.36 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. **********00482 abunə kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 727.36 (yeddi yüz iyirmi yeddi manat otuz altı qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərarları › İş №2(015)-686/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-686/2023
13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver