Məhkəmə qərarları › İş №2(015)-7/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-7/2025

15.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-7/2025 15.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsatafa rayonu Köçəsgər kəndində yerləşən mülkiyyətlərində olan zəbt olunmuş torpaq sahəsindən çıxarılması və tiklinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstaf rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi JN 985A, KOD 50200048 ilə 0.13 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq cavabdeh tərəfindən zəbt edilmiş və daş hasar çəkilir. Hazırda təməli qurulan hasarı ləğv etməyi bildirilsə də məhəl qoymamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçısının izahatı:

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçıların torpaq sahəsini zəbt etməməsini bildirdi.

5. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan JN-985A, KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 və onun ailə üzvlərinə Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi JN 985A, KOD 50200048 ilə 0.13 ha torpaq sahəsi verilmişdir.

7. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh adına **********44 reyestr nömrəsi ilə Ağstafa rayonun Köçəsgər kəndindən 0,1710 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 JN-985A nömrəli şəhadətnamə ilə istifadəsinə verilmiş 0,13 ha göstərilməsinə baxmayaraq faktiki istifadə vəziyyətində 1775 kv.m torpaq sahəsindən Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan torpaq sahəsi 1710 kv.m göstərilməsinə baxmayaraq, faktiki istifadə vəziyyətində 1719 kv.m torpaq sahəsindən istifadə edirlər. Elektron baza məlumatlarına əsasən İddiaçı1 istifadısində olan torpaq sahəsinin 16,75 kv.m hissəsi Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan 1710 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 JN- 985A nömrəli şəhadətnamə ilə istifadəsinə verilmiş 0,13 ha göstərilməsinə baxmayaraq faktiki istifadə vəziyyətində 1775 kv.m torpaq sahəsindən Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan torpaq sahəsi 1710 kv.m göstərilməsinə baxmayaraq faktiki istifadə vəziyyətində 1719 kv.m torpaq sahəsindən istifadə edirlər. Elektron baza məlumatlarına əsasən İddiaçı1 istifadəsində olan torpaq sahəsinin 16,75 kv.m hissəsi Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan 1710 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 və onun ailə üzvlərinə Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi JN 985A, KOD 50200048 ilə 0.13 ha torpaq sahəsi verilmişdir. Cavabdeh adına isə **********44 reyestr nömrəsi ilə Ağstafa rayonun Köçəsgər kəndindən 0,1710 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçılar torpaq sahələrinin mülkiyyətində olmasına baxmayaraq cavabdeh tərəfindən zəbt edilməsini və daş hasar çəkilərək zəbt olunmasını bildirmişdir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən İddiaçı1 JN-985A nömrəli şəhadətnamə ilə istifadəsinə verilmiş 0,13 ha göstərilməsinə baxmayaraq, faktiki istifadə vəziyyətində 1775 kv.m torpaq sahəsindən Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan torpaq sahəsi 1710 kv.m göstərilməsinə baxmayaraq faktiki istifadə vəziyyətində 1719 kv.m torpaq sahəsindən istifadə edirlər. Elektron baza məlumatlarına əsasən İddiaçı1 istifadəsində olan torpaq sahəsinin 16,75 kv.m hissəsi Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan 1710 kv.m torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyini vermiş Səlahəddin Tağıyev dindirilmiş və o, mütəxəssis rəyinə aydınlıq gətirərək cavabdehin öz mülkiyyətində olan torpağından istifadə etməsini və iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməməsini bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Məhkəmə iddiaçının zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iddia predmetinə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçıların cavabdehə qarşı hər hansı bir tələbin irəli sürülməsi üçün üç şərt müəyyən olunmalıdır. Birinci şərt ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmalıdır. İkinci şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmalıdır. Üçüncü şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz zəbt olunaraq iddiaçının mülkiyyət hüquqları pozulmalıdır. Lakin birinci şərtin mövcud olmaması, yəni mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmaması digər iki şərtin araşdırılmasına zərurət yaratmır. İddiaçı özünə aid torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edə bilər. Qeyd olunur ki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranması üçün torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməli, torpaq sahəsinin yerquruluşu və planları və təsvirləri tərtib edilməli, torpaq sahəsinin təhvil verilməsi barədə müqavilə bağlanmalı, həmin sahə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməlidir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

16. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

20. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur.

21. Göründüyü kimi, hazırki mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən İddiaçı1 JN-985A nömrəli şəhadətnamə ilə istifadəsinə verilmiş 0,13 ha göstərilməsinə baxmayaraq faktiki istifadə vəziyyətində 1775 kv.m torpaq sahəsindən Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan torpaq sahəsi 1710 kv.m göstərilməsinə baxmayaraq, faktiki istifadə vəziyyətində 1719 kv.m torpaq sahəsindən istifadə edirlər. Elektron baza məlumatlarına əsasən İddiaçı1 istifadəsində olan torpaq sahəsinin 16,75 kv.m hissəsi Cavabdeh **********44 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş çıxarışda olan 1710 kv.m torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyini vermiş Səlahəddin Tağıyev dindirilmiş və o, mütəxəssis rəyinə aydınlıq gətirərək cavabdehin öz mülkiyyətində olan torpağından istifadə etdiyini və iddiaçılara məxsus torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Yəni cavabdeh istifadəsində olan torpaq sahəsindən tam qanuni əsaslarla istifadə edir. Cavabdeh iddiaçıların istifadəsində olan torpaq sahəsini zəbt etməmişdir.

22. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu və iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar