Məhkəmə qərarları › İş №2(015)-782/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-782/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-782/2023 04.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçi tələbini müdafiə edərək bildirdi ki, mərhum atası X1 Vətən müharibəsinin iştirakçısı olmuşdur, həmçinin birinci qrup əlil olmuş və qulluğa ehtiyacı olduğu üçün 2000-ci ildən ölən günədək ona ərizəçi qulluq etmişdir. Hal-hazırda onun ərizəçinin öhdəsində olmağını məhkəmə qərarı olmadan sübut etmək mümkün deyildir. Ona görədə məcbur olub məhkəməyə müraciət edir. Mərhum atası X3 qulluğa ehtiyacı olduğu üçün ərizəçi ona 2000-ci ildən ölən günə kimi, yəni xx.xx.2021 -ci il tarixədək qulluq etmişdir və ona qulluq etməyinə görə 2019-cu ildən 2021-ci il tarixədək Prezident təqaüdü almışdır. Lakin, atasının onun öhdəsində olması və ona qulluq etməyinə dair müvafiq sənədlərin olmadığından ona sosial müavinətin təyin edilməsi zamanı həmin illər nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağstafa rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası” və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, ərizə aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 08 noyabr 2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan Göyçəli kənd Ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi mərhum atası X4 2000-ci ildən ölən günə kimi qulluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 Ağstafa Rayon Qəbul Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi mərhum atası X4 2019-cu ildən 2021-ci ilədək qulluğa görə Prezident təqaüdü alıb. Azərbaycan Respublikası MPM-nin 307.2.-ci və 307.2.2-ci maddəsinə görə, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə uyğun olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 3-cü bəndində aşağıdakılar göstərilmişdir : “...3. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir.” Məhkəmə qeyd ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki mülki işdə isə ərizəçi mərhum atasının onun öhdəsində olması tələbi ilə müraciət etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilməsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar