Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-850/2025 05.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz qaydada əsassız olaraq yüklədiyi və yazılmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat miqdarında borcun sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təbii qaz abonentidir və istifadə etdiyi kommunal xidmətlərin xərclərini vaxtında ödəyir. Ona məxsus olan qaz sayğacı evindən təxminən üç yüz metr aralı məsafədə quraşdırılmışdır. Ağstafa xidmət sahəsinin əməkdaşlarına həmin sayğacı onun evinin yanına gətirib quraşdırılması barəsində dəfələrlə yazılı və şifahi xəbərdarlıq etmişdir. Lakin heç bir nəticə olmamışdır. xx.xx.2002-ci ildə onların yaşayış evinə məxsus qaz sayğacı Azəriqaz əməkdaşları tərəfindən dəyişdirilərək yenilənmişdir. Bununla bağlı həmin tarixdə akt tərtib olunmuş və həmin aktda imza atmaqdan imtina etmişdir. Azəriqaz əməkdaşları tərəfindən ona təqdim edilmiş bildirişdən məlum olmuşdur ki, borcu əlavə olaraq 1555,20 manata yüksəlmişdir. Göründüyü kimi, “Azəriqaz” X2 X4 İdarəsini Ağstafa rayon şöbəsi əsassız olaraq 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat cərimə tətbiq edilmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirdi ki, qaz sayğacı evdən çox uzaq məsafədə yolun kənarında yerləşir, tərəflərindən sayğaca heç bir müdaxilə edilməmişdir. Bu cərimə əvvəlki sayğaca görə yazılmışdır. Müraciət etdikdən sonra sayğacın yeri dəyişdirilərək bir qədər yaxın məsafədə yerləşdirildi. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın plastmas şüşəsi, zavod plastmas plompları, hesablayıcı mexanizmi, zavod nömrəsi gövdənin üzərində olmamışdır.
8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Eynallı kəndi sakini İddiaçı ilə “Azəriqaz” İB arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********05730-dur.
9. İddiaçı adına olan **********05730 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc yazılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğacın plastmas şüşəsi, zavod plastmas plompları, hesablayıcı mexanizmi, zavod nömrəsi gövdənin üzərində olmaması aşkar olunması qeyd olunaraq, yoxlamanın nəticəsində onun barəsində 23 fevral 2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc yazılmışdır.Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacın plastmas şüşəsi, zavod plastmas plompları, hesablayıcı mexanizmi, zavod nömrəsi gövdənin üzərində olmaması müəyyən olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
18. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu Eynallı kəndində yerləşən evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.
19. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən Ağstafa rayonu Sadıxlı kəndində yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2023-ci il tarixli, ******* nömrəli aktı ilə İddiaçı hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc silinməlidir.
20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir.
25. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
27. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 1555,20 manat olduğundan cavabdeh «Azəriqaz» İB-dən 35,55 (otuz beş manat 55 qəpik) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı “Azəriqaz” İB tərəfindən 23 fevral 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat borc silinsin. Cavabdeh «Azəriqaz» İB-dən 35,55 (otuz beş manat əlli beş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova