Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-912/2023 01.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib izahatında göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təbii qaz abunəçisi olmaqla mərhum anasının adına abonent saldosu vardır. Mərhum anası Bayramova Sürəyya 2009-cu ildə rəhmətə getmişdir. Səhlənkarlıq edərək qaz sayğacı ilə bağlı ad dəyişikliyi etməmiş, amma mirası faktiki idarə edir və yaxın gələcəkdə dəyişəcəkdir. Onların evindəki qaz sayğacını qaz idarəsinin işçiləri heç bir müdaxilə olmadan söküb aparmış, əvəzinə smart kart sayğacı qoymuşlar. Daha sonra ona cərimə yazıb göndərmişlər. Sayğacın sökülməsini o özü xahiş etmişdir. Sayğacın dəyişdirilməsi ilə bağlı nəzərətçilərə müraciət etmişdir. Onlar da gəlib sayğacı yenisi ilə əvəz etmişlər. Köhnə sayğacda heç bir problem olmamışdır. Aylıq olaraq qışda 60-70 manat, yayda isə 2-3 manat ödəmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, abonent evdə olmadığı üçün saldo əsasında sayğaca baxış keçirilib dəymiş ziyanlıq hesablanmışdır.Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, İddiaçı tanıyır, onlardan sayğacının smart tipli sayğac ilə əvəz edilməsini xahiş etmişdir. Sayğacın dəyişdirilməsi borc ilə bağlı olmuşdur. Onlar da təklif etmişlər, rəhbərliyə bu barədə. Smart kartı dəyişmək ödənişsizdir. Abonentin 200 manatdan çox borcu olmuşdur. Ona smart sayğac quraşdırıldıqdan sonra onun borcu silinir, onun ödədiyi hər məbləğin 50 faizi borcundan silinir. Həmin borc onların planından çıxır, yəni borclu olan şəxsin sayı azalır və borc məbləği azalmış olur. Sayğacın dəyişdirilməsində o iştirak etməmiş, yalnız evi göstərmişdir. Bakıdan rəy gəlmiş, onlar da rəyə uyğun akt tərtib etmişlər. İddiaçının evinə getmişlər, lakin qapı bağlı olduğu üçün saldo əsasında akt tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilatın nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, cavabdeh təşkilatın nümayəndəsinin və şahidlərin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçı və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçının anası Sürəyya Bayramova arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 20 aprel 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına laborator şəraitdə baxış keçirilmiş və bu barədə aktda tərtib olunmuşdur. Həmin zaman qaz sayğacının hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsilməsi və sayğacın istismara yararsız olması qeyd olunmuş, itirilmiş qaz sərfiyyatına görə 1555,20 manat ziyanlıq hesablanaraq bu barədə də akt tərtib olunmuşdur. Eyni zamanda 20 aprel 2023-cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakı təmin edilməmiş, onun iştirakı ilə baxış keçirilməmişdir. İddiaçının qəsd və ya ehtiyatsızlıqdan həmin qaz sayğacını yararsız hala salması öz təsdiqini tapmır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, eyni zamanda 20 aprel 2023-cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakının təmin edilməməsi, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, lakin sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İBnin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən mənzilə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı (X1) hesablanmış 1555,20 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı (X1) hesablanmış 1555,20 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-912/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-912/2023
01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver