Məhkəmə qərarları › İş №2(015)-930/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-930/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-930/2023 15.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “cərimənin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" ASC tərəfindən ona qanunsuz yazılmış hesablanmış 600 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 14 iyun 2023-cü il tarixində onun istifadəsində olan Ağstafa rayonu Qırılı kəndi ərazisində yerləşən evində elektrik sayğacı onun iştirakı olmadan yoxlanılmış və 300121 saylı akt tərtib edilmişdir. Yoxlamanın ilkin nəticəsinə görə qeyd edilmişdir ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar xətt aşkarlanmışdır.Sayğacdan kənar istifadə etmədiyi halda belə bir cəfəngiyyatla qarşılaşmışdır. Özünü təhqir olunmuş hesab edir. Köhnə istismar müddəti keçmiş sayğaclarla hələdə işıq pulu ödəyirlər. hansı ki, cavabdeh təşkilat tərəfindən istehlakçıların hüquqları kobud formada pozulur. Ona qanunsuz hesablanmış cərimənin məbləği 600 manat təşkil edir. Ayda bir dəfə işıq nəzarətçisi sayğaca bildiriş yazanda baxış keçirir, əgər sayğac yükü hesab etmirdisə onun sayğacı yoxlamaq üçün sayğacı hiss edən aparatı vardır. Hər bir halda sayğac yükü hiss etmirsə necə sayğaca və ya istehlakçıya bildiriş verilir. Bildiriş təqdim olunanda isə yuxarıda qeyd etdiyi kimi, istifadəsində olan sayğacın üzərində kifayət qədər göstərici yəni sərfiyyat olmuşdur. Çünki akta baxılsa məlum olar ki, tərtib olunmuş qanunsuz aktda iki nəfərdən başqa heç kimin imzası yoxdur. Bundan başqa həmin akt üzrə hesablanmış cərimə nəyin əsasında hesablanmışdır. Onun tərəfindən heç bir müdaxilə halı olmadığı halda bu aktın yazılması qanunsuzdur. Aktın saxtalığına əsasən belə qənaətə gəlir ki, həmin ay üçün hətta o limitdən artıq sərfiyyat qeyd olunduğu halda heç bir avadanlıq mövcud olmadığı halda və müdaxilə olmadığı halda gözlərini yumaraq 600 manat savadsızcasına cərimə hesablamışlar. Ümimiyyətlə isə "xxxx" ASC heç bir səlahiyyət verilməmişdir ki, istehlakçılara cərimələr yazsın bu səlahiyyət ancaq müvafiq maliyyə idarələri tərəfindən həyata keçirilə bilər. Göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən hər şey saxta üsullarla həyata keçirilir və sonunda onun hüquqları törətmədiyi bir əmələ görə pozulur. O, sayğaca cavabdeh deyil, ona cavabdeh "xxxx" ASC-dir. Onun sayğacı hansısa müdaxilə olunması barədə heç bir labarator rəy yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 7.6-cı bəndinə görə hesablaşma elektrik sayğacının zədələnməsinin labaratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təhcizatı müəssiəsi tərəfindən istehlakçıların o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və iki tərəfli aktla sənədləşdirilir. Ona görə də cavabdeh "xxxx" ASC tərəfindən ona qanunsuz yazılmış hesablanmış 600 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi (qardaşı) X3 təmsil etmişdir. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, sayğac yoxlanılmış və sayğacda heç bir nöqsan və müdaxilə aşkar edilməmişdir. Lakin sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacdan kənar xətdən istifadə edilir. Bundan başqa sayğac cavabdehə məxsus evin həyətində yerləşir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, cavabdeh təşkilatda elektirik nəzarətçisi vəzifəsində işləyir. İddiaçının sayğacına baxış zamanı məlum olmuşdur ki, sayğacdan kənar xətdən istifadə edilir. Bundan başqa sayğac cavabdehə məxsus evin həyətində yerləşir. Bu barədə video çəkiliş aparılmışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc cavabdeh tərəfindən qanuni əsaslarla hesablanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması, sayğacdan kənar xəttin çəkilməsi nəticəsində elektrik enerjisindən qanunsuz istifadə olunması barədə 14 iyun 2023-cü il tarixli 300121 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında itirilmiş enerjinin bərpası üçün cərimə hesablanmışdır. Borc vaxtında ödənilmədiyinə görə cavabdeh tərəfindən elektrik enerjisi dayandırılmışdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Belə ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın: - 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. - 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “cərimənin ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar