Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-931/2025 17.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 295,42 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağstafa rayonu Qırılı kəndində yaşayır. Saldodan da göründüyü kimi, hər ay istifadə etdiyi ödənişləri etmişdir. Lakin buna baxmayaraq 2024-cü ilin noyabr ayında ona "xxxx" ASC tərəfindən əsassız olaraq 295,42 manat məbləğində artıq pul hesablanmış və borc kimi göstərilmişdir. Səbəb isə onun guya işıq sayğacına müdaxilə etməsi olmuşdur. Lakin o sayğaca heç bir müdaxilə etməmişdir. Akt tamamilə səhvdir. Ona görə də hesab edir ki, həmin akt əsassız olduğu üçün ləğv olunmalıdır. Heç bir əsas göstərilmədən ona əsassız olaraq 295,42 manat borc yazılmışdır. Odur ki, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 295,42 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iştirak edərək bildirdi ki, o, işıq sayğacına müdaxilə etməmişdir. Eyni həyətdə anası da yaşadığı üçün əvvəlcə anasının evinə quraşdırılmış sayğacdan istifadə etmiş, ona görə də öz evinə quraşdırılmış sayğacı işıq xəttindən ayıraraq evdə saxlamışdır. Sonra anası ilə aralarında narazılıq yarandığı üçün həmin sayğacı yenidən quraşdırdıqdan qısa müddət sonra "xxxx" ASC əməkdaşları tərəfindən gəlib yerində barəsində akt tərtib edilərək cərimə edilmişdir. "xxxx" ASC tərəfindən yazılmış 295,42 manat məbləğində cərimə əsassız olduğu üçün silinməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, heç bir şəxsə əsassız olaraq borc yazılmır. Belə ki, iddiaçının yaşadığı evdə olan sayğacın uzun müddət üzəri oxunmamışdır. Belə ki, həmin sayğacı özü kəsirib aparıb evinə saxlamışdır. Sayğac çıxarılarkən möhürünə müdaxilə olunmuşdur. İddiaçı etiraf etməsə də, sayğaca həqiqətən müdaxilə edilmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin əməkdaşı X2 bildirdi ki, o, iddiaçını tanıyır, belə ki onun evinə sayğac quraşdırmışdır. Həmin sayğacı iddiaçının özü sökmüşdür. Müdaxiləni də yalnız iddiaçı özü etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin əməkdaşı X1 "xxxx" ASC-nin əməkdaşı X2 ilə eyni məzmunlu ifadə vermişdir.
7. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. 19 noyabr 2024-cü il tarixli, 006567 saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın “A” dövlət ştamp möhründə müdaxilə izləri var, sayğacın alt qapaq möhrünün simi kəsili vəziyyətdə olmuşdur.
9. Abonentin saldosundan görünür ki, Ağstafa şəhər sakini İddiaçı ilə "xxxx" QSC arasında elektrik enerjisindən istifadəyə dair müqavilə mövcuddur. Belə ki, abonent kodu **********00826-dir.
10. İddiaçı adına olan **********00826 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 295,40 manat borc yazılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən İddiaçı aid elektrik sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın ştamp möhürünə müdaxilə olmuş, yoxlamanın nəticəsində onun barəsində 19 noyabr 2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçı da iştirak edərək akta imza etmişdir. Həmin akta əsasən İddiaçı 295,42 manat borc hesablanmışdır.Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş 19 noyabr 2024-cü il tarixli, 006567 nömrəli akt tam qanuni və əsaslıdır. Bu hallar mübahisəsizdir, tərəflər bu halları təsdiq edir. Həmin akta əsasən cavabdeh tərəfindən ziyanın məbləği 295,42 manat müəyyən olunmuşdur. Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, həmin borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.
14. Həmin Qaydaların 7.11-ci bəndinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
15. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
16. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir.
17. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı adına olan yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın ştamp möhürünə müdaxilə olunması faktı aşkar olunduğundan cavabdeh təşkilatın əməkdaşları tərəfindən 19 noyabr 2024-cü il tarixli, 006567 nömrəli akt tərtib edilmiş və həmin aktın surəti iddiaçıya təqdim olunmuşdur. Həmin akt qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuşdur.
18. Məhkəmə iclasında iddiaçının izahatından da müəyyən olundu ki, onunla eyni həyətdə anası da yaşadığı üçün əvvəlcə anasının evinə quraşdırılmış sayğacdan istifadə etmiş, ona görə də öz evinə quraşdırılmış sayğacı işıq xəttindən ayıraraq evdə saxlamışdır.
19. Göründüyü kimi, iddiaçı yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıdığı halda həmin sayğaca müdaxilə etmişdir. Belə ki, elektrik sayğacını şəbəkəyə qoşmaq və ayırmaq iddiaçının vəzifələrinə daxil deyil.
20. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh tərəfindən əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır.
Nəticə Hissə:
21. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova