Məhkəmə qərarları › İş №2(015)-99/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-99/2025

04.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-99/2025 04.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X23 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X17 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Ağstafa rayon Notariat kontoruna qarşı vərəsəliyin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X8 xx.xx.1998-ci il tarixdə ölümü ilə Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi və 0,23 ha pay torpağı üzərində vərəsəliyinin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edib göstərdi ki, ki, iddiaçının mərhum nənəsi X13 1998-ci ildə vəfat etmişdir. Ondan Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi və 0,23 ha pay torpağı miras qalmışdır. Həmçinin mərhum X13 iddiaçıya vəsiyətnamə də vermişdir. Belə ki, İddiaçı mərhum X8 nəvəsidir və onların yanında yaşamaqla miras əmlakı idarə etmişdir, halhazırda da həmin evdə yaşayır. Miras qoymuş şəxs mərhum X8 vərəsələri olmuşdur. X2 və X5 vəfat etmişdir. Sağ qalan vərəsə X12 isə miras əmlakdan imtina etmişdir. Mirasın qəbulu ilə bağlı İddiaçı Ağstafa Rayon Notariat Kontoruna müraciət etmişdir. X1 qızı Cavabdeh mübahisə yaratdığı üçün eyni zamanda mirasın qəbulu ilə bağlı müddət ötdüyü üçün Ağstafa Rayon Notariat Kontorundan imtina verilmişdir. Hazırda Cavabdeh da miras əmlakdan imtina etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul edib izahatında göstərdi ki, iddiaçı onun xalası oğludur. O, Ceyhun evi satacağını fikirləşib əvvəlcə iddia tələbini qəbul etməmişdir. Hal-hazırda iddia tələbinə heç bir etirazı yoxdur və iddia tələbini qəbul edir, ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs Ağstafa rayon Notariat kontoruna rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, miras əmlak toplusuna X6 (Namazova) adına Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi və Ağstafa rayonu Poylu kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Belə ki, iş materiallarında arxiv arayışından görünür ki, X6 (Namazova) adına Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi mövcuddur. İş materiallarından olan JN-913, KOD 50209018-saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X6 (Namazova) adına Ağstafa rayonu Poylu kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Məhəmmədəli Namazov xx.xx.1985-ci ildə, Münəvvər Əmralıyeva xx.xx.1998-ci ildə, Əsməd Hüseynova isə xx.xx.2015-ci ildə tarixdə vəfat etmişdir. İş materiallarında olan X19, X16, X10 və X4 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, xx.xx.1998-ci ildə vəfat etmiş X7 (Namazova) miras qalmış əmlakdan onlara çatası paydan imtina edirlər. Məhkəmə iddiaçının miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, Məhəmmədəli Namazov ilə Münəvvər Əmralıyevanın birgə nikahlarından X11, X5 və X9 adlı 3 nəfər uşaqları anadan olmuşdur. Məhəmmədəli Namazov xx.xx.1985-ci ildə, Münəvvər Əmralıyeva xx.xx.1998-ci ildə, Əsməd Hüseynova xx.xx.2015-ci ildə, Anaxanım Əmralıyeva isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X7 Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi və 0,23 ha pay torpağı miras qalmış, onların sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Eyni zamanda, pay almaq hüquqları olan şəxslərdən Anar Hüseynov, Xədicə Məmmədli, Ülkər Rəhimova və Nuridə Haşımova miras paydan imtina etmişlər və barədə onların notariat qaydada təsdiq olunmuş ərizələri təqdim olunmuşdur. Həmçinin iş üzrə digər vərəsə olan Cavabdeh da məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. İş üzrə iddiaçı mərhum nənəsindən miras qalmış əmlakları qəbul edərək faktiki idarə etmiş, digər vərəsələr is miras əmlakla maraqlanmamış və öz paylarından imtina etmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə iddiaçının nənəsi X7 (Namazova) miras qalmış əmlaka Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsə olmaq hüququ yaranmışdır. Belə ki, iddiaçının mərhum anası Əsməd Hüseynova nənəsi Münəvvərdən miras qalmış əmlakı qəbul etdikdən sonra vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları müəyyən olunmaqla, uşaqlar o cümlədən (övladlığa götürənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsə hesab olunur. 2000-ci ildə qəbul olunmuş və qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən, ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-nin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Eyni zamanda, MM-nin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. MM-nin 1270.3-cü maddəsinə əsasən ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Göründüyü kimi, iddiaçıdan başqa bütün vərəsələr olan Anar Hüseynov, Xədicə Məmmədli, Ülkər Rəhimova və Nuridə Haşımova miras qalmış miras paydan imtina etmələri barədə notariat qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etmişlər. Həmçinin iş üzrə digər vərəsə olan Cavabdeh da məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. Ona görə də onların miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məhəmmədəli Namazov ilə Münəvvər Əmralıyevanın birgə nikahlarından X11, X5 və X9 adlı 3 nəfər uşaqları anadan olması, Məhəmmədəli Namazovun xx.xx.1985-ci ildə, Münəvvər Əmralıyevanın xx.xx.1998-ci ildə, Əsməd Hüseynovanın xx.xx.2015-ci ildə, Anaxanım Əmralıyevanın isə xx.xx.2009-cu il tarixdə vəfat etməsi, X7 (Namazova) Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi və 0,23 ha pay torpağı miras qalması, iddiaçının anasının nənəsindən qalmış mirası qəbul etdikdən sonra vəfat etməsi, onun sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqlarının, pay almaq hüquqları olan şəxslər Anar Hüseynovun, Xədicə Məmmədlinin, Ülkər Rəhimovanın və Nuridə Haşımovanın miras paydan imtina etməsi, bu barədə onların notariat qaydada təsdiq olunmuş ərizələrinin məhkəməyə təqdim olunması, həmçinin iş üzrə digər vərəsə olan Cavabdeh da məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etməməsi, iş üzrə iddiaçının nənəsi X7 (Namazova) miras qalmış əmlakları faktiki qəbul edərək idarə etməsi, onun Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsə olmaq hüququnun yaranması məhkəmə iclasında öz təsdiqini tapdığından iddia təmin olunmalı, İddiaçı tərəfindən mərhum nənəsi X7 (Namazova) miras qalmış Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi, JN-913, KOD 50209018-saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağstafa rayonu Poylu kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunmalı və həmin əmlaklara dair ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı tərəfindən mərhum nənəsi X7 (Namazova) miras qalmış Ağstafa rayonu Poylu kəndində yerləşən 28 kv.m yaşayış evi, həmin yaşayış evinin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi, JN-913, KOD 50209018-saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağstafa rayonu Poylu kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olan miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunsun. Qətnamə əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar