Məhkəmə qərarları › İş №2(016)-105/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-105/2023

27.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-105/2023 27.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X39 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X38 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqımüqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Ağsu rayonunun Növcü kəndində yerləşən 5,03 ha pay torpağı üzrə X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X8 Ağsu rayonunun Növcü kəndində 5,03 ha pay torpağı məxsus olmuşdur. Atası 2012-ci ildə dünyasını dəyişmişdir. Atasının vərəsələri olaraq özü, mərhum anası X15 (2001-ci ildə dünyasını dəyişmişdir), bacıları X16 və X17 həmin pay torpağının mülkiyyətçiləridirlər. Sonradan bacıları onlara məxsus pay torpağından onun xeyrinə imtina etmişlər və torpağın mülkiyyətinə verilməsinə dair DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində ********** nömrəli (1.4011 ha) və ********** nömrəli (3.6248 ha) dövlət reyestrundən Çıxarışlar verilmişdir. Dövlət reyestrində Çıxarış alarkən ona məlum olmuşdur ki, həmin pay torpağının alqı-satqısına dair X2 ilə Cavabdeh arasında qanunsuz şəkilqə xx.xx.2007-ci il tarixində 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.X2 onun özünə məxsus olan pay torpağını sata bilərdi, valideynlərinə, ona və bacılarına məxsus olan pay torpağını satmağa isə heç bir hüququ olmamışdır.Ona görə də Ağsu rayonunun Növcü kəndində yerləşən və sahəsi 5.03 ha pay torpağının alqı-satqısına dair onların arasında bağlanmış müqavilə qanunsuzdur, hüquqları kopbud şəkildə pozmuşdur,onlar faktiki olaraq notariusu aldatmışlar, həmin alqı-satqı müqaviləsi halhazırda Dövlət Notariatının elektron bazasında aşkar edilmir. Cavabdeh həmin qanunsuz alqı-satqı müqaviləsinə əsaslanaraq Şəki İnzibati Məhkəməsində DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Ağsu rayonunun Növcü kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmışdı.Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci ii tarixli, 2-1(116)- 1887/2022 saylı Qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.Məhkəmə həmin iddianı mümkünsüz sayarkən adı çəkilən pay torpağı üzərinə onun, bacılarının və valideynlərinin mülkiyyət hüquqlarının olduğunu və buna dair DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində ********** nömrəli (1.4011 ha) və ********** nömrəli (3.6248 ha) dövlət reyestrindən Çıxarışların verilməsini əsas gətirmişdir. Göründüyü kimi, həmin pay torağının qanuni mülkiyyətçiləridir, cavabdeh isə saxtakarlığa yol verərək dövlət notariusunda aşkarlanmayan qanunsuz alqı-satqı müqaviləsinə istinad edərək mülkiyyət hüquları əldə etmək istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, 2003-cü ildən 2010-cu illərin müəyyən vaxtlarında xəstəliyi ilə əlaqədar ölkə xaricində olmuşdur. 2009-cu ildə Azərbaycan Respublikasına qayıtmış və vərəm dispanserində müalicə almış, bundan sonra bacısının yanında 3 il ev şəraitində müalicə almışdır. Həmin dövrlərdə Bakı şəhərində yaşamışdır. 2010-2013-cü illərdə dövlət proqramı ilə müalicə almışdır. Sonuncu dəfə xaricdən ölkəyə girişi 2019-cu ildə olmuşdur. Ondan sonra isə pandemiya dövrü başlamışdır. Necə olur ki, ölkədə olmaya-olmaya adına olan torpaq satılır. Mübahisəli torpaq sahəsi 2007-ci ildə satılıb. Həmin illər ərzində Ukrayna Respublikasında olmuşdur. Cavabdeh ona aid torpağı saxtakarlıqla əlinə keçirmişdir. Torpağın satılmasını 2009-cu ildə bilmiş, cavabdehə torpağı qaytarması barədə bir neçə dəfə xəbərdarlıq etsədə nəticəsi olmamışdır. Məhkəmədə iddia qaldıra bilməməsi və müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilməməsinin səbəbi xəstəliyi ilə əlaqədar uzun müddət müalicədə olması olmuşdur. Odur ki, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərmişdir ki, iş materialları ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır, iddiaçı isə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə, yəni 16 il keçdikdən sonra vermişlər. Belə olan halda iddia müddəti keçdiyi ücün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddia rədd edilməlidir. Bundan başqa mübahisəli torpaq sahəsini iddiaçının atası sağlığında satmışdır və alqı satqı-müqaviləsini iddiaçının bacısı Yeganə Şiralıyeva etibarnamə əsasında atasının əvəzindən 2007-ci il tarixdə imzalamışdır. O, isə müqavilə şərtlərinə uyğun olaraq torpağın dəyərini ödəmişdir. Ödədiyi məbləğ isə həmin dövr üçün torpağın real qiyməti olmuşdur. Həmin pulla iddiaçının atası evlərini təmir etdirmişdir. İddiaçının və ya onun qardaş bacılarının razılıq verib verməməsindən məlumatı yoxdur. O, hissə ilə də maraqlanmamış, çünki alqı-satqı müqaviləsi notariat kontorundan imzalanmışdır, əgər sənədlərdə hər hansı çatışmazlıq olsa idi müqavilə notariat kontoru tərəfindən təsdiq edilməzdi. Həmçinin torpaq alınan vaxt çıxarışı olmamış, torpağın çıxarışını iddiaçı yaxın vaxtda əldə etmişdir. Bu illər ərzində iddiaçıdan torpağın çıxarışını istəsədə verməmişdir. Səbəb bugunkü günə uyğun ondan pul almaq olmuşdur. Bundan başqa həmin dövrdən bəri iddiaçının torpağın satılması barədə məlumatı olmuşdur. Hazırda torpaq satışının üzərindən uzun müddət keçmiş və torpağın qiymət artması ilə əlaqədar qeyd olunan iddia tələbi ilə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, mərhum atası 2012-ci ildə dünyasını dəyişmişdir. Atasının vərəsələri olaraq qardaşı İddiaçı, mərhum anası X18 (2001-ci ildə dünyasını dəyişmişdir), bacısı X19 və özü həmin pay torpağın mülkiyyətçiləridir. Mərhum atası X8 Ağsu rayonunun Növcü kəndində 5,03 ha pay torpağı məxsus olmuşdur. 2022-ci ildə qardaşı İddiaçı həmin pay torpaqlarını rəsmiləşdirmək istəyəndə məlum olmuşdur ki, Ağsu rayon Nöycü kənd sakini Cavabdeh həmin pay torpaplarına dair saxta alqı-satqı müqaviləsi əldə etmişdir. Atasından miras qalmış və adına olan pay torpağını heç kimə satmamış və qardaşı İddiaçı etibar etmişdir. Heç bir alqı-satqı müqaviləsinə imza atmamış, torpaq da satmamışdır. Həmçinin qeyd etmişdir ki, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcək. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, mərhum atasının və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaqla bağlı atası tərəfindən ona etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında 2007-ci ildə adı çəkilən 5,03 ha torpaq sahəsini Ağsu rayon Nöycü kənd sakini Cavabdeh şifahi razılaşma əsasında 15 il müddətinə icarəyə vermiş, lakin satmamışdır. Bir müddət sonra Cavabdeh ona zəng edərək icarəni rəsmiləşdirməyi xahiş etmiş, o da gedib müqaviləyə imza atmışdır. 2022-ci ildə qardaşı Neman Şirəliyev çıxarış almaq istəyəndə məlum oldu ki, onu aldadaraq alqı-satqı müqaviləsinə imza etdiriblər, halbuki buna razı olmamışdır. Həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında göstərdi ki, 2001-ci il tarixdən 2011-ci il tarixə qədər Növcü kənd icra nümayəndəsi işləmişdir. Tərəfəri tanıyır, onlar həmin kənddə qonşu olmuşlar. Sözügedən torpaq sahəsi satılan vaxt olan razılıq ərizəsindən məlumatı yoxdur. Belə ki, həmin torpaqların satılması 17 il əvvəl olduğuna görə tam olaraq yadında deyil. Eyni zamanda bildirir ki, Neman Şirəliyevin atası o dövrdə demək olar ki, özünə məxsus bütün torpaqları satmışdır. İş materialında olan icra nümayəndəliyinin ərizəsindəki imzanın ona məxsus olub-olmaması barədə dəqiq məlumat verə bilməyərək öz imzasına oxşamamış, üzərindən uzun müddət keçməsi səbəbindən dəqiq söz deyə bilməmiş, ola bilsin həmin dövrdə məzuniyyətdə olmuşdur. Məhkəmə proses iştirakçılarınınizahatlarınıdinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN-0059, kod-40912018 olan Dövlət Aktının surətindən görünür ki, X21 və ailə üzvləri olan X18, X9 və X19 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 iyul tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.03 ha torpaq sahəsi verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Növcü kəndində yerləşən 3,6248 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X18, X21, X22 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Növcü kəndində yerləşən 1.4011 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X22, X19, İddiaçı, X18 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1687/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “Ağsu rayon Növcu kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İAMAS bazasında İddiaçı 1995-2019-cu illər ərzində dövlət sərhədində hərəkəti - xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2010-cu, xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu illərdə müvafiq ardıcıllıqla giriş və çıxışı olmuşdur. - 21 iyun 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E/01-245 saylı etibarnaməsinə əsasən X5 adından çıxış edən Ağsu rayonu Növcü kəndində yaşayan X13 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0059, kod-40912018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 məxsus Ağsu rayon Növcü kəndində yerləşən 39 ballı, İV-cü keyfiyyət qrupu əkinə aid olmaqla ailə üzvlərinin razılığına əsasən 5,03 ha torpaq sahəsi Cavabdeh satmışdır.Alqı-satqı müqaviləsi xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X5 adından etibarnamə əsasında X13 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 1500 manat qiymətləndirmişlər. - Bakı şəhəri 1 saylı X28 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 89/09 saylı çıxarışdan görünür ki, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi stasionar müalicədə olmuşdur. - AR Səhiyyə Nazirliyi 4 saylı X28 tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 537 saylı çıxarışdan görünür ki, İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə kimi stasionar müalicədə olmuşdur. - Ağsu rayon Dövlət Notariat Ofisinin Torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair 4Ə/01-289 №-li iş materiallarına əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, Ağsu rayonu Növcü kənd sakinləri X9, X19 və İddiaçı mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 məxsus 5,03 ha torpaq sahəsinin onlara çatan hissəsinin satılmasına etiraz etməmiş və hər biri imzaları ilə bu halı təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpağa mülkiyyət hüququna dair JN-0059, kod-40912018 olan Dövlət Aktına əsasən X21 və ailə üzvləri olan X18, X9 və X19 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 iyul tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə 21 iyun 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 4Ə/01-289 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E/01-245 saylı etibarnaməsi ilə X5 adından çıxış edən Ağsu rayonu Növcü kəndində yaşayan X13 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0059, kod-40912018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 məxsus 5,03 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə Cavabdeh satmışdır. Tərəflər satılan torpaq sahəsini 1500 manat qiymətləndirmişlər. İddiaçı torpağın satılmasından 2009-cu ildə məlumatı olmuş, lakin səhhəti ilə əlaqədar məhkəmədə iddia qaldıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəainə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunanlardan göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir, hazırkı halda da X21 üçüncü şəxslər qarşısında təmsilçilik üçün X6 qanunla müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Burada, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Yuxarıda istinad edilən 10 mart 2005-ci il tarixdə notariat qaydada təsdiqlənərək reyetrdə qeyd edilmiş etibarnamə ilə X1 Şiralı Gülalı oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq və sair bu kimi səlahiyyətlər vermiş, həmin etibarnamə əsasında X13 hərəkət etmiş və alqı-satqı müqaviləsi müqaviləsi bağlamışdır. Torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanması və digər əməliyyatlar zamanı 10 mart 2005-ci il tarixli etibarnamə əsasında hərəkət edən Yeganə Şirəliyevanın səlahiyyətlərinin legitimliyi barədə maraqlı şəxslər, xüsusən hazırkı iddiaçı tərəfindən heç bir iddia irəli sürülməmişdir, bu günədək də həmin etibarnamə ləğv edilməmişdir. Bu hal isə, iddiaçının mübahisəli torpaq sahəsinin atası X5 adından X13 tərəfindən satılmasına yönəlmiş iradə ifadəsinə şübhə yaranmamasına dəlalət edir. Bu zaman nəzərə alınmalıdır ki, sözügedən etibarnamənin verilməsindən sonra torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd olan şəxslər Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizə verərək torpaq sahəsinin satılmasına razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilənlərlə müəyyən olundu ki, X5 adından müvafiq səlahiyyətlərlə verilmiş etibarnamə əsasında hərəkət edən X13 ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh əmlakın dəyərini ödəməklə əmlakı qəbul etmişdir. Torpağın satış pulunun isə cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır, iddiaçı iddia ərizəsində onun alqı-satqı müqaviləsindən məlumatı olmadığını, həmin dövrdə Ukrayna Respublikasında olmasını qeyd etsə də bunlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İAMAS bazasının məlumatında da iddiaçının 2007-ci il tarixdə ölkə hüquqlarında kənarda olması təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hazırkı halda müəyyən edildi ki, X13 ilə Cavabdeh arasında hazırda mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 21 iyun 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh 21 iyun 2007-ci il tarixdə mübahisəli torpaq sahəsini, onun həmin tarixdəki mülkiyyətçisi olan X5 verdiyi etibarnamə ilə müvafiq səlahiyyətlərlə hərəkət edən X13 ilə alqı-satqı müqaviləsi bağlamaqla almış, əmlakın dəyərini tam ödəmişdir. Cavabdeh mübahisəli torpaq sahəsini almamışdan əvvəl torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə X5 ailə üzvlərinin razılıqlarının olub-olmaması, torpaq sahəsinəmünasibətdə hər hansı şəxsin hüquqlarının pozulmasına yol verilməsi ona məlum olmamışdır. Belə halın məlum olmaması isə realdır, belə ki, mülkiyyətçinin verdiyi etibarnamə qüvvədə olmuş, hansı ki, hazırda da qüvvədədir, müvafiq qaydada ləğv edilməsi barədə məlumat yoxdur, həmin etibarnamə notariat kontoru tərəfindən qəbul edilərək notariat əməliyyatı aparılmış, alıcının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və əldə edən şəxs olaraq Cavabdeh həmin qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi olmamışdır. Eyni zamanda Cavabdeh belə bir şübhə olması barədə işdə hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Hazırki halda müəyyən edildi ki, Cavabdeh ilə bağlanmış 21 iyun 2007-ci il tarixli əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərarda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda eyni hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlmişdir ki, vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Bütün bu qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, Cavabdeh vicdanlı əldə edən olduğundan, Yeganə Şiralıyeva ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilə etibarsız hesab edilə bilməz, həmin əqdin etibarsız sayılması üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı Cavabdeh vicdanlı əldə edəndir. Əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək yaşayış sahəsi əldə etmiş və yaşayış sahəsi olan mənzilə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır. Bununla da, vicdanlı əldə edən kimi Cavabdeh iddiaçılara nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Bununla da, müəyyən olundu ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edərək, bu barədə ərizə təqdim ebib, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı da alqı-satqı müqaviləsindən 2009cu ildən məlumatı olduğunu, lakin səhhəti ilə bağlı məhkəmədə iddia qaldıra bilmədiyini qeyd etsədə buna dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəməyə səhhəti ilə bağlı təqdim etdiyi sənədlərdən görünür ki, o, 2009 və 2010-cu illər ərzində 3 aylıq stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il tarixli, 4 nömrəli Bülleteni) Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəf 21 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından sonra onun nəticələrini mübahisələndirdikləri halda, bununla bağlı qanunla müəyyən edilmiş 01 (bir) il ərzində deyil, 15 (on beş) ildən artıq müddət ötdükdən sonra məhkəmədə iddia qaldırmışlar ki, hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişlər. İddiaçı iddia müddətini üzrlü səbəbdən buraxdığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavadeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göründüyü kimi iddiaçı nəinki əqdin etibarsızlığı ilə bağlı bir illik iddia müddətini, hətta ümumi iddia müddətini (on illik) ötürmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək də mövcud iddia tələbi rədd edilməlidir. Çünki qanunvericiliyin tələblərinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi sübuta yetirilməməklə yanaşı, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında iş üzrə iddia müddəti tətbiq edilməklə İddiaçı “Ağsu rayonunun Növcü kəndində yerləşən 5.03 ha pay torpağı üzrə X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Ağsu rayonunun Növcü kəndində yerləşən 5.03 ha pay torpağı üzrə X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar