Məhkəmə qərarları › İş №2(016)-1129/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1129/2023

21.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1129/2023 21.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun barəsində qaz sayğacı ilə əlaqədar qaz istehlakçısı kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmasına görə hesablanmış 720 m3 qaz itkisinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli 1002AQ**********7 nömrəli sayğacın ona heç bir aidiyyəti yoxdur, həmin sayğac quraşdırılmış Ağsu rayonu, Qaraqaşlı kəndində olan evdə yaşamış anası 2007-ci ildə vəfat etmişdir. 2007-ci ildən 2023-cü ilin iyul ayının 23-dək həmin evdə yaşayış olmamışdır. 2023-cü ilin iyul ayının 23-də həmin evə qardaşı X1 ailə-uşaqları ilə birgə həmin evə köçərək indiyə kimi yaşamağa başlamışlar. Mübahisəli qaz sayğacı quraşdırılmış evdə onun qeydiyyatı da yoxdur. Onun qeydiyyatı həmin kənddə və həmin məhəllədə, lakin ayrı olan evdə öz ailəsi ilə yaşayır və qeydiyyatı da faktiki yaşadığı evədir. Bir neçə gün bundan qabaq qardaşı onun adından qardaşının olduğu ünvana gəlmiş cərimə ilə əlaqədar Ağsu RQİİ-ə gedərək bunun nəyə görə yazıldığını soruşmuş və ona izah edilmişdir ki, 2021-ci ildə sayğac dəyişdirilib aparılıb Bakıda labaratoriyada yoxlanmış və müəyyən edilmişdir ki, sayğacın yaddaş proqramı nasazdır və təbii qaz itkisi yaranmışdır. Odur ki, bununla əlaqədar olaraq 30 gün müddətində qaz itkisi hesanlanıb onun adına cərimə yazılmışdır. Həmçinin bununla əlaqədar tərtib edilmiş sənədlər qardaşına verilmiş və qardaşı da öz növbəsində gətirib ona vermişdir. O, həmin sənədlərlə tanış olaraq bildirir ki, orada yazılanlarla razı deyil. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktda onun ad və soyadı qarşısında yazılmış “imtina etdi” düzgün deyildir, bu özləri tərəfindən onun iştirakı olmadan tərtib edilərək yazılmışdır. Elə bir sənəd ona təqdim edilməmişdir, görməmiş, bu haqda heç bir məlumatı olmamışdır. Daha sonra həmin vaxtlar evdə yaşayış olmadığından qazdan istifadəçilərin sayının 4 nəfər olduğu göstərilmişdir. Odur ki, bu sənəd tam saxtadır. Daha sonra əgər sayğac dəyişdirilib götürülərkən onu dəyişdirib götürənlər mütəxəssis kimi yerində yoxlayıb bilərdilər ki, sayğac nasazdır və bununla əlaqədar yerində vətəndaşın iştirakı ilə, ev sahibi yoxdursa qonşulardan hər hansının iştirakı ilə akt tərtib edilərdi və sonradan bir nüsxəsi onlara çatdırılardı. Bu da edilməmişdir. Əgər sayğacı dəyişdirən idarənin işçiləri sayğacda nasazlığı bilə-bilməyib və göndəriblər ki, labaratoriyada yoxlansın və labaratoriya mütəxəssisləri bu nasazlığı aşkar etmişdirsə həmin nasazlığı adi istehlakçının bilməsi absurddur və mümkün deyildir. Qeyd edilən nasazlıq sayğacda yaranmışdırsa bunun istehlakçının təqsirinə aid edilməsi də qərəzlidir. Adi vətəndaş hansı təqsirli hərəkət törətmişdir ki, nasazlıq yaranmışdır, bunun izahı göstərilməmişdir. Həmin il Ağsu şəhəri və rayonu üzrə minlərlə adamlara eyni qaydada cərimə yazıldığı hamıya məlumdur və kimlər ki bu haqda məhkəməyə müraciət etmişlər, məhkəmə ədalətli qərar qəbul edərək cərimələrin ləğvinə dair qərarlar verilmişdir. “Dəymiş ziyanın bərpasına dair Tələbnamədə” göstərilmişdir . İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus Smart G4 markalı, 1002AQ**********7 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Azəriqaz İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğac F-109 rejimindədir, elektron yaddaş proqramı nasazdır və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən sayğac F-109 rejimindədir, elektron yaddaş proqramı nasazdır və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 720 metr3 sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı mənzilinə xx.xx.2020-ci il tarixdə Zenner G4T mexaniki markalı, ********** nömrəli sayğac quraşdırılmış, abonent kodu **********02040-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın F-109 rejimində olması, elektron yaddaş proqramının nasaz olması və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 72 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 4320 kub metr qaz həcmində cərimə silinməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Ağsu X4 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 72 manat məbləğində cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 72 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar