Məhkəmə qərarları › İş №2(016)-1171/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1171/2023

18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1171/2023 18.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istifadəsində olan qaz sayğacı ilə əlaqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmasına görə hesablanmış 1440 m3 qaz itkisinə dair cərimənin və qaz sayğacı dəyişdirilərkən yeni quraşdırılmış sayğacın üzərində qanunsuz və əsassız yüklənmiş 68 manat pulun ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birgə Ağsu rayonu, Pirhəsənli kəndində yaşayır. Hamı kimi qaz istehlakçısıdır və sayğacı da hamıda - olduğu kimi küçədə - hasarın çölündə quraşdırılmışdır. Kənddə sayğacların - normal işləməsinə, qaz itkisinə və s. hallara nəzarətçi vardır ki, bu da onunla heç bir qohumluq əlaqəsi olmayan həmkəndlisi X1r. O, hər ay ən azı bir dəfə gəlib sayğaclara baxış keçirib gedir. Ondan indiyə kimi hər hansı narazılıq, xəbərdarlıq almamışdır. Əvvəlki sayğacı kartla işləyirmiş, kart vasitəsi ilə sayğaca yüklənən pulun miqdarı həcmində qaz istifadə olunub qurtardıqda qaz verilməsi avtomatik olaraq dayandırılırdı. 8 mart 2022-ci ildə oğlu Aydın qazın sayğac kartına yüklədiyi 5 manat pulu gətirib sayğaca yükləyəndə kartdakı pul sayğaca keçməmişdir. Bir neçə dəfə cəhd etsə də alınmadığından Qaz xidmətinin qaynar xəttinə zəng edib məlumat vermişdir. Həmin gün Qaz idarəsindən işçilər gəlib baxıb demişlər ki, sayğacın istismar müddəti bitib, heç bir problem yoxdur, sayğac dəyişilməlidir, ancaq sayğacları yoxdur. Həmin işçiləri üzdən oğlu tanıyır. Lakin 2-3 gün keçmədi ki, qaz işçiləri gəlib sayğacı dəyişdirdilər. Sayğac dəyişdirilərkən də işçilər əvvəlki sayğacda hər hansı nöqsan, müdaxilə və s. hallar barədə hər hansı bir fikir bildirməmişlər. Lakin bir onu demişlər ki, əvəz edilib quraşdırılan sayğacın üzərində 68 manat pul qalığı, yəni borc var, onun işçilərə heç bir aidiyyəti yoxdur, həmin miqdar pul silinib gedəcək. Yenilənən sayğac kartla deyil, qəbz sistemi ilə oldu, yəni, hər ay nəzarətçi Şahin gəlib yoxlayıb onlara ödəniş qəbzi verir və bu qəbz əsasında ödəniş etməklə qazdan istifadəni davam etdirirlər. Lakin 68 manat qalıq sayğacın üstündə qalırmış, ona görə ödəniş etmirmiş. Bu müddətdə 68 manat pulun sayğacdan silinməsi üçün oğlu Aydın dəfələrlə Ağsu rayonu üzrə Qaz idarəsinin müdiri Həbibin yanına getməklə, telefon zəngi ilə ona şikayətlənmiş, o isə hər dəfə demişdir ki, bunun onlara aidiyyəti yoxdur. Regional İdarəyə deyib, silinəcəkdir. Sayğac dəyişdirilib aparılandan 1 il 5 ay sonra, yəni bir neçə gün bundan qabaq, nəzarətçi X2 Qaz İstismarı idarəsinə dəvət edərək orada ona izah edib ki, sayğac Bakıya göndərilib labaratoriyaya yoxlamaya, oradan cavab gəlib ki, sayğacda qaz itkisi olubmuş və onlara cərimə yazılıb. Orada oğlu səs-küy yaradaraq narazılığını bildirib, ondan sonra ona sənəd təqdim edib izah ediblər ki, bu iş kütləvidir, hamıya belə yazılır, sənədlərə imza etdiriblər ki, aparıb məhkəməyə versin. Oğlu Aydın da təqdim edilən sənədlərə imza edərək qəbul edib. Alıb sənədlərlə tanış olduqda görmüşlər ki, ARDNŞ-nin Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktda 389-cu sırada onların işlətdiyi sayğac barədə aşağıdakılar göstərilmişdir: “G-4 markalı sayğacın elementi bitib. Elektron açmadı, informasiya oxunmadı. Xətalar normadan artıqdır və təbii qaz itkisi yaranmışdır.” Onun 71 yaşı var, ancaq heyvan-qara saxlamaqla məşğul olur. Odur ki, onun və ailə üzvlərinin sayğacın işləmə prinsiplərindən heç bir anlayışı yoxdur, sayğaca müdaxilə etməmişdir. Sayğacın elementi nə qədərdir, harada yerləşir, müddəti nə qədərdir, işləmə prinsipi necədir bu haqda heç bir biliyi yoxdur. Sayğacın elementinin bitməsini, bitmə ərəfəsində olmasını nəzarətçi vaxtında bilməli və tədbir görməli idi, bunun ona heç bir aidiyyəti yoxdur. Labaratoriya yoxlamasının nəticəsi ilə əlaqədar olaraq Ağsu RQİİ-nin rəhbərliyi də sənədləşmə apararaq ona qanunsuz və əsassız olaraq 1440 m3 qaz itkisi hesablayaraq cərimə yazıblar. Əvvəla 2022-ci ilin mart ayında istismardan çıxarılmış sayğacın xx.xx.2023-cü il tarixdə aparılıb yoxlanılması, qeyrilərinin sayğaclarının dəyişdirilib aparılıb yoxlanılaraq siyahıda göstərildiyi kimi 393 abonentin hamısının yararsız olması göstərilməsi, nə üçün hamıda 30 gün və hər gündə 12 saat işlətməklə qaz itkisi standart hesablanması, onun hərəkətində nə kimi konkret qanun pozuntusunun göstərilməməsi və s. hallar çoxlu suallar doğurur. Onun hərəkətlərində “qazdan istifadə Qaydaları”nın heç bir tələbi pozulmamışdır, bu işdə onun heç bir təqsiri yoxdur. Ona hesablanmış bu qədər qaz itkisi tam qanunsuz və əsassızdır, odur ki, ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 172 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus G4 markalı, 1802AZ**********8 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın elementi bitmiş, ekran açılmamış, informasiya oxunmamış, xətalar normadan artıq olmuş və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent sayğacın elementi bitmiş, ekran açılmamış, informasiya oxunmamış, xətalar normadan artıq olmuş və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1440 metr3 sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Pirhəsənli kəndində İddiaçı mənzilinə xx.xx.2023-cü il tarixdə Zenner G4T mexaniki markalı, **********8 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00000-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın elementinin bitməsi, ekranın açılmaması, informasiya oxunmaması, xətaların normadan artıq olması və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 172 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 172 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 172 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar