Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1466/2025 03.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə (üçüncü şəxs: Cavabdeh İB-nin X2 İstismar İdarəsinin Ağsu xidmət sahəsi) qarşı “qanunsuz hesablanmış cərimələrin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB və X2 İstismar İdarəsinin Ağsu xidmət sahəsi tərəfindən istifadəsində olmuş qaz sayğacı ilə əlaqədar qaz istehlakçıları kimi adına əsassız və qanunsuz olaraq qazdan istifadə qaydalarını pozmağına görə 3754 m³ və 2754 m³ qaz itkisinə dair hesablanmış məbləğlərin və 2 ədəd qaz sayğasının dəyərinin ondan tutulmasının ləğv edilməsi və ondan tutulmuş məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Ağsu rayonunun Gəgəli kəndində yaşamaqla qaz istehlakçısıdır və hamı kimi sayğacı küçə qapısı yaxınlığında çöldə quraşdırılmışdır. Sayğac həmişə kartla işləyənləndən olmuşdur. Son 2-3 ildə karta ödəniş edib sayğaca yüklədikdə yay-qış fərq etmədən dərhal ödənişin yarısı silinimişdir. Hansı ki, evində kombi sistemi yoxdur. Bir ədəd qaz plitəsi və qışda da bir ədəd soba işlədirlər. İsti aylarda 3-4 manat, soyuq aylarda isə ən çoxu 15-20 manatlıq qaz sərfiyyatı edirlər. Odur ki, axırda cana gəlib 25 sentyabr 2025-ci il tarixində rayondakı Qaz İstismarı İdarəsinə gəlmişdir ki, bu vəziyyəti araşdırsın. Oradan ona məlumat vermişlər ki, onun sayğacı 2017 və 2018-ci illərdə dəyişdirilmiş və həmin zamanlarda ona qaz sərfiyyatında qaydaları pozduğuna görə cərimə yazılıb. Onun barəsində tərtib edilmiş aktlar əsassızdır və ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixli akt əsasında ona hesablanmış 750,8 manat və xx.xx.2019-cu il tarixli akt əsasında ona hesablanmış 275,40 manat məbləğində cərimələrin silinməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2018-ci il tarixində ”Azəriqaz” X1 RQİİ-nin Ağsu XS-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. Mənzildən açılmış Smart-G-4 markalı, 1402Az**********9 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib və təbii qaz itgisi yaranmışdır. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.02018-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Ağsu XS-nin abonent bazasındakı **********04450 nömrəli abonent koduna 3754 m3 – 750.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Təkrarən Ağsu RQİİ-nin Ağsu XS-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. Mənzildən açılmış Smart-G4 markalı, 1702Az**********29 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın gövdəsi şişib və alt hissədən əzilib, sayğacın klapanı açılmır və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.02019-cu il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Ağsu XS-nin abonent bazasındakı **********04450 nömrəli abonent koduna 2754 m3 – 275.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək İddiaçı Cavabdehnə qarşı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 01423920 nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlar əsasında hesablanmış ümumilkdə 1.026.20 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus G4 smart markalı, 1702AZ**********29 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmiş və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, qaz işlədicilərinin 1 ədəd PQ-4 tipli qaz plitəsi maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 172 gün, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 8 gün, 1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat hesabat müddəti 172 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3754 metr3 sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Ağabəyli kəndində İddiaçı mənzilinə xx.xx.2018-ci il tarixdə Smart G-4 İtron Diafraqma markalı, 1802AZ**********99 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********04450-dır. - Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus G4 smart markalı, 1702AZ**********29 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın gövdəsinin daxilində maye mövcuddur. Gövdəsi şişib və alt hissədən əzilib. Sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı. Təbii qaz itkisi yaranmışdır. - xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən abonent sayğacın gövdəsinin daxilində maye mövcuddur. Gövdəsi şişib və alt hissədən əzilib. Sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin PQ2-ün maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Xarici isitmə sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2754 metr3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. İtirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 750,8 manat və 275,40 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlarında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar əsasında iddiaçıya hesablanmış 750,8 manat və 275,4 manat məbləğində cərimələr silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30,26 manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar əsasında İddiaçı hesablanmış 750,8 manat və 275,4 manat məbləğində cərimələr silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30,26 manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1466/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1466/2025
03.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver