Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-244/2025 26.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağsu rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üzrə müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bacısı X2 miras qalmış ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1201 ha və 0.1315 ha torpaq sahələrinə dair miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və həmin miras əmlaklara dair vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısı X1 rayonu, Pirhəsənli kəndində yaşamış və 15 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Bacısı subay olmuş, heç vaxt ailə qurmamışdır. ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1201 ha və 0.1315 ha torpaq sahələri bacısı X3 mülkiyyətində olmuş və bacısı rəhmətə getdikdən sonra həmin torpaq sahələri miras qalmışdır. Bacısının vəfatından sonra miras əmlak olan hər iki torpaq sahəsi faktiki olaraq onun tərəfindən qəbul edilmiş, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə rəsmi qaydada qəbul edilməmişdir. Belə ki, bacısının vəfatından sonra hazırkı vaxta kimi hər iki torpaq sahəsi onun tərəfindən istifadə olunmuş, əkilib-becərilmişdir. O, hüquqi cəhətdən savadsız olduğu üçün miras əmlaka dair vərəsəliklə bağlı notariata müraciət etməli olmağını bilməmiş, hesab etmişdir ki, bacısı rəhmətə getdikdən sonra torpaq sahəsini kim istifadə edirsə, torpaq sahəsi də ona verilir. Sonradan müəyyən sənədləşmə işləri zamanı ona bildirilmişdir ki, bacısından miras qalmış torpaq sahələrinə dair vərəsəlik işi açılmalı və bununla bağlı notariata müraciət edilməlidir. Bundan sonra bacısıdan miras qalmış torpaq sahələrinə dair vərəsəlik şəhadətnaməsi alınması üçün Ağsu rayon notariat ofisinə müraciət etmiş, lakin, Ağsu rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 575 nömrəli məktubla ona cavab verilmişdir ki, vərəsələr mirası 6 ay ərzində qəbul etməlidir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 miras qalmış ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1201 ha və 0.1315 ha torpaq sahələrinə dair miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ünvanladığı məktubla notariat ofisinin iş rejiminin nəzərə alınmaqla nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 1i ünvanında 0.1201 ha torpaq sahəsi X3 adına qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 1i ünvanında 0.1315 ha torpaq sahəsi X3 adına qeydə alınmışdır. - AZ-İİ seriyalı 336057 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə ölmüşdür. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onun mərhumə bacısı X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumə vəfat etdiyi günə kimi aşağıda adı göstərilən ailə üzvləri ilə birlikdə Ağsu rayonunun Pirhəsənli kəndində yaşamışdır. Vərəsələri: bacısı – X16, bacısı – İddiaçı, qardaşı – X12 (vəfat edib), qardaşı – X9 (vəfat edib). - X16 tərəfindən Ağsu Rayon Notariat Ofisinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş miras qoyan X2 qalmış miras əmlakdan ona çatan Qanun üzrə vərəsəlik payını qəbul etməmiş, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun mərhumə bacısı X4 xx.xx.2022-ci il tarixdə vəfat edib. Onun ünvan 1ində 1.1201 ha (reyestr nömrəsi – **********370, Qeydiyyat nömrəsi - **********) və 0.1315 ha (**********71, Qeydiyyat nömrəsi – **********) torpaq sahəsi qalıb. Həmin torpaq sahəsində hazırkı vaxta kimi bacısı İddiaçı tərəfindən əkib becərilir və istifadə olunur. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X12 xx.xx.2011-ci il tarixdə ölmüşdür. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X10 ilə X15 olan xx.xx.1952-ci il təvəllüdlü X5, xx.xx.1954-cü il təvəllüdlü X11 və xx.xx.1956-cı il təvəllüdlü X7 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin xx.xx.1983-cü il tarixdə vəfat etmiş X6 ölümü xx.xx.1983-cü ildə Ağsu rayonunun Pirhəsənli kənd İcra Nümayəndəliyində qeydə alınmışdır. xx.xx.2021-ci ildə vəfat etmiş X8 ölümü xx.xx.2021-ci ildə Ağsu rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Eyni zamanda informasiya sistemində Müşginaz Mirzəliyevanın nikahı və övladları haqqında məlumat aşkar edilməmişdir. Göründüyü kimi, 0.1201 ha və 0.1315 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyəti olmuş olduğundan, mübahisəli torpaq sahələri miras əmlak kütləsidir. Məhkəmədə miras qoyan X3 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1166-cı maddəsinə əsasən, fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə hesab edir ki, ünvan 1ində yerləşən 0.1201 ha və 0.1315 ha həyətyanı torpaq sahəsi miras əmlakı kütləsinə daxildir. MM-in 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (1243.3). MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün müddətin uzadılmasının müəyyən edilməsinin miras əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 308-ci maddəsinə əsasən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin məhkəmə müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün müddətin uzadılmasının müəyyən edilməsinin miras qoyan X2 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, iddiaçının miras qoyandan miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi üçün müddətin uzadılmasının hüquqi əhəmiyyəti vardır. Lakin iddiaçı buna dair ona lazım olan sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş bacısı X2 miras qalmış ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1201 ha və 0,1315 ha torpaq sahələrinə dair mirasın qəbulu ilə əlaqədar buraxılmış müddət üzürlü sayılsın və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-244/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-244/2025
26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver