Məhkəmə qərarları › İş №2(016)-246/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-246/2023

05.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-246/2023 05.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı və vəkili (nümayəndəsi) X5, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı “miras qalmış fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək atası X2 miras qalmış Ağsu rayonu, Bico kəndində yerləşən fərdi yaşayış evinin ona aid olan hissəsinə onun və ailə üzvlərinin məcburi köçürülməsini, satınalınma kimi qeyri-qanuni yerləşdirilmiş Cavabdeh3 və uşaqlarının oradan məcburi çıxarılmasını, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətindən istifadələrinə hər cür maneənin aradan qaldırılması, ev və həyətyanı sahədə ümumi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X2 Ağsu rayonunun Bico kəndində cəmi 57,3 m3 fərdi yaşayış evi və 0,16 ha. həyətyanı sahə miras olaraq qalmışdır. Ev iki otaqdan və bir əlavə yardımçı otaqdan ibarətdir. Otaqlar 13,5 və 12,5 kv.m-likdir. Bunu atasının adına olan həmin evin 1988-ci ilin dekabr ayında tərtib edilmiş texniki pasportu təsdiq edir. DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən alınan texniki pasportun təsdiq edilmiş surəti də təsdiq edir. Həmin texniki pasportun bir surəti özündə qeyd edildiyi kimi həmin idarənin arxivində saxlanılır. Həmin ev üzrə mülkiyyət hüququna dair Çıxarış əldə edilməmişdir. Həmçinin heç kim vərəsəlik şəhadətnaməsi almamışdır. Evə o və 4 nəfər ailə üzvləri qeydiyatdadır. Bunu da Ağsu RİHB-nin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 saylı xx.xx.2022-ci il tarixli arayış təsdiq edir. O, ailə üzvləri ilə birgə müvəqqəti olaraq qohum evində məskunlaşmışdır. Yaşayış üçün başqa evləri yoxdur. Ağsu RİH-nin Ağsu rayon dövlət arxivindən alınmış 106 saylı xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən Bico kənd ərazi bölgəsinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabın 123-124-cü səhifəsindən müəyyən olunmuşdur ki, İddiaçı təsərrüfat başçısı olmaqla adına yaşayış sahəsi 30 kv.m olan yaşayış evi qeyd edilmişdir. Bu mübahisəli evə aiddir. Miras qalan həyətin də yarısı ona məxsusdur. Ondan başqa vərəsələrdən heç kim o evdə qeydiyyatda deyillər. Onlardan sağ olanlar başqa-başqa ünvanlarda yaşayırlar. Başqa vərəsələr böyüdükcə ayrı ünvana köçmüşlər, yalnız həmin ev onun nəzarəti altında qalmışdır. Kənddə su, qaz olmadığından, yaşayış çətin olduğundan və o əlil arabasında gəzdiyindən müvəqqəti olaraq ailəsi ilə birlikdə məcbur olub yığışıb gedib Bakı şəhərində qohum evində məskunlaşmışdır. Lakin hər il taxıl əkib, beçərmə və biçin mövsümü ilə əlaqədar olaraq gəlib özünə aid olan evdə qalır və toxumluq taxılı da orada saxlayır. Son illər kənddə su, qaz çəkildiyindən, yəni yaşayış üçün həyat bərpa edildiyindən o, hətta ailə uşaqlarını da həmin evə köçürüb yaşamaq istəyir. Lakin, son ilin taxıl mövsümünün əvvəlində kənddəki evinə gələrkən cavabdehlər onu evə buraxmamışlar, sahədən götürdüyü taxılı elə sahədə satmış, toxumluq taxılı isə başqa həyətdə saxlamaq məcburiyyətində qalmışdır. Həyətinəevinə gedəndə Cavabdeh1 onu təhqir etmiş, nalayiq sözlər işlətmiş, əlil olaraq gəzdiyi əlil arabasından onu aşırmış, ona kömək edəni də təhqir etmişdir. Onu “nəşə" bitkisi əkməkdə şərləyib polislərə həyəti axtartdırmışdır. O, cavabdehin bu hərəkətindən 4 dəfə “102" xidmətinə şikayət verməli olmuş, lakin polislər də işə baxmamışlar, ona bildirmişlər ki, bu mülki işdir. Cavabdehlər onu evinə-həyətinə buraxmırlar, o, bilmir ki, içəridə nə tikib, nə söküblər. Ancaq onu bilir ki, Cavabdeh2 mübahisəli miras həyətin bir hissəsindən 35 metr uzunluqda özlərinə yol yeri götürmüşdür. Cavabdehlər onsuz ona məxsus miras evi eyni məhlədə yaşayan Cavabdeh3 satmışlar. O da darvaza hasarını söküb, yenidən tikinti işi aparmışdır. Darvaza açarı ona verilmir, darvaza onun üzünə bağlı edilmişdir, ona görə də içəri girə bilmir ki, görsün, daha nə dəyişiklik edilib. Onların bu qeyri-qanuni hərəkətlərindən o, keçən il taxıl - əkib becərə bilməmiş, kəndin ərazisində onun 4,27 ha. əkin sahəsi vardır. Hər il oradan 7 - 8 ton taxıl əldə edirmiş. Ən azı 2 (iki) min manatlıq maddi ziyan çəkmişdir. Kənddə 4,27 ha əkin sahəsinin olması barədə DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. Mübahisəli evin alqı-satqısının edilib-edilmədiyini müəyyən etmək üçün nümayəndəsi Ağsu rayon notariat ofisində yoxlatmış, lakin mərhum atasının adına olan ev üzrə sənədləşmə qaydasında heç bir alqı-satqı olmadığı bildirilmiş, lakin ofis rəsmi sənəd verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu ifadə verərək tələbinin təmin olunmasını xahiş etdi. Həmiçinin, bildirdi ki, 1995-ci ildən Sulutəpə qəsəbəsində, 2005-ci ildən isə Müşfiqabad qəsəbəsində yaşayır. O, orda aliləsi ilə birlikdə qalır. İddiaçının vəkili (nümayəndəsi) X11 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, qardaşı Əziz müharibəyə gedib gələndən sonra Bakı şəhərinə köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. Anası 1997-ci ildə, atası isə 2003-cü ildə vəfat etmişdir. İddiaçı valideynlərinə baxmamış, onlara qulluq göstərməmişdir. Onun işi ancaq içki içmək olub. Digər cavabdehlər Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.1998-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin aprel ayının 18-də 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarından olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin mart ayının 08-də 05 nömrə ilə qeyd edilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının X26 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağsu rayonu, Bico kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibdə ailə üzvləri vardır: yoldaşı-X13, qızı- X14, oğlu-X15, nəvəsi-X18, qardaşı-X4. Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv çıxarışından görünür ki, Ağsu Rayon Dövlət Arxivində saxlanılan Bico kənd ərazi bölgəsinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabın 123- 124-cü səhifələrindən müəyyən olunmuşdur ki, İddiaçı təsərrüfatbaşçısı olmaqla adına yaşayış sahəsi 30 kv.metr olan yaşayış evi qeyd edilmişdir. İş materiallarında olan JN-376F, Kod - 40905018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X7 və ailə üzvləri X6, X4, X12 və X1 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 14 yanvar tarixli, 01 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Tərəflərin izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 1995-ci ildən daimi əsaslarla Sulutəpə qəsəbəsində, 2005-ci ildən isə Müşfiqabad qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Belə ki, iddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Ona görə də, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı “miras qalmış fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar