Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-288/2024 13.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş R 313985 saylı akt əsasında hesablanmış 351,12 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun yaşadığı ünvana mexaniki işıq sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi sayğaca xidmət və nəzarət də məhz cavabdeh tərəfindən həyata keçirilir. Həmin sayğacda aylıq nə qədər işıq sərfiyyatı olursa onu da ödəyir. Yəni həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Sayğac küçədə quraşdırıldığından ona nəzarət iradəsindən kənardır. Sayğacda yaranmış mövcud vəziyyətlə əlaqədar "xxxx" ASC X4 Ağsu xidmət sahəsinn əməkdaşları ona cərimə yazıb, akt tərtib ediblər, halbuki həmin nasazlıq əgər həqiqətən varsa onun iştirakı ilə araşdırılmadan ona qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən 216 manat məbləğində cərimə hesablanmış həmin məbləğin ödənilməsi ilə bağlı ona bildiriş göndərilmişdir. Bildirişdə həmin 313985 saylı akt əsasında cavabdeh 351,12 manat məbləğində cərimə hesablayaraq, həmin məbləğin ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün rədd edilməlidir. Belə ki "xxxx" ASC-nin X2 əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən İstifadə Qaydaları”na və “X1 Qaydaları”nın tələblərinə uyğun 25 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus evə quraşdırılmış hesablaşma elektrik sayğacını dəyişdirən zaman məlum olmuşdur ki, iddiaçı sayğacın ekranını deşərək sayğaca müdaxilə etmişdir. Baxış zamanı həmin sayğacın laboratoriya şəraitində yoxlanılması zərurəti yaranmışdır. Bu barədə iddiaçının iştirakı ilə 26 sentyabr 2023-cü il tarixli, 541738 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sayğacın zavod “A” möhürü yerində yoxdur, sayğac üst tərəfdən deşilib. (Yoxlamanın video çəklişi aparılmışdır). Bu isə “Elektrik enerjisindən İstifadə Qaydaları”-nin 8.17-ci, həmçinin “X1 Qaydaları”nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. İddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamışdır. Əslində iş materillarından görünür ki, iddiaçının evinin elektrik sayğacında olan qüsurdan məlumatlı olmuş, lakin aidiyyatı üzrə məlumat verməmişdir. Bu bir daha onun qeyri səmimi olduğunu göstərir. Göstərilənlərə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, R 313985 nömrəli aktdan görünür ki, İddiaçı məxsus olan fərdi yaşayış evi üçün quraşdırılmış elektirk sayğacına “Elektik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq baxış keçirilərkən abonentin sayğacın ekranının deşərək sayğaca müdaxilə etdiyi aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ümumi olaraq sayğacquraşdırıcı üzrə texnik olaraq X3 işləyir. Ümumi kəndlərdə köhnə tipli sayğacların yeni müasir elektron smart kart tipli sayğaclarla əvəz olunması işləri aparır. Bu işləri mütamadi olaraq edir. Ağsu rayonunun Gəgəli kəndində həmin işləri icra edən zaman 20-30 sayğac dəyişmiş və həmin sayğacları da protokollaşdırb, protokolları ilə bir yerdə laboratoriyaya göndərmişdir. O, sayğacları təhvil verən zaman sayğaclara baxış keçirib ona demişlər ki, bu sayğacda qüsur var. Sayğacı dəyişdirən zaman bu qüsuru niyə görməmisən. O demişdir ki, sayğaclar tozlu olur, neçə ilin sayğacı olduğuna görə gərək onları bir-bir silib baxasan ona da vaxt yoxdur. Həmin vaxt sayğacda qüsur çıxsaydı, akt tərtib edilərək idarəyə təqdim edilməlidir. Sayğac dəyişdirilən zaman sayğacda qüsur görməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən, cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən, yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Belə olan halda o, sayğacın çıxış nöqtələrinə birləşdirilmiş naqillərin və sayğacın texniki vəziyyətinə görə məsuliyyət daşıya bilməz. Qaydaların 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R 313985 saylı aktda qüsurlara yol verilmiş, faktı təsdiq edən akt yazılarkən bitərəf olan hal şahidlərinin və abonentin iştirakı təmin edilməmişdir. Bundan əlavə, məhkəmə iclasında dindirilmiş şahidin izahatından görünür ki, elektrik sayğacında qüsur sayğac dəyişdirilən zaman deyil, labaratoriyaya göndərildikdən sonra müəyyən edilmişdir. Sayğac dəyişdirilən zaman ümumiyyətlə sayğacda hər hansı qüsurun olubolmamasına diqqət edilməmişdir. Məhkəmə qeyd edir ki, abonentə cərimə borcu həmin akta əsasən yazıldığından borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R 313985 saylı akt əsasında iddiaçıya hesablanmış 351,12 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri cavabdeh "xxxx" ASC-yə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, R 313985 saylı akt əsasında İddiaçı hesablanmış 351,12 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri cavabdeh "xxxx" ASC-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-288/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-288/2024
13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver