Məhkəmə qərarları › İş №2(016)-298/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-298/2023

01.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-298/2023 01.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X6, Cavabdeh X10 iştirakları ilə, İddiaçı X6 cavabdeh X13 qarşı «mirasın qəbul edilməsi faktınının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1961-ci ildə anadan olmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, baldızı mərhum X11 28 aprel 2014-cü il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, 6.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. O da həmin vaxtı ona zamin durmuşdur və onunla "xxxx" ASC arasında 28 aprel 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Sonradan X2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün "xxxx" ASC tərəfindən kredit borcunun tutulmasına dair məhkəmədə iddia qaldırılmış və Ağsu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(016)-798/2021 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, ödəniş gününə olan məzənnə ilə cəmi 5.679,12 ABŞ dolları məbləğində kredit borcunun X4 və ondan müştərək qaydada alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən həmin qətnamə 06 sentyabr 2021-ci il tarixdə icraya yönəldilmişdir. X2 03 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon icra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədilə onun əmək haqqına tutma yönəldilmişdir. Əvvəlcə əmək haqqının 50%-i, 2022-ci ilin iyul ayından isə əmək haqqının 30%-i borcun ödənilməsinə yönəldilir. Cavabdeh X15 X2nın vərəsəsi kimi qəbul edilməlidir. Belə ki, X3 Sara Məhəmməd qızının oğlu olmaqla, Sara Muradovadan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Buna sübut olaraq iddia ərizəsinə 24 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığı əlavə edilmişdir. 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verimiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən X8 verilməli olan 2.100,13 manat məbləğində son haqq-hesab cavabdeh X10 adına köçürülmüşdür. Həmçinin İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonları üzrə təhsil şöbələrinin nəzərdə tutulmuş təhsil xərcləri 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən həyata keçirilir. Ödəniş tapşırığından belə nəticəyə gəlmək olur ki, X11 vəfat etdikdən sonra onun əmlakı olan pul vəsaiti oğlu X15 tərəfindən qəbul edilmişdir. Cavabdeh X10 anasından miras qalmış əmlakı faktiki qəbul etməsini müəyyən etdikdən sonra dəfələrlə onunla görüşərək borcun ödənilməsində iştirak etməsini tələb etmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hal-hazırda da onun əmək haqqından pul tutularaq banka ödənilir. Cavabdehin bu hərəkətlərindən belə nəticəyə gəlmişdir ki, onun nə əmək haqqından tutulmuş pulu, nə də bundan sonra tutulacaq vəsaiti ödəmək fikri yoxdur və cavabdehin bu hərəkətləri nəticəsində o, pis vəziyyətdə qalacaq. Halbuki, cavabdeh hazırda rəsmi olaraq işləyir və kifayət qədər də qazancı da var. Onun isə ailə vəziyyəti ağırdır, bir neçə banka kredit öhdəlikləri var, yeganə qazanc gətirəni özüdür və aldığı əmək haqqı öz ehtiyaclarına güclə çatır. Hər ay əmək haqqından tutulma aparılması isə maddi vəziyyətini daha da çətinləşdirir. X1 miras qalmış əmlakın cavabdeh X15 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi gələcəkdə onun kredit borcuna ödədiyi vəsaiti cavabdehdən tələb etmək üçün hüquqi nəticə yaratmış olur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, vərəsəliyi qəbul etməmişdir. Bakıda kirayədə yaşayır. Kredit müqaviləsinin üstündən 9 il keçmişdir, anası sağ olarkən iddiaçı heç bir iddia qaldırmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan "xxxx" ASC ilə X11 arasında bağlanmış 45003246 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X8 36 ay müddətinə, illik 26 % faiz drəcəsi ilə, 6.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X12 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, X12 zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan AZ-İİ 335991 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-798/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər X11 və X9 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə ilə 5.031,61 (beş min otuz bir dollar altmış bir sent) ABŞ Dolları əsas borc, 642,51 (altı yüz qırx iki dollar əlli bir sent) ABŞ Dolları faiz borcu və 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 5.679,12 (beş min altı yüz yetmiş doqquz dollar on iki sent) ABŞ dolları məbləğində kredit borcu və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlər X11 və X5 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Ağsu Rayon Notariat Ofisinin 06 aprel 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X7 adına Ağsu Rayon Notariat Ofisində vərəsəlik işinin açılması aşkar edilməmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mirasa hər hansı hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin mirasa dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia əsassızdır və rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı X6 cavabdeh X13 qarşı «mirasın qəbul edilməsi faktınının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar