Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-306/2024 02.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 172,80 manat məbləğində olan cərimənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birgə yuxarıda göstərilən ünvanda yaşayır. Hamı kimi qaz istehlakçısıdır və sayğacı da hamıda olduğu kimi küçədə hasarın çölündə quraşdırılmışdır. Kənddə sayğacların normal işləməsinə, qaz itkisinə və s. hallara nəzarətçi vardır ki, bu da onunla heç bir qohumluq əlaqəsi olmayan qonşu kənddə yaşayan X1r. Onun telefon nömrəsi ***-***-**-**-dir. O, hər ayda ən azı bir dəfə gəlib sayğaclara baxış keçirib gedir. Ondan indiyə kimi hər hansı narazılıq, xəbərdarlıq almamışdır. Əvvəlki sayğacı kartla işləyirdi. Kart vasitəsi ilə sayğaca yüklənən pulun miqdar həcmində qaz istifadə olunub qurtardıqda qaz verilməsi avtomatik olaraq dayandırılırdı. 2021-ci ilin axırı, ya da 2022-ci ilin əvvəli idi. Qaz sayğacının kartına yüklədiyi pulu kart vasitəsilə sayğaca yükləmək istəyəndə sayğaca pul keçməmişdir. Odur ki, dərhal Qaz istismarı üzrə “104” qaynar xəttə bu haqda zəng edib məlumat vermişdir. Oradan gəlib sayğacı dəyişdirərkən yeni sayğac üçün ona 180 manat pul ödətdirmişlər. Əvvəlki sayğacı dəyişdirilib götürülərkən onun plombunda, qapağında və ya digər hər hansı hissələrində qüsurun olması haqqında heç nə deməmişlər. Olmuş olsaydı akt yazıb ona da imza etdirərdilər. Bundan təxminən 1 il sonra, yəni xx.xx.2023-cü ildə nəzarətçi onlara gəlib 172,80 manat qaz itkisinə görə cərimə yazıldığını deyib sənədlərə ad və soyadının qarşısında imza etdirib surətlərini ona vermiş və izah etmişdir ki, narazılığı olan təqdirdə məhkəməyə müraciət etsin. Alıb sənədlərlə tanış olduqda görmüşdür ki, ARDNŞnın Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli MSK 29/1210-00467-1 saylı Aktda göstərilmişdir ki, istifadəsində olmuş G-4 markalı sayğacın ektron yaddaş proqramı nasazdır, sayğac TEST rejimindədir və və təbii qaz itkisi yaranmışdır. Həmin Akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə dəymiş ziyan hər gündə 12 saat iş reşimində 30 gün ərzində qaz itkisi ziyanı hesab edilərək 1440 m3 qaz itkisinə görə 172.80 manat cərimə kimi ödəniş hesablanmışdır. Bu sənədlər əsasında barəsində tərtib edilmiş Qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Aktda isə konkret olaraq qaydaların hansı bəndini pozmağı göstərilməmişdir. Əməlinə Qazdan istifadə qaydalarının hər hansı tələblərinin pozulması şamil edilə bilməz, onun heç bir təqsiri yoxdur. Odur ki, barəsində hesablanmış bu qədər qaz itkisi tam qanunsuz və əsassızdır, odur ki, ləğv edilməlidir. Bundan əlavə aldığı dəqiq məlumatlara görə Ağsu rayon və şəhər sakinlərinə yüzlərlə vətəndaşlara oxşar analoji yazılmış aktlar üzrə sayğaclar dəyişdirilərkən hələ heç kimə 180 manat təzə sayğac üçün pul ödətdirilməmişdir ki, ona ödətmişlər, əks təqdirdə qaz verilməsinin dayandırılacağını bildirdiklərindən soyuq hava şəraitinə görə məcbur olub buna ödəmə etməli olmuşdur. Axı əvvəlki sayğacda yaranmış nasazlıq onun təqsiri üzündən olmamış və olası da mümkün deyildir. Odur ki, yeni sayğaca görə etdiyi 180 manat pulun da ona qaytarılıb ödənilməsini tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus G4 markalı, 1802AZ**********45 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın elektron yaddaş proqramı nasazdır, sayğac TEST rejimindədir və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonent sayğacın elektron yaddaş proqramı nasazdır, sayğac TEST rejimindədir və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1440 metr3 sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Növcü kəndində İddiaçının mənzilinə xx.xx.2021-ci il tarixdə Zenner G4T mexaniki markalı, **********0 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********02270-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın elektron yaddaş proqramının nasaz olması, sayğacın TEST rejimində olması və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 172,80 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 172,80 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 172,80 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-306/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-306/2024
02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver